Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-728/2023 25.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "nisyə satılmış mebel dəstinin ödənilməmiş dəyərinin və ya alınan mebel dəstinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "nisyə satılmış mebel dəstinin ödənilməmiş dəyərinin və ya alınan mebel dəstinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mebel dəstinin ödənilməmiş 730 manat məbləğində qalıq dəyərinin və ya alınan “taxt və 6 ədəd oturacağın”, eləcə də ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanmış 13 oktyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o, ümumi dəyəri 830 manat olan mebel dəstini, yəni taxt və 6 ədəd oturacağı alqı-satqı müqaviləsinə əlavə razılaşmaya əsasən ilkin ödəniş 100 manat, hər ay isə 100 manat ödəmək şərti ilə 7 ay müddətinə nisyə olaraq satmışdır. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq, aylıq ödənişləri 13 oktyabr 2022-ci il tarixdən dayandırmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamış, habelə sonuncu tələb olunan qalıq borcu və ya mebel dəstini qaytarmaqdan boyun qaçırmaqla, alqı-satqı müqaviləsinin tələblərini pozmuşdur. Cavabdeh borcundan 100 manat ödəniş etmiş, nəticədə, sonuncunun ümumilikdə 730 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə nisyə alqı-satqı müqaviləsi bağlayaraq, sözügedən mebelləri Ceyhun adlı dostu üçün nisyə almış, habelə aylıq ödənişləri sonuncu həyata keçirməli olmuşdur. Lakin, Ceyhun adlı dostu avtomobil qəzasında vəfat etdiyinə görə, müqavilə üzrə ödənişlər iddiaçının xeyrinə həyata keçirilməmişdir. Dostunun vəfatından 5- 6 ay sonra iddiaçı ilə görüşdükdə, sonuncuya bir müddət səbirli olmasını və ödənişləri özü həyata keçirəcəyini bildirmişdir. Ancaq, bu ilin sentyabr ayında tibbi əməliyyat olunduğu üçün vədinə əməl edə bilməsə də, hazırda borcu ödəməkdən yayınmır və məhkəmə qətnaməsi qəbul edildikdən sonra mebelləri deyil, tələb olunan 730 manat pulu iddiaçıya verəcəkdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 13 oktyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən, eləcə də bu müqaviləyə əlavə razılaşmadan görünür ki, ümumi dəyəri 830 manat olan taxt və 6 ədəd oturacaq 100 manat ilkin ödəniş etməklə, 7 ay müddətinə, ayda 100 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. Həmçinin, nisyə alqı-satqı müqaviləsinə əlavə razılaşmadan görünür ki, Cavabdeh sonuncu dəfə 13 oktyabr 2022-ci il tarixdə 100 manat məbləğində ilkin ödəniş etmişdir. İşdə olan 02 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 35 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 13 oktyabr 2022-ci il tarixli müqavilə üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə, ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ümumi dəyəri 830 manat olan taxt və 6 ədəd oturacaq 100 manat ilkin ödəniş etməklə, 7 ay müddətinə, ayda 100 manat ödəmək şərti ilə iddiaçı tərəfindən 13 oktyabr 2022-ci il tarixdə cavabdehə nisyə satılmış, sonuncu borcundan cəmi 100 manat ödəniş etmiş və ödənişləri dayandırdıqdan sonra iddiaçıya ümumilikdə 730 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddiaçı ödənilməmiş 730 manat borcun cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, iddia tələbinin ödənilməmiş borcun qaytarılmasına dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “taxt və 6 ədəd oturacağın iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsasız olduğundan təmin edilməməlidir. Belə ki, həm mülki qanunvericiliyin, həm də 13 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2.7-ci bəndindən də göründüyü kimi əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Təhvil verilmiş əşyanın qalıq dəyərinin ödənilməsi hissəsi ilə bağlı məqam aydın olsa da, ödənilməmiş malın qaytarılması hissəsi ilə bağlı qeyd olunur ki, alınan taxt və 6 ədəd oturacağın ümumi dəyəri 830 manat olmaqla, bu malların ödənilməmiş dəyəri 730 manat təşkil etmişdir. Yəni, ödənilməmiş mal 730 manat dəyərindədir. Belə olan təqdirdə, iddiaçı ödənilməmiş 730 manat dəyərində olan malın nədən ibarət olmasını aydınlaşdırmamış, habelə tələbdə bütün malların adı qeyd edildiyindən bu hissə qeyri-müəyyən qalmışdır. Bundan əlavə, ödənilməmiş mallar dəqiq göstərilmədiyindən, habelə nədən ibarət olmaları qeyri-müəyyən olduğundan tələb, ödənilməmiş əşyanın dəyərinin tutulması hissəsində təmin edilmişdir. Yəni, tələbin (əşyanın ödənilməsi və ya ödənilməmiş malın qaytarılması) seçim haqqı iddiaçı tərəfdə olmasına baxmayaraq, sonuncu tələbə qeyri-müəyyən yanaşmaqla, hər iki tələblə (dəqiq və qeyri-müəyyən) bir vaxtda çıxış etmiş, habelə seçimini dəqiqləşdirməmişdir ki, bu zaman məhkəmə tələbin daha dəqiq olan hissəsinə, yəni pula münasibətdə təmin edilməsini daha məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 730 manat pul və iddia tələbi üzrə ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 730 (yeddi yüz otuz) manat pul və iddia tələbi üzrə ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-728/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-728/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver