Məhkəmə qərarları › İş №2(059)-623/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-623/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-623/2021 20.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə “Hoffmann” markalı LED televizora və paltaryuyana görə 432 manat ödənilməmiş hissə, 43 manat cərimə, İMEİ kodu **********94634 olan Xiaomi Redmi 7 markalı telefona, X3-Ear Headphones qulaqlığa və X2 qoruyucu örtüyə görə isə 429 manat ödənilməmiş hissə, 43 manat cərimə olmaqla, ümumilikdə 947 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 aprel və 29 may 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdeh müvafiq olaraq, Hoffmann markalı LED TV, paltaryuyan, İMEİ kodu **********94634 olan Xiaomi Redmi 7 markalı telefon, X3-Ear Headphones qulaqlıq və X2 qoruyucu örtük satın almışdır. Cavabdehin 19 aprel 2019-cu il tarixli müqaviləyə əsasən ödədiyi məbləğ 54 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 810 manat, ümumilikdə 864 manat, 29 may 2019-cu il tarixli müqaviləyə əsasən ödədiyi məbləğ isə 40 manat təşkil edir. Beləliklə, cavabdeh müqavilələrin şərtlərini pozaraq, qalan borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu müqavilələrə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq penya ödəyir. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun iddiaçı MMC-yə ümumilikdə 947 manat məbləğində borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" MMC ilə 19 aprel və 29 may 2019-cu il tarixli müqavilələrə əsasən Hoffmann markalı LED TV-ni, paltaryuyanı, İMEİ kodu **********94634 olan Xiaomi Redmi 7 markalı telefonu, X3-Ear Headphones qulaqlığı və X2 qoruyucu örtüyü “Qızıl Zəmanət” talonu ilə satın almışdır. Maddi imkanının çətin olması, eləcə də, “Hoffman” markalı paltaryuyan maşının detallarının çətin tapılması barədə məlumatlandığı üçün həmin maşını müqavilənin bağlanmasından 2-3 gün sonra iddiaçı MMC-yə qaytarmış, “Hoffman” markalı LED TV-ni isə ekranında yaranmış qüsurla əlaqədar 03 sentyabr 2019-cu il tarixdə zəmanət talonu ilə birlikdə "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Link servis”də Aygül Əliyeva adlı işçiyə təhvil verərək, təmir və ya yenisi ilə əvəz olunmasını xahiş etmişdir. Dəfələrlə telefon vasitəsilə əlaqə saxlayıb, məhsulu tələb etməsinə baxmayaraq, iddiaçı tərəf müxtəlif bəhanələrlə bundan yayınmışdır. Məhz bu səbəbdə artıq uzun müddət keçdiyinə və yeni televizor aldığına görə “Hoffman” markalı LED TV-ni qarşı tərəfdən tələb etmir. Hazırda təkcə Xiaomi Redmi 7 markalı telefona, X3-Ear Headphones qulaqlığa və X2 qoruyucu örtüyə görə yaranmış 429 manat borcu qəbul etsə də, maddi vəziyyətinin nəzərə alınaraq, cərimə məbləğinin silinməsini istəyir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 19 aprel 2019-cu il tarixli, 00621525 nömrəli və 29 may 2019-cu il tarixli, 00689738 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, müvafiq olaraq, ümumilikdə alqı-satqı qiyməti 1296 manat olan Hoffmann markalı LED TV-ni, paltaryuyanı 18 ay müddətinə, ayda 72 manat, ümumilikdə alqı-satqı qiyməti 469 manat olan “Xiaomi Redmi 7 markalı telefonu, X3-Ear Headphones qulaqlığı və X2 qoruyucu örtüyü isə 12 ay müddətinə, ayda 39 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan 03 sentyabr 2019-cu il tarixli, 195603 nömrəli talonun surətindən görünür ki, Əzimova X1 markalı LED TV-ni əşyada yaranmış qüsura görə 03 sentyabr 2019-cu il tarixdə təmir üçün “Link servis”ə (Aygül Aliyevaya) təhvil vermişdir. İşdə olan 30 sentyabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Eyni zamanda, bu xəbərdarlıqda Hoffmann markalı paltaryuyanın və "xxxx" yeni qızıl zəmanətin MMC-yə qaytarıldığı əmlakın dəyərinin 810 manat həcmində qiymətləndirildiyi, bunun ümumi borcdan silindiyi göstərilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 16 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı MMC-yə “Hoffmann” markalı LED televizora və paltaryuyana görə görə 432 manat ödənilməmiş hissə, 43 manat cərimə, İMEİ kodu **********94634 olan Xiaomi Redmi 7 markalı telefona, X3-Ear Headphones qulaqlığa və X2 qoruyucu örtüyə görə isə 429 manat ödənilməmiş hissə, 43 manat cərimə olmaqla, ümumilikdə 947 manat borcu vardır. İşdə olan 03 sentyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, alınmış əşyalara münasibətdə mövcud borcların ayrıayrılıqda araşdırılıb, qiymətləndirilməsi məqsədəmüvafiqdir. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, Hoffmann markalı LED televizora və paltaryuyana münasibətdə tədqiq olunmuş mötəbər sübutlara və sənədlərə əsasən məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ümumilikdə alqı-satqı qiyməti 1296 manat olan Hoffmann markalı LED TV-ni, paltaryuyanı 18 ay müddətinə, ayda 72 manat şərti ilə 19 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-dən əldə etsə də, bu əşyalara görə qismən ödəniş etdikdən sonra başqa ödənişlər etməməsi və nəticədə 432 manat əsas borcunun yaranması, edilən xəbərdarlıqlara rəğmən cavabdehin bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozması, MMC-nin əşyalarından qanunsuz istifadə etməklə onlara maddi ziyan vurması, müqavilənin, eləcə də mülki qanunvericiliyin tələblərini pozması ilə əsaslandırsa da, iş materiallarından, eləcə də məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlardan da göründüyü kimi, Hoffmann markalı LED televizorda müəyyən edilmiş zəmanət müddəti ərzində istehlak olunarkən qüsurlar olduğu aşkar edilmiş, habelə 03 sentyabr 2019-cu il tarixdə təmir üçün servisə təhvil verilmiş, lakin, bu əşyanın sonradan cavabdehə təhvil verilməsi, o cümlədən hazırda onun istifadəsində olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut və ya sənəd təqdim edilməmişdir. Həmçinin, cavabdeh hazırda “Hoffman” markalı LED TV-ni qarşı tərəfdən tələb etmir. Bundan əlavə, Hoffmann markalı paltaryuyan MMC-yə qaytarılmış, habelə əmlakın dəyəri olan 810 manat cavabdehin ümumi borcundan silinmişdir. Lakin, bundan sonra, sözügedən halları nəzərə almayan iddiaçı MMC cavabdehin faktiki istifadəsində olmayan əşyalara görə ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, məhkəmə hesab edir ki, məhz iddiaçı MMC üzərinə düşdüyü öhdəliyi lazımınca icra etməmiş, əksinə 19 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, o cümlədən malının birinin qaytarılmasına, digərində isə qüsur olmasına baxmayaraq, yaranmış mübahisəli halın cavabdehin xeyrinə həll edilməsi mümkünlüyünə lazımi diqqət yetirməyərək, məhkəməyə müraciət etməklə, sonuncunun üzərində hüquqi üstünlük qazanmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Bununla belə, məhkəmə iclasında Xiaomi Redmi 7 markalı telefona, X3-Ear Headphones qulaqlığa və X2 qoruyucu örtüyə münasibətdə müəyyən edildi ki, Cavabdeh 29 may 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 29 may 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Məhkəmə, iddiaçının "29 may 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcun ödənilməsi" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının cəmi 429 manat olan əsas borcu üzrə 43 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 43 manat məbləğində hesablanmış cərimə məbləğinin 4,30 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh yalnız 29 may 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış bu müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə 29 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 429 manat ödənilməmiş hissə, 4,30 manat cərimə olmaqla, ümumilikdə 433,30 (dörd yüz otuz üç manat 30 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 46 %-i, yəni 13,80 (on üç manat 80 qəpik) manatıtutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 29 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 429 manat ödənilməmiş hissə, 4,30 manat cərimə olmaqla, ümumilikdə 433,30 (dörd yüz otuz üç manat 30 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 46 %-i, yəni 13,80 (on üç manat 80 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar