Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-646/2025 16.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində etibarnamə əsasında idarə etdiyi avtomobilə zərər dəymiş, dəymiş zərər 1550 manat məbləğində müəyyən edilsə də, ona həmin zərərdən cəmi 468,28 manat ödəniş edilərək, qalan 1080 manat ödənilməmiş qalmışdır. Cavabdeh "xxxx" ASC məhkəməyə mülahizə ünvanlayaraq sığorta şirkəti tərəfindən qanunun tələblərinə əsasən 468,28 manat ödəniş edildiyini, əlavə ödəniş etmək öhdəliyinin olmadığını bildirmiş, digər Cavabdeh1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğunu qəbul edərək maddi imkanı olmadığı üçün zərəri ödəmək iqtidarında olmadığını bildirmişdir. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 aprel 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** CL *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 200 CDİ” markalı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın əvəzi olaraq 1080 manat məbləğində pulun, eləcə də, 31 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, X2 tərəfindən verilən etibarnamə əsasında **-CL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 200 CDİ” markalı avtomobili idarə edir. 24 aprel 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh "xxxx" ASC-də sığortalı olan **-UV-*** dövlət qeydiyyat nişanlı, “OPEL ZAFİRA” markalı avtomobil tərəfindən idarə etdiyi **-CL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 200 CDİ” markalı avtomobilə zərər dəymişdir. Qeyd edir ki, "xxxx" ASC tərəfindən hesablanmış 1550 manat məbləğində dəymiş ziyandan 468 manat 28 qəpik ona ödənilsə də, həmin məbləğlə razı deyildir. Belə ki, 27 aprel 2025-ci il tarixli, 391379 nömrəli nəqliyyat vasitəsinin baxış aktından da görünür ki, dəyən zərərin məbləği 1550 manat müəyyən edilmiş, lakin sığorta bu məbləği tam şəkildə ödəməmiş və digər cavabdeh də qalan məbləği yəni, 1080 manatı ödəməkdən boyun qaçırmışdır. Həmçinin, bir neçə dəfə Cavabdeh1 müraciət etsə də, nəticəsi olmamış, habelə sonuncu ona pulu sığortadan tələb etməsini, özünün heç bir ödəniş etməyəcəyini bildirmişdir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, məhkəmə araşdırması ilə onun etibarnamə ilə idarə etdiyi **-CL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 200 CDİ” markalı nəqliyyat vasitəsinə dəyən ziyan müəyyən edilməli və iş üzrə cavabdehlərdən müştərək qaydada 1080 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 29 avqust 2025-ci il tarixdə məhkəməyə mülahizə ünvanlayaraq göstərmişdir ki, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2025-ci il tarixində **-UV-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı, “Kia EV6” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Sumqayıt şəhər DYPŞ-nin təqdim etdiyi müvafiq arayışa əsasən **-UV-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomomobil təqsirli olan tərəf, **-BT-*** dövlət qeydiyyat nişanlı, “Kia EV6” markalı və **-CL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” markalı avtomobillərin isə zərərçəkən tərəf olması müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq hər bir zərərçəkənə dəymiş zərər qiymətləndirilmiş, ümumi məbləğ sığorta məbləğini (5000 AZN-i) aşdığına görə mütənasiblik (proporsionallıq) tətbiq olunmuş, hər bir zərərçəkənə həyata keçirilməli olan sığorta ödənişinin məbləği barədə detallı məlumat verilmişdir. Belə ki, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərinin həcmi 15000 manat, ümumi zərərdə payı isə 90.63% müəyyən edilmiş, 4531.72 manat sığorta ödənişi edilmişdir. **-CL-*** qeydiyyat nişanlı avtomobilin zərərinin həcmi isə 1550 manat, ümumi zərərdə payı isə 9.37% müəyyən edilmiş, 468.28 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi həyata keçirilir. Qeyd olunan hal ilə bağlı **-CL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ilə bağlı "xxxx" ASC ilə İddiaçı arasında razılıq əldə olunmuş, İddiaçı mütənasiblik (proporsionallıq) tətbiq olunduqdan sonra formalaşan sığorta ödənişinin onun şəxsi bank hesabına köçürülməsi ilə bağlı ərizə yazmış, İddiaçı təqdim etdiyi bank hesabına 468.28 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən ərizədə “Razılaşıram ki, sığortaçı sığorta ödənişini həyata keçirməklə sığorta hadisəsi üzrə bütün öhdəliklərini tam və əksiksiz şəkildə icra etmiş hesab olunur və cari sığorta hadisəsi üzrə gələcəkdə sığortaçıya qarşı hər hansı iddia və ya sığorta tələbi irəli sürməyəcəkdir” məzmununda müddəa mövcuddur və İddiaçı bu müddəa ilə tanış olmuş, razılığını öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi "xxxx" ASC qanunvericiliklə və müqavilə ilə öhdəliklərini düzgün və tam icra etmiş, İddiaçı qarşısında hər hansı öhdəliyi mövcud deyildir. Odur ki, İddiaçı bu iddiasının cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasını xahiş edilmişdir. Tərəflərin izahatları Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, eləcə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməsə də, digər cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 16 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəməyə təqdim etdikləri mülahizədə qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin cəmiyyətə münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin ("xxxx" ASC-nin nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh1, sonuncu tərəfindən ona 850 manat məbləğində pul ödəniləcəyi təqdirdə iddia tələbindən imtina edəcəyini bildirsə də, heç bir ödəniş olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul edərək, göstərmişdir ki, iddiaçıya vurmuş olduğu maddi ziyanı hazırda ödəmək iqtidarında olmasa da, sonuncuya avtomobilin boya və digər işlərdə kömək etməkdə hazırdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödəniºi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Qanun 58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarı:
1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.
2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallarını tərəflərin məhkəmə hazırlıq və baxış iclaslarında verdikləri izahatları və cavabdeh "xxxx" ASC-nin məhkəməyə ünvanladığı mülahizəsi ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 23 iyul 2012-ci il tarixdə verilmiş AB seriyalı, 712977 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E200 CDİ” minik markalı, **-CL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İşdə olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, X2 özünə məxsus “Mercedes Benz E200 CDİ” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2025-ci il tarixdən 01 il müddətinə İddiaçı etibarnamə (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək) vermişdir. İşdə olan BD seriyalı, 066446 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək “B1 B” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İşdə olan Sumqayıt şəhər DYPŞ-nin arayışından görünür ki, 24 aprel 2025-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyov-Koroğlu prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində **-UV-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomomobil təqsirli olan tərəf, **-BT-*** dövlət qeydiyyat nişanlı, “Kia EV6” markalı və **-CL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” markalı avtomobillərin isə zərərçəkən tərəf olması müəyyən edilmişdir. İşdə olan Sumqayıt DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından görünür ki, Cavabdeh1 İXM-nin 372.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 391380 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, “KİA EV6” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 15000 manat müəyyən edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 391379 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, “Mercedes Benz E200 CDİ” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 1550 manat müəyyən edilmişdir. İşdə olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” şəhadətnamənin surətindən görünür ki, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış və üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. İşdə olan dəymiş zərərə əsasən payların müəyyən edilməsinə dair "xxxx" ASC tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, “Kia EV6” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı və **-CL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” markalı avtomobillərə dəymiş zərər müvafiq olaraq 15000 və 1550 manat olmaqla, cəmi 16550 manat müəyyən edilmiş, həmçinin sığorta məbləğində paylar 90.63%, yəni 4531,72 manat və 9,37% yəni 468.28 manat hesablanmışdır. İşdə olan İddiaçı "xxxx" ASC-nin Sığorta İddiaları departamentinin rəhbərinə ünvaladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı “Mercedes Benz E200 CDİ” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 24.04.25-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən müəyyən edilmiş 1550 manat zərər məbləği ilə razı olduğunu bəyan etmiş, sığorta qanunvericiliyinin müddəlarına əsasən tutulmalar çıxıldıqdan sonra sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq hesablanmış sığorta ödənişinin şəxsi bank hesabı vasitəsi ilə həyata keçirilməsi üçün göstəriş verilməsini xahiş etmiş, həmçinin sığortaçı sığorta ödənişini həyata keçirməklə sığorta hadisəsi üzrə bütün öhdəliklərin tam və əskiksiz şəkildə icra etmiş hesab olunması və cari sığorta hadisəsi üzrə gələcəkdə sığortaçıya qarşı hər hansı bir iddia və ya sığorta tələbi irəli sürməcəyi ilə bağlı razılaşmışdır. İşdə olan **********6 nömrəli qəbzdən və **********1/********** saylı ödəniş tapşırığından görünür ki, 468,28 manat məbləğində pul 03 iyul 2025-ci il tarixdə sonu 9152 olan kart hesabına ödənilmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh1 idarə etdiyi “Opel Zafira” minik markalı, **-CL-*** dövlət nömrə nişanlı avtomobil 24 aprel 2025-ci il, saat 15:30-da Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “Kia EV6” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E200 CDİ” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillərə əmlak ziyanı dəymişdir. **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərinin həcmi 15000 manat, ümumi zərərdə payı isə 90.63% müəyyən edilmiş, ona 4531.72 manat sığorta ödənişi edilmişdir. **-CL-*** qeydiyyat nişanlı avtomobilin zərərinin həcmi isə 1550 manat, ümumi zərərdə payı isə 9.37% müəyyən edilmiş, 468.28 manat sığorta ödənişi edilmişdir. Həmçinin sığorta ödənişində pay müəyyən edilərkən İddiaçı razılıq ərizəsi alınmışdır. Odur ki, məhkəmə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarında qeyd olunan mövqedən çıxış edərək hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən qanunamüvafiq tədbirlər göründüyündən ona münasibətdə iddia tələbinin təmin edilməsinə hər hansı əsas yoxdur. Bununla belə məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının idarə etdiyi avtomobilə 1550 manat məbləğində maddi ziyan dəymiş, ondan sığorta şirkəti tərəfindən 468 manat 28 qəpik ödənilsə də, 1081,72 manat ödənilməmiş qalmışdır. Məhkəmə hazırlıq iclasında izahat verən zaman cavabdeh özünün təqsirli olduğunu qeyd etsə də, ödənişi ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Odur ki, məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən sübutlara məcmuu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbində tələb edilən ödənilməmiş 1080 manat dəymiş ziyan Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsi verilən zaman iddiaçı tərəfindən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən 31 manat məbləğində məhkəmə xərci tələb edildiyindən və iddia tələbi Cavabdeh1 münasibətdə təmin edildiyindən, ödənilmiş 31 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1080 manat məbləğində dəymiş ziyan və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin olunsun. Cavabdeh1 1080 (bir min səksən) manat məbləğində dəymiş zərər məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Günel Quluzadə