Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-636/2022 12.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2008-ci il təvəllüdlü X2 və 04 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli, 2(059)-09/2016 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 13 avqust 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 54 manat, iki uşağa görə cəmi 108 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 25 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və bu nikahdan 01 avqust 2008-ci il tarixdə Nicat və 04 fevral 2012-ci il tarixdə isə Xədicə adlı övladları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə 15 fevral 2016-cı il tarixdə nikahları məhkəmə qaydasında pozulmuş, həmçinin qətnamə ilə cavabdehdən onun xeyrinə 13 avqust 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 54 manat, cəmi 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə aliment təyin olunan zamandan bu günə kimi cavabdeh müəyyən olunmuş aliment ödəməsini yubadır, hər dəfə icra məmurunun işə müdaxilə etməsindən sonra ödənişləri edir, onun tərəfindən ödəmənin gecikdirilməsi ucbatından o, artıq 10 və 14 yaşı olmuş uşaqlarının maddi təminatında çox böyük çətinlik çəkir. Bu səbəbdən hesab edir ki, cavabdeh qəsdən öz uşaqları üçün ona normal məbləğdə aliment ödəməkdən yayınır. Ölkə üzrə minimum əmək haqqı məbləğini nəzərə alsaq, cavabdehin aliment öhdəliyinin icrasına münasibəti dərhal aydın olacaqdır. Bu günə qədər cavabdeh hər dəfə aylıq qazancının (gəlirinin) az olmasına istinad etməklə, demək olar ki, aliment ödənişindən boyun qaçırır. Cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində bu günə kimi övladlarının valideyni, yəni atası tərəfindən saxlanılmaq hüququ pozulmuşdur. Cavabdehin daimi iş yeri yoxdur, tez-tez iş yerini dəyişdirir, aylıq qazancı qeyri-müntəzəm, dəyişkəndir, ona görə də, cavabdehdən tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını rica etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, Zarat kəndində yerləşən kafedə xadimə işləyərək, aylıq 210-220 manat qazanc əldə edir. Bundan əlavə, cavabdeh 16 noyabr 2022-ci il tarixdə 150 manat aliment ödəsə də, hazırkı vaxta 3000 manatadək aliment borcu da vardır. Eyni zamanda, cavabdehin aylıq gəliri və qazancı barədə hər hansı bir formada sübuta malik olmasa da, sonuncunun fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, ayda təxminən 400-500 manat gəlir əldə etdiyini təxmin edir. Bununla belə, o, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay heç olmasa hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, o cümlədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən RİHB-nin Zarat İƏV üzrə nümayəndəliyi tərəfindən 06 fevral 2009-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı, 134076 nömrəli və 06 aprel 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 815966 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İmanquliyeva (Tağıyeva) Aygün Əliyevna olan X4 01 avqust 2008-ci il tarixdə, X3 isə 04 fevral 2012-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli, 2(059)-09/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə, tərəflər arasında Siyəzən rayonunun Zarat İƏV üzrə nümayəndəliyində bağlanılmış 25 aprel 2008-ci il tarixli nikah pozulmuş, həmçinin 01 avqust 2008-ci il təvəllüdlü X2 və 04 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 13 avqust 2015-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 54 manat, cəmi 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 50 manat vəsait də sərf etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 01 avqust 2008-ci il təvəllüdlü X2 və 04 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq gəliri, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin icra edilməsi vəziyyəti (vaxtlı-vaxtında icra edilməməsi və cavabdehin aliment borcunun mövcudluğu), eyni zamanda iddiaçının özünün də işləməklə, aylıq gəlirə malik olması nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onun valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosialədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 01 avqust 2008-ci il təvəllüdlü X2 və 04 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli, 2(059)-09/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, alimentin “qalıq məbləğə” dair hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfindən tam müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat məhkəmə xərcinin 62%-i, yəni 62 (altmış iki) manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 01 avqust 2008-ci il təvəllüdlü X2 və 04 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli, 2(059)- 09/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat məhkəmə xərcinin 62%-i, yəni 62 (altmış iki) manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-636/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-636/2022
12.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver