Məhkəmə qərarları › İş №2(059)-64/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-64/2025

10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-64/2025 10.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-ənənəvi, habelə yanlış müayinə və müalicə nəticəsində şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-ənənəvi, habelə yanlış müayinə və müalicə nəticəsində şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə birgə qaydada qeyri-ənənəvi, habelə yanlış müayinə və müalicə nəticəsində vurulmuş 535 manat maddi, 2000 manat mənəvi zərərin, eləcə də, iddia tələbi üzrə ödənilmiş 46 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçı iddiadan imtina etməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilmənin əsaslarının və hüquqi nəticələrinin ona aydın olduğunu qeyd edib, cavabdehlər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyinə görə mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçıya, cavabdehlərə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, sonuncular gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməsələr də, iddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iclasın tərəflərin, eləcə də, üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Sözügedən Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı iddiadan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən iddia ərizəsi üzrə İddiaçı tərəfindən ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu sonuncuya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-ənənəvi, habelə yanlış müayinə və müalicə nəticəsində şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfin iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin və İddiaçı tərəfindən ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar