Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-642/2024 09.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq, 09 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(059)-351/2018 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. X7 bu il birinci sinifdə oxuyacağı üçün 154 manat aliment onun tələblərini qarşılamır. Bundan başqa, qızı Qəmər yüksək allergiya xəstəsi olmaqla yanaşı, 28 iyun 2024-cü il tarixdə Sumqayıt şəhər uşaq xəstəxanasında qarın boşluğundan əməliyyat olunmuşdur. Həmçinin qızı Qəmərin bütün qayğısını, ehtiyaclarını və sağlamlıq xərclərini özü qarşılamaqdadır. Buna görə də, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, o, vəsait sərf edərək, mediasiya prosesində iştirak etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o özü Siyəzən şəhər 6 saylı tam orta məktəbində rəsm müəlliməsi işləyərək, vergi tutulmalarından sonra 325 manat əmək haqqı alır. Aylıq qazancı ilə uşağın artan tələbatlarını ödəyə bilmir. Belə ki, övladının geyiminə, ərzağına görə ödənilən vəsaitin məbləği gündən-günə artmaqdadır. Bundan başqa, övladı Qəmər yırtıq əməliyyatı keçirmişdir. Cavabdeh isə alimenti hər ay vaxtında ödəmir, habelə sonuncunun hazırkı vaxta 924 manat aliment borcu vardır. Bu vaxtadək maddi köməyə ehtiyacı olmadığı üçün alimentin artırılmasını tələb etməsə də, övladının bu il məktəbin birinci sinfinə getməsi, habelə sonuncunun xəstəliyi ilə əlaqədar alimentin məbləğinin artırılmasına zərurət yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, o, alimenti ödənişlərini həyata keçirsə də, bir müddət işdən çıxdığına görə geçikmələr yaranmışdır. 13 mart 2024-cü il tarixdən "xxxx" MMC-də mühafizəçi işləyir. İddia tələbi ilə, habelə iddiaçının dedikləri ilə razı deyildir. Belə ki, ikinci dəfə evlənmiş və bu nikahdan da Rəsmiyyə adlı bir qızı olmuşdur. Hazırda həftəlik iş rejimi 1 gün işdə, 2 gün evdə olmaqla keçir, habelə iki gün evdə olarkən toylarda ofisiant işləməklə gündəlik 7- 15 manat qazanc əldə edir. Aylıq rəsmi qazancı 320 manat olmaqla, əlavə gəlirləri 150- 200 manat təşkil edir. Özü təsərrüfatla məşğul olmur, valideynləri hərdən ona maddi köməklik edir. Adına hər hansı daşınar və daşınmaz əmlak olmamaqla yanaşı, atasına məxsus “Mersedes” markalı avtomobili idarə edərkən, avtomobilin yanacağı atası tərəfindən alınır. Həmçinin, Qarabağ müharibəsinin iştirakçısı olsa da, buna görə veteran pulu almır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 23 iyul 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 073627 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X7 09 iyul 2018-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 oktyabr 2018-ci il tarixli, 2(059)-351/2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında nikahın pozulması və 09 iyul 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 28 iyul 2018-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 25 dekabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 297253 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı 25 dekabr 2018-ci il tarixdə ləğv edilmiş, bu barədə akt qeydlər kitabına 46 nömrəli qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsinin ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, 09 iyul 2018-ci il təvəllüdlü X4 “sağ tərəfli qasıq yırtığı” diaqnozu qoyulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 11 aprel 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 470126 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 həmin tarixdə, 19 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Hüseynova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 13 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 794327 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası X6 olan X3 04 dekabr 2022-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində müəllim işləməklə, aylıq 504 manat əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan və "xxxx" MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi işləməklə, aylıq 350 manat əmək haqqı alır. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 05 sentyabr 2017-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 09 iyul 2018-ci il tarixdə Qəmər adlı övladları doğulmuşdur. Bundan sonra, onların nikahı 25 oktyabr 2018-ci il tarixdə pozulmuş və 09 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 09 iyul 2018-ci il təvəllüdlü Qəmərin artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 09 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin növbəli iş rejimi ilə işləməsinin ona əlavə işlərdə işləmək imkanı yaratması, eyni zamanda sonuncunun aylıq aldığı 320 manat əmək haqqı məbləği və əlavə qazancı ilə onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması zərurəti, eləcə də tərəflərin diqqətəlayiq maraqları, eyni zamanda iddiaçının özünün də işləməklə, aylıq qazanca malik olması nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 09 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(059)-351/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmçinin, məhkəmə iddia tələbinin "alimentin məbləğinin iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən başlayaraq artırılması” hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, sözügedən Plenum qərarı alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) miqdarı dəyişdirilmiş alimentin tutulmasını bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması ilə məhdudlaşdırmışdır. Belə olan halda, miqdarı dəyişdirilmiş aliment ərizə ilə məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 48,20 manat dövlət rüsumunun 85%-i, yəni 40,97 (qırx manat 97 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altmış) manat xərcin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 09 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(059)-351/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 48,20 manat dövlət rüsumunun 85%-i, yəni 40,97 (qırx manat 97 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-642/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-642/2024
09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver