Məhkəmə qərarları › İş №2(059)-74/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-74/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-74/2021 15.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1 ədəd iribuynuzlu heyvanın ölməsi səbəbindən cavabdehdən 1100 manat zərərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, əksər kənd sakinləri kimi onun də təsərrüfatında iribuynuzlu mal-qara vardır. Hal-hazırda şəxsi təsərrüfatında 7 baş inək və 8 baş dana olmaqla, cəmi 15 baş iribuynuzlu mal-qara var. Yaşadığı kənddə adət-ənənəyə uyğun olaraq, mal-qara sahibləri növbəlilik əsasında naxıra gedir. xx xxxxxxx 2020-ci il tarixdə səhər vaxtı tövləsindən 7 baş inəyi və 1 baş dananı çıxararaq, məhəllərində malların toplandığı yerə sürmüşdür. Cavabdehin adını bilmədiyi qardaşı, Əlican Fətullayev və Sahib adlı şəxs daxil olmaqla, digər kənd sakinləri də mal-qara sürülən yerdə olmuşlar. Həmin gün növbədə isə hazırkı iş üzrə Cavabdeh olmuşdur. Həmin gün axşam təxminən 20:00 radələrində digər heyvanlar naxırdan qayıtsa da, 1 (bir) baş, 13 (on üç) illik, diri çəkisi 260 kq olan yerli cins boğaz dişi inəyi qayıtmamışdır. Bu səbəbdən də, kənd ərazisini, yol ətrafını xeyli axtarmış, iki saatdan sonra cavabdehə zəng etsə də, ona zəng çatmamışdır. Səhəri gün, yəni xx xxxxxxx 2021-ci il tarixdə itən heyvanının hələ də gəlib çıxmadığını görüb, yenidən axtarmağa başlamış, günorta təxminən saat 13:00 radələrində İmaməli ilə telefon vasitəsilə əlaqə saxlayıb danışmış, sonuncu inəyinin qayadan yıxılıb öldüyünü ona bildirmişdir. Diri çəkisi təxminən 260-270 kiloqram inəyi 5-9 metr hündürlükdən böyrü üstə sal daşların üzərinə yıxılaraq tələf olmuşdur. O, İmaməlinin və ya onun atasının üzrxahlıq üçün evinə gələcəyini gözləsə də, gələn olmamışdır. O, İmaməliyə inəyinin əvəzində 1100 manat verməli olduğunu bildirdikdə, sonuncu növbəyə getmək üçün 15 manat pul aldığını, həmin məbləği ödəməyin ona sərf etmədiyini qeyd etmişdir. Hadisə yerinə baxış keçirmək üçün cavabdehin atasına bildirdikdə isə sonuncu buna etiraz etmişdir. Hadisə barədə qonşularının iştirakı ilə akt tərtib olunaraq, Yenikənd Bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə o, kənd sakini Vurğun Teymurovun əvəzinə mal növbəsinə getsə də, İddiaçı həmin vaxt naxıra qoşmaq üçün ona mal təhvil verməmişdir. Belə ki, o, ona təhvil verilən malları naxıra aparır. Qeyd etdiyi kimi, Ağanfərin 8 baş iribuynuzlu heyvanı, o cümlədən bir gözü kor olan inəyi həmin gün naxıra qoşulmaq üçün ona təhvil verilməmişdir. Mal növbəsində olduğu xx xxxxxxx 2020-ci il tarixdə naxırda 150 baş iribuynuzlu heyvan olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə kənd sakini Sadıq ona telefon vasitəsilə zəng edərək, qırmızı inəyin qayadan yıxılıb tələf olduğunu bildirmişdir. Çünki o, həmin gün də növbədə olduğuna görə, Sadıq adlı kənd sakini həmin inəyin onun naxırından olub-olmadığını öyrənmək üçün zəng etmişdir. İddiaçı isə xx xxxxxxx 2020-ci il tarixdə ona zəng edərək, inəyinin yıxılıb tələf olmasını bildirmişdir. Bir daha bildirir ki, iddiaçının inəyi xx xxxxxxx 2020-ci il tarixdə naxırda olsaydı, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəyərdi. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, eləcə də şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, şahid X4 ifadəsində göstərdi ki, tərəflərin hər ikisi onun həmkəndlisi olmaqla, heç biri ilə aralarında qohumluq əlaqəsi, həmçinin ədavət, narazılıq yoxdur. İddiaçı ilə qonşu məhəllədə yaşamaları ilə əlaqədar münasibətləri daha yaxşıdır. Cavabdeh kənd sakinlərinin mal-qarasını otarmaqla məşğuldur. 2020-ci ilin oktyabr ayının əvvəllərində (günü dəqiq xatırlamır) Şabran rayonundan Siyəzən rayonunun Yenikənd kəndinə qayıdan zaman yolda bir neçə nəfərin toplaşdığını görmüş, onlara yaxınlaşıb nə baş verdiyini soruşduqda, İddiaçı Cavabdeh bir baş inəyini dərəyə salıb öldürdüyünü bildirmişdir. Özü də dərəyə baxdıqda bir baş inəyin ölüb qaldığını görmüşdür. Əlavə olaraq qeyd edir ki, o da, öz mal-qarasını daim iddiaçı ilə birgə eyni naxıra qoşsa da, xx xxxxxxx 2020-ci il tarixdə mal-qarasını özünün naxıra qoşub-qoşmamasını xatırlamır, həmçinin həmin gün iddiaçının ölmüş heyvanını naxıra sürməsini şəxsən görməmişdir. X1 ifadəsində göstərdi ki, tərəflərin hər ikisini tanımaqla, onlarla normal münasibəti vardır. xx xxxxxxx 2020-ci il tarixdə özünün işdə olması ilə əlaqədar 15 manat pul müqabilində Cavabdeh kəndin heyvanlarını onun əvəzinə mal növbəsinə aparmışdır. Bundan 10 gün keçdikdən sonra, Cavabdeh ona iddiaçının heyvanının öldüyünü bildirmiş, o, isə İmaməlidən bunu hansı səbəbdən indi deməsinin səbəbini soruşduqda, sonuncu iddiaçının yalan danışdığını, habelə inəyi kor olduğu üçün həmin heyvanı naxıra qoşmadığını qeyd etmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixdə Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 580 nömrəli arayışdan görünür ki, xx xxxxxx 2020-ci il tarixinə İddiaçı təsərrüfatında 15 baş iribuynuzlu mal-qara (7 inək, 8 dana) qeydə alınmışdır. İşdə olan xx xxxxxxx 2020-ci il tarixdə Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının Yenikənd bələdiyyəsi tərəfindən təsdiq edilməklə, İddiaçı, X2 və X3 tərtib etdikləri aktdan görünür ki, İddiaçı məxsus 1 baş inək xx xxxxxxx 2020-ci il tarixdə səhər naxıra sürülsə də, axşam naxırdan qayıtmamışdır. Həmin inək xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində ölü halda tapılmışdır. Belə ki, inək təxminən 8-9 metr hündürlükdən böyrü üstə sal daşların üzərinə yıxılaraq tələf olmuşdur. İnəyin təxmini yaşı 13, çəkisi 260- 270 kiloqram olmuş, habelə yanvar ayında bala verməli idi. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Siyəzən Dövlət X8 xx xxxx 2021-ci il tarixli 20 nömrəli məktubundan görünür ki, 1 baş 13 illik, diri çəkisi 260 kq olan yerli cins boğaz inəyin mövcud bazar qiyməti şəkillərə istinadən köklük dərəcəsi orta köklükdə olmaqla, südlük heyvan kimi götürülür. Lakin, 13 yaşının olması və həmin heyvanın artıq 10 qarın bala verməsi nəzərə alınsa, bu zaman onun bazar qiyməti aşağı düşməklə, 750-800 manat civarında qiymətləndirilə bilər. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının cavabdehdən ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməsinin heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə, səhər saatlarında mal növbəsinə getməsi işin mübahisələndirilməyən halı olmasına baxmayaraq, 1 baş 13 illik, diri çəkisi 260 kq olan yerli cins boğaz inəyin naxıra aparılması üçün İddiaçı tərəfindən Cavabdeh təhvil verilməsi işin faktiki halları və mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Hətta, iddiaçı tərəfdən dəvət edilmiş şahid Əlican Fətullayev belə iribuynuzlu heyvanın dərədə ölü vəziyyətdə olduğunu gördüyünü bildirsə də, bu heyvanın İddiaçı tərəfindən naxıra qoşulmasından məlumatı olmadığını göstərmişdir. Beləliklə, Cavabdeh İddiaçı qarşısında öz vəzifəsini qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi, bunun da nəticəsində sonuncuya zərər vurması işin faktiki halları və tədqiq olunmuş mötəbər sübutlarla inkar edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar