Məhkəmə qərarları › İş №2(059)-625/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-625/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-625/2022 28.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyul 2008-ci il təvəllüdlü X4 və 20 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(059)-195/2019 saylı qətnaməsi ilə tutulan cəmi 320 manat aliment məbləğinin artırılaraq, cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulmaqla, ona ödənilməsi, həmçinin mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun da cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(059)-195/2019 saylı qətnaməsi ilə cavabdehdən 27 iyul 2008-ci il təvəllüdlü X4 və 20 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Siyəzən Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan cəmi 320 manat alimentin miqdarı hal-hazırda övladlarının maddi tələbatını ödəmir, övladları artıq böyüdüyünə görə bu məbləğ onların mütərəqqi təhsil almaları və layiqli həyat səviyyələrini təmin etmək üçün çox azdır. Hazırda ölkə üzrə 2022-ci il üçün yaşayış minimumu artmış, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Digər tərəfdən uşaqlar böyüdüklərinə görə onların maddi ehtiyacları və saxlanması xərcləri artmışdır ki, onun da artıq müəyyən olunmuş alimentlə uşaqları saxlamağa maddi imkanı çatmır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, uşaqlar böyüdükcə onların yemək, geyim, təhsil xərcləri gündən-günə artmaqdadır. Cavabdeh tərəfindən aylıq ödənilən cəmi 320 manat aliment isə "xxxx" ASC-dən fərdi yaşayış evi tikmək məqsədilə götürdüyü kreditin aylıq ödənişlərinin həyata keçirilməsinə sərf olunur. Özü Siyəzən rayon 1 nömrəli tam orta məktəbində tarix müəllimi işləməklə, tutulmalardan sonra aldığı 590 manat əmək haqqı ilə tək qadın olaraq, həm özünün, həm də iki övladının geyim, qidalanma və təhsillə bağlı xərclərini qarşılamaqda çox çətinlik çəkir. Cavabdeh isə bir müddət işləməməsi səbəbindən aliment ödəmələrini vaxtında həyata keçirə bilməsə də, hazırkı dövrə alimenti vaxtında ödəyir və aliment borcu yoxdur. Bununla belə, Cavabdeh uşaqların saxlanması üçün aylıq alimenti ödəməkdən əlavə, övladlarına başqa heç bir köməklik göstərmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazında göstərmişdir ki, iddia ərizəsi Siyəzən Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(059)-195/2019 saylı qətnaməsi ilə birgə nikahdan olan iki uşaqlarının saxlanılması üçün hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat alimentin tutulmasının qət olunması, hazırda isə, yəni 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumunun artaraq 193 manat olduğu üçün aliment məbləğinin də bu məbləğə uyğun artırılmalı və iki uşağa görə 386 manat məbləğində alimentin tutulmalı olması ilə əsaslandırılmışdır. Hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. İlk öncə qeyd edilməlidir ki, İddiaçı ilə nikahları pozulduqdan sonra o, yeni ailə həyatı qurmaqla, yenidən nikaha daxil olmuş, bu nikahdan isə 07 iyul 2018-ci il təvəllüdlü X7 adlı bir övladı doğulmuşdur. Eyni zamanda, yeni ailəsi ilə yanaşı onunla birgə yaşlı və səhhəti ilə əlaqədar baxıma və qayğıya ehtiyacı olan valideyni, anası onunla birgə yaşayır. Aylıq gəliri ilə əlaqədar qeyd edilməlidir ki, hal-hazırda işlədiyi müəssisədən bir müddət əvvəl ixtisar edilmiş və pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar müvafiq orqanlara şikayət etdikdən sonra işə bərpa edilmişdir. Lakin, əmək haqqı əvvəlki məbləğdən az olmaqla, 800 manat civarındadır. İddiaçı 2022-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna istinad etsə də, həmin yaşayış minimumlarının onun azyaşlı uşağına da, aid olmasını unutmuş, eyni zamanda, digər ailə üzvlərinin də yaşayış minimumunun artmasını nəzərə almamışdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinin tələbinə görə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilsə də, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat müəyyən edilmişdir. Himayəsində arvadı, azyaşlı uşağı, yaşlı anası olduğundan qeyd olunan qanunun normasına əsaslanaraq onun ailəsinin minimum yaşayışını təmin etmək üçün təxminən 809 manat gəliri olmalıdır. Onun hazırki gəliri də, məhz elə bu civarlardadır. Mövcud gəliri ailəsinin minimum yaşayışını çətinliklə təmin etməsinə baxmayaraq, əvvəlki nikahından olan övladları üçün 320 manat aliment ödəməyə davam edir. Ailə Məcəlləsi, Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə müəyyən edilmiş valideynlik borcunu layiqincə yerinə yetirir. Lakin, hazırki iddia ilə çıxış edən İddiaçı ona verilmiş hüquqlardan sui-istifadə edərək əsassız olaraq onun, ailəsinin, xüsusən də azyaşlı uşağının hüquqlarını pozmağa, məhdudlaşdırmağa çalışır. Bundan əlavə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqe olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Həmin Qərarda eyni zamanda, qeyd edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Eyni zamanda, Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfimdən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cii maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. ” Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu da, hüquqi mövqe olaraq qeyd etmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Hal-hazırda İddiaçı ilə yaşayan uşaqlarının təminatı üçün tərəfindən 320 manat aliment ödənilir və bu onların ehtiyaclarının çox hissəsini təmin edir. 320 manat alimentdən əlavə uşaqların əlavə digər ehtiyacları olduqda onun da ödənilməsinə köməklik göstərir. Lakin, hazırki iddia ilə aliment məbləğinin artması yeni nikahdan doğulmuş azyaşlı uşağının maddi təminatına mənfi təsir edəcəkdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarından belə başa düşülür ki, alimentin məbləğinin dəyişdirilməsi barədə tələbə baxarkən məhkəmələr alimentin miqdarını müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişiklərin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə uşağın təminat vəziyyətinə (yeni ailədən olan uşaq daxil olmaqla) və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Odur ki, məhkəmələr tərəfindən qəbul olunan qərarlarda bütün məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazında göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, iddiaçı ilə birgə nikah dövründə alınmış torpağın dəyərinin 1250 manatını hər ay hissə-hissə sonuncunun xeyrinə ödəməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin qüvvəsində saxladığı Siyəzən Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən iddiaçı birgə nikah dövründə inşa edilmiş 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət evə görə bir neçə aydan sonra 8500 manat pulu sonuncunun hesabına ödəyəcəyini, habelə himayəsindəki ikinci nikahdan olan dörd yaşlı övladının və xəstə anasının tələbatlarının nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, AZE seriyalı, 11173886 nömrəli və AZE seriyalı, 11173885 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X8 27 iyul 2008-ci ildə, X5 isə 20 mart 2010-cu ildə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(059)-195/2019 saylı qətnaməsinin surətindən görünür ki, qeyd olunan qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 27 iyul 2008-ci il təvəllüdlü X4 və 20 mart 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2014-cü il tarixli, 2(105)-843/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 18 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 199930 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 18 sentyabr 2017-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 112 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Həsənova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 24 iyul 2018-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 073637 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası X3 olan X7 07 iyul 2018-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində quyuların əsaslı təmiri üzrə qazmaçı işləməklə, aylıq 1111,60 manat əmək haqqı alır. İşdə olan 17 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 100 manat məbləğində mediasiya xərci çəkmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 27 iyul 2008-ci il təvəllüdlü X4 və 20 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Həmçinin, məhkəmə cavabdeh tərəfin alimentin artırılmasına etirazını maddi vəziyyəti, o cümlədən artımın olmaması, həmçinin himayəsində yaşlı anasının, eyni zamanda yenidən ailə qurmaqla, həmin nikahdan da övladının olmasının, iddiaçının xeyrinə birgə nikah dövründə alınmış torpağın dəyərindən hər ay hissə-hissə ödəniş etməsinin, eləcə də gələcəkdə birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə görə əlavə vəsait ödəyəcəyinin onun üçün böyük maddi məhrumiyyətlər yaratması ilə əlaqələndirməsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, göstərilən hallar onun haqlı olmasına dəlalət etmir. Çünki, cavabdehin maddi durumu ilə bağlı qeyd etdiyi hallar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Bundan əlavə, cavabdehin ikinci nikahından olan övladına qayğı göstərməsi onu digər övladlarına, yəni Araza və Aygünə münasibətdə valideynlik öhdəliklərini yerinə yetirməkdən azad etmir. Çünki, alimentin həcminin müəyyən edilməsi zamanı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatlarının səviyyəsi, habelə uşaqların maraqları nəzərə alınmalıdır. Bundan başqa, cavabdeh hazırda iddia tələbini qəbul etməsə də, sonuncu etirazında Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş cəmi 320 manat aliment məbləğini ödədiyini, hətta uşaqların ehtiyacları yarandığı təqdirdə, həmin məbləğdən əlavə köməklik də göstərdiyini etiraf etmişdir. Deməli, cavabdehin maddi vəziyyəti ilə bağlı etirazında istinad etdiyi dəlillər kifayət qədər əsasa malik olmamaqla, onun özünün valideyn məsuliyyətindən yayınması üçün irəli sürdüyü arqumentlərdən ibarətdir. Beləliklə, Cavabdeh bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün İddiaçı maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, cavabdehin başqa bir qadınla yenidən evlənməklə, hazırda həmin qadından daha bir uşağının olması, habelə bu uşağın da saxlanması üçün vəsaitin sərf edilməsi, bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin vaxtlı-vaxtında icra edilməsi, bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğini qeyd-şərtsiz icra etməsi, eyni zamanda iddiaçının özünün də işləməklə, aylıq qazanca malik olması nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Yəni, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda alimentin tutulması və cavabdehin də aylıq qazancının 1111,60 manat olması və bu məbləğin yarısının cavabdehin üç uşağı arasında bərabər şəkildə bölünməsi nəzərə alınsa, bu zaman iddiaçının himayəsində olan iki uşağın hər biri üçün saxlanma xərci 185 manat məbləğində müəyyən edilir ki, sözügedən məbləğ alimentin miqdarının dəyişdirilməsi zamanı məqsədəmüvafiq hesab edilməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 27 iyul 2008-ci il təvəllüdlü X4 və 20 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(059)-195/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 185 manat olmaqla, cəmi 370 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 66,32 manat dövlət rüsumunun 96%-i, yəni 63,67 (altmış üç manat 67 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 (bir yüz) manat xərcin 96%-i, yəni 96 (doxsan altı) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 27 iyul 2008-ci il təvəllüdlü X4 və 20 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(059)-195/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 185 manat olmaqla, cəmi 370 manat (üç yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 (bir yüz) manat xərcin 96%-i, yəni 96 (doxsan altı) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 66,32 manat dövlət rüsumunun 96%-i, yəni 63,67 (altmış üç manat 67 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar