Məhkəmə qərarları › İş №2(059)-643/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-643/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-643/2021 13.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı MMC-nin xeyrinə “Huawei Y5 Lite” markalı, “**********43511, **********43511” İMEİ kodlu mobil telefona görə 187,50 manat ödənilməmiş hissə, 18 manat cərimə, “Samsung Galaxy A10 (SM-A105)” markalı, “**********74893 **********74891” İMEİ kodlu mobil telefona görə 390,50 manat ödənilməmiş hissə, 39 manat cərimə, “Samsung” markalı televizora görə isə 940,80 manat ödənilməmiş hissə, 94,20 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 1670 manat borcun və 36,70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 05 iyul 2020-ci il tarixli, 21006281 saylı, 26 sentyabr 2020-ci il tarixli, 21208065 saylı və 28 may 2020-ci il tarixli, 20314150 saylı nisyə alqısatqı müqavilələrinə əsasən müvafiq olaraq cavabdeh ümumi qiyməti 282 manat dəyərində olan “Huawei Y5 Lite”, ümumi qiyməti 426 manat dəyərində olan “Samsung Galaxy A10 (SM-A105)” markalı mobil telefonlar və ümumi qiyməti 1209,60 manat dəyərində olan “Samsung” markalı televizor satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, əsas borcundan bu günədək cəmi 398,80 manat ödəniş etmiş, bununla da nisyə alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilələr üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun sözügedən müqavilələrə görə ümumilikdə 1670 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin və bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildirişin onun qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq, cavabdehə bildiriş vərəqəsini təqdim etmək mümkün olmamış və bildiriş vərəqəsi aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən 02 dekabr 2021-ci il tarixdə təsdiq edilməklə geri qaytarılmışdır. Bununla belə, 13 dekabr 2021-ci il tarixdə Cavabdeh ilə sonuncunun istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxlanılmaqla, mülki işlə əlaqədar məlumat verilmiş, habelə o, iddia tələbinə etiraz etməməklə, yaranmış borcu qəbul edərək, qəsdən ödəmədiyini və qətnamə çıxarıldıqdan sonra da, həmin borcu ödəməyəcəyini bildirmişdir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 05 iyul 2020-ci il tarixli, 21006281 saylı, 26 sentyabr 2020-ci il tarixli, 21208065 saylı və 28 may 2020-ci il tarixli, 20314150 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən müvafiq olaraq cavabdeh ümumi qiyməti 282 manat dəyərində olan “Huawei Y5 Lite”, ümumi qiyməti 426 manat dəyərində olan “Samsung Galaxy A10 (SM-A105)” markalı mobil telefonlar və ümumi qiyməti 1209,60 manat dəyərində olan “Samsung” markalı televizor satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, əsas borcundan bu günədək cəmi 398,80 manat ödəniş etmiş, bununla da nisyə alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilələr üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun sözügedən müqavilələrə görə ümumilikdə 1670 manat borcu yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 36,70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 443-cü maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh kredit müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Nisyə alqı-satqı müqavilələrinə əlavə olunmuş ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə müştəri mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 05 iyul 2020-ci il tarixli nisyə alqısatqı müqaviləsinə görə 187,50 manat ödənilməmiş hissə, 18 manat cərimə, 26 sentyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə görə 390,50 manat ödənilməmiş hissə, 39 manat cərimə və 28 may 2020-ci il nisyə alqı-satqı müqaviləsinə görə isə 940,80 manat ödənilməmiş hissə, 94,20 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 1670 manat borc və ödənilmiş 36,70 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 05 iyul 2020-ci il tarixli, 21006281 saylı nisyə alqı-satqı müqaviləsi üzrə “Huawei Y5 Lite” markalı, “**********43511, **********43511” İMEİ kodlu mobil telefona görə 187,50 manat ödənilməmiş hissə, 18 manat cərimə, 26 sentyabr 2020-ci il tarixli, 21208065 saylı nisyə alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy A10 (SM-A105)” markalı, “**********74893 **********74891” İMEİ kodlu mobil telefona görə 390,50 manat ödənilməmiş hissə, 39 manat cərimə və 28 may 2020-ci il tarixli, 20314150 saylı nisyə alqı-satqı müqaviləsi üzrə isə “Samsung” markalı televizora görə isə 940,80 manat ödənilməmiş hissə, 94,20 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 1670 (bir min altı yüz yetmiş) manat borc və ödənilmiş 36,70 (otuz altı manat 70 qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar