Məhkəmə qərarları › İş №2(059)-648/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-648/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-648/2021 20.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə iddiaçı "xxxx" QSC-nin Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1lə iddiaçı Bank arasında bağlanmış kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, 003R********** saylı kredit razılaşmasına əsasən 1500 manat əsas, 157,51 manat faiz, 171 manat cərimə olmaqla, cəmi 1828,51 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra, Cavabdeh1 öldüyündən Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-1290/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmış, habelə sonuncunun vərəsələri müəyyən edilmədiyindən iddiaçı "xxxx" QSC-nin vəsatəti əsasında bu məhkəmənin 24 sentyabr 2021-ci il tarixli qərardadı ilə işin icraatı təzələnmişdir. Eyni zamanda, iddiaçı Bank nümayəndəsi vasitəsilə iddia tələbinin həcminin azaldılması və cavabdehlərdən Cavabdeh1 cavabdehlərin siyahısından çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1lə iddiaçı Bank arasında bağlanmış kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, 003R********** saylı kredit razılaşmasına əsasən 1500 manat əsas, 157,51 manat faiz, 171 manat cərimə olmaqla, cəmi 1828,51 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bu Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Daha sonra, iddiaçının nümayəndəsi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 cavabdehlər sırasından çıxarılmaqla, yanaşı tələbin Cavabdeh2 yönəlməsinin nəzərə alınıb, işin aidiyyəti üzrə sonuncunun qeydiyyatda olduğu Siyəzən Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, habelə Cavabdeh2 razılığı əsasında mülki iş Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, həmçinin 18 noyabr 2021-ci il tarixdə bu məhkəmənin icraatına daxil olmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 24 fevral 2020-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən mərhum Cavabdeh1 İddiaçı QSC tərəfindən 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə mərhum Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 24 fevral 2020-ci il tarixli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə mərhum Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə həmin tarixdə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Belə ki, zamin Cavabdeh2 həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında mərhum Cavabdeh1lə birgə məsuliyyət daşıyır və bu müqavilə üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan əlavə, iddiaçı bankla mərhum Cavabdeh1 imzaladıqları 14 aprel 2020-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Mərhum Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 24 iyun 2020-ci il tarixdən banka qaytarmamış, habelə 28 iyul 2020-ci il tarixdə ölmüşdür. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2, mərhum borcalan Cavabdeh1 kredit razılaşması üzrə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə sonuncu ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürsə də, öhdəliyi yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən ödənilməli olan krediti ödəməkdən yayınmış, zaminlik müqaviləsinin tələblərini pozaraq, Bank qarşısında cəmi 1828,51 manat borcu yaranmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, əsas və faiz borca münasibətdə iddia tələbi ilə razılaşsa da, cərimə borcunu qəbul etmir, həmçinin gələcəkdə əsas və faiz borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Belə ki, 24 fevral 2020-ci il tarixli, 003L**********26 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 24 fevral 2020-ci il tarixli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları 14 aprel 2020-ci il tarixli, 003R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməklə ödəniş müddəti 24 may 2021-ci il tarixədək uzadılmışdır. Uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə "xxxx" QSC arasında bağlanmış 24 fevral 2020-ci il tarixli 003S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan 24 fevral 2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" QSC Cavabdeh1 1500 manat məbləğində pul vermişdir. İşdə olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 15 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174293 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 28 iyul 2020-ci il tarixdə ölmüş və bu barədə 18 avqust 2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1095 nömrəli qeyd edilmişdir. Həmçinin, işdə olan mötəbər sənədlərdən görünür ki, mərhum Cavabdeh1 adına vərəsəlik işi açılmamış, o cümlədən sonuncunun vərəsələri müəyyən edilməmişdir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş 13 noyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, mərhum Cavabdeh1 16 oktyabr 2020-ci il tarixə "xxxx" QSC-yə olan borcu 1500 manat əsas, 157,51 manat faiz, 171 manat cərimə olmaqla, cəmi 1828,51 manat təşkil edir. İşdə olan xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar "xxxx" QSC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İş materiallarında olan 16 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" QSC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağa başlamışdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminlik müqaviləsinin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh2 mərhum əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, mərhum Cavabdeh1 adına vərəsəlik işi açılmamış, o cümlədən sonuncunun aktiv miras əmlakı müəyyən edilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq, zamin Cavabdeh2 yazılı formada bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əməl etməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1%-i məbləğində cərimə ödəməyə borcludur. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, 24 fevral 2020-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən mərhum Cavabdeh1 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılmış, həmçinin sonuncu ilə bağlanmış eyni tarixli kredit razılaşması əsasında mərhuma 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit verilmiş, tərəflərin imzaladıqları 14 aprel 2020-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməklə ödəniş müddəti 24 may 2021-ci il tarixədək uzadılmışdır. Uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC həmin məbləğdə pulu mərhum Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu 28 iyul 2020-ci il tarixdə ölmüşdür. Bundan sonra, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 zaminlik müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, həmin müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 1500 manat əsas, 157,51 manat faiz, 171 manat cərimə olmaqla, cəmi 1828,51 (bir min səkkiz yüz iyirmi səkkiz manat 51 qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Eyni zamanda, məhkəmə iddia tələbinin “iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, ləğvi tələb edilən razılaşma və sazişin icra müddəti bitdiyinə görə onun ləğv edilməsinə zərurət aradan qalxmışdır. Belə olan halda iddia tələbinin bu hissədə təmin edilməsi istisna edilir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 1500 manat əsas, 157,51 manat faiz, 171 manat cərimə olmaqla, cəmi 1828,51 (bir min səkkiz yüz iyirmi səkkiz manat 51 qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar