Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-658/2025 25.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 14,9 faiz dərəcəsi ilə 36 ay müddətinə 15000 manat kredit vermişdir. Həmçinin, 24 may 2023-cü il tarixində digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda, iddiaçı iddia edir ki, cavabdehlər ödəniş cədvəlinə əsasən ödəməli olduqları kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit və zaminlik müqavilələrinin tələblərini pozaraq üzərlərinə düşən öhdəlikləri yerinə yetirmir. Cavabdehlər isə iddia tələbini qismən qəbul edərək, maddi imkanları zəif olduğu üçün bir neçə ay krediti ödəmədiklərini, hazırda ödənişlərinin davam etdiyini bildirir. İddia tələbi İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7397,74 manat əsas, 246,57 manat faiz, 53,77 manat cərimə borcu olmaqla, cəmi 7698,08 manat borcun və ödənilmiş 96,98 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 14,9 faiz dərəcəsi ilə 36 ay müddətinə 15000 manat kredit vermişdir. Həmçinin, 24 may 2023-cü il tarixində Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 19 may 2025-ci il tarixədək Cavabdeh1 banka 24 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 7397,74 manat əsas, 246,57 manat faiz, 107,53 manat cərimə borcu olmaqla, cəmi 7751,84 manat borcu vardır. Eyni zamanda, Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan cərimə borcu 107,53 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği bu məbləğin 50%-i miqdarında, yəni 53,77 manat məbləğində tələb olunur. Habelə, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, iş həcminin çoxluğunun nəzərə alınmasını, habelə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, o, 24 may 2023-cü il tarixdə iddiaçı bankdan kredit yolu ilə pul əldə etmiş, lakin maddi çətinlikləri olması səbəbindən kredit borcunun aylıq ödənişlərini icra edə bilməmişdir. Bununla belə, son üç ay ərzində kredit borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə etiraz etmir. Məhkəmənin ötən baxış iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, digər Cavabdeh1 iddiaçı bankdan kredit yolu ilə pul əldə edərəkən bank onunla zaminlik müqaviləsi bağlamışdır. Həmçinin, Cavabdeh1 izahatında göstərdiklərini təsdiq edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin:
739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Mülki Prosessual Məcəllə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını cavabdehlərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan 24 may 2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış nağd kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik 14,9% ödəmək şərti ilə 15000 manat məbləğində kredit vermişdir. İşdə olan Z/08830/23 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 24 may 2023-cü il tarixli, 32-Z1-1-0-285- 23 saylı kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə zaminlik müqaviləsi bağlamış və öhdəliyinin icrasını təmin etmək üçün bank qarşısında tam məsuliyyət götürmüşdür. İşdə olan 19 may 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 24 noyabr 2025-ci il tarixə sözügedən müqavilə üzrə İddiaçı ASC-yə 4845,39 manat əsas, 509,97 manat faiz, 865,4 manat cərimə olmaqla, cəmi 6220,76 manat borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəmə təqdim edərək cavabdehin kredit müqaviləsi üzrə borcunun yarandığını sübut etmiş, həmçinin xx.xx.2025-ci il tarixdə maliyyə arayışı təqdim edərək cavabdehlər tərəfindən ödənilmiş məbləğləri arayışda əks etdirmişdir. Həmin maliyyə arayışında faiz və cərimə borcu iddia tələbindən yüksək göstərilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi tələbi ilə məhkəməyə müraciət edilməmişdir. Cavabdehlər isə iddia tələbini qəbul etmişlər. Odur ki, məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələblərini də nəzərə almaqla hesab edir ki, iddia qismən təmin edilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 17 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət edərkən 96,98 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı bank tərəfindən ödənilmiş 96,98 manat məbləğində məhkəmə xərcinin 70%-i, yəni 67,9 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC xeyrinə 4845,39 manat əsas, 246,57 manat faiz, 53,77 manat cərimə borcu olmaqla, cəmi 5145,73 manat borc və ödənilmiş 96,98 manat məhkəmə xərcinin 70%-i, yəni 67,9 manatı tutularaq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4845,39 manat əsas, 246,57 manat faiz, 53,77 manat cərimə borcu olmaqla, cəmi 5145,73 (beş min yüz qırx beş manat yetmiş üç qəpik) manat borc və ödənilmiş 96,98 manat məhkəmə xərcinin 70%-i, yəni 67,9 (altmış yeddi manat doxsan qəpik) manatı tutularaq İddiaçı ASC xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə