Məhkəmə qərarları › İş №2(059)-74/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-74/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-74/2023 27.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11100 manat pulun və 123,70 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, tanışı, Cavabdeh evində yaranana problemlərin həlli üçün ondan 06 noyabr 2019-cu il tarixdə 11100 manat pul vəsaitini borc almış, lakin, bu günə kimi qaytarmamışdır. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, Cavabdeh sonuncunun əmisi oğlu, o cümlədən tanışı Müşfiq Hacızadə vasitəsilə tanımış, həmçinin cavabdehə 06 noyabr 2019-cu il tarixdə yaşadığı Bakı şəhərinin Yasamal rayonundakı M.Muxtarov küçəsində yerləşən dalan 1, 6 saylı evin yaxınlığında, küçədə iştirakçı olmadan təkbaşına 8100 manat, iddia ərizəsini verməmişdən təxminən 1 il əvvəl isə Siyəzən şəhərində daha 3000 manat olmaqla, cəmi 11100 manat pulu borc kimi vermiş, habelə sonuncu bu borcu iki il ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, o, sonuncu dəfə Cavabdeh əmisi oğlu Müşfiq Hacızadənin təkidi, xahişi ilə borc kimi 3000 manat pul versə də, cavabdeh tərəfindən tərtib edilməklə, imzalanmış müqavilədəki tarixin əvvəlki vaxtdan, 06 noyabr 2019-cu il tarixdən qeyd edilməsini tələb etmiş, məhz bu tələbin əsasında müqavilə tarixi 06 noyabr 2019-cu il tarix kimi göstərilmiş, əvvəlki sənəd isə ləğv edilmişdir. Lakin, 3 ildən artıq müddətin keçməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmayıb, dəfələrlə onu aldatmışdır. Bundan əlavə, cavabdeh ona borcuna görə özünə və arvadına aid əmək haqqı kartlarını versə də, həmin kartlar bağlanmış, onlardan pul çıxarmaq mümkün olmamışdır. Eyni zamanda, cavabdehlə borc münasibətləri 06 noyabr 2019-cu il tarixdən əvvəl deyil, məhz qeyd olunan tarixdə yaranmışdır. Həmçinin, o, iddia ərizəsini hazırlamamışdan əvvəl cavabdehə bir daha müraciət edərək, pulunun qaytarılmasını tələb etmiş, bu zaman sonuncu ona müxtəlif vaxtlarda üç dəfə 50 manat, bir dəfə 430 manat olmaqla, ümumilikdə 580 manat pul qaytarmış, qalıq məbləğ isə ödənilməmiş qalmış, onun xeyrinə əlavə vəsait ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı təxminən 2012-ci ildən əmisi oğlu X4 vasitəsilə tanımışdır. Belə ki, o, 2011-2012-ci illərdə Siyəzən NQÇİ-nin “Azneft” İstehsalat Birliyində baş mexanik vəzifəsində işləyərkən müəssisə avadanlıqların alınması üçün vəsait ayırmış, həmçinin bu zaman ona pul lazım olduğu üçün əmisi oğlu Müşfiq Hacızadənin vasitəçiliyi ilə sələmə pul verən İddiaçılə tanış olmuşdur. Beləliklə, o, 2011-2012-ci illərdə iddiaçının təkidi ilə bir kağıza rus dilində pulu qaytaracağı barədə yazı yazmış, həmçinin sonuncuya şəxsiyyət vəsiqəsinin surətini də təqdim etmişdir. O, həmin vaxt İddiaçı 1000 manat pul alsa da, avadanlığı aldıqdan sonra bu pulu qaytarmış, lakin təxminən 3 ay sonra yenə iddiaçıdan borc almışdır. İddiaçı ona pis vəziyyətində kömək etdiyini inkar etməsə də, 11100 manat pul birdəfəyə verilməmiş, habelə müqavilə bağlanarkən ona bir manat belə olsa, pul təqdim edilməmişdir. O, iddiaçıdan yalnız 3000 manat məbləğində pul almışdır. Bundan əlavə, o, 06 noyabr 2019-cu il tarixdə tərtib edilmiş vərəqi qanunsuz hesab etdiyi üçün imzalamışdır. Əgər müqavilə olduğunu düşünsə idi, o, həmin məsuliyyəti üzərinə götürməzdi. Dama-dama kağızda yazılmış sənədi müqavilə hesab etmədiyi üçün qeydləri öz xətti ilə yazmışdır. Eyni zamanda, o, təxminən 2016-cı ilin yay aylarında İddiaçı 3000 manat məbləğində borc pul alsa da, həmin borcu ailəsində baş verən böyük maddi sıxıntılar səbəbindən bir müddət qaytara bilməmiş, nəticədə iddiaçı ona olan güvəni itirdiyi üçün ona 06 noyabr 2019-cu il tarixdə 11000 manat borcunun olması barədə ərizə yazdırmışdır. Halbuki, o, 06 noyabr 2019-cu il tarixdən sonra iddiaçıdan hər hansı bir məbləğdə borc pul almamışdır. Bundan əlavə, o, iddiaçıya olan 3000 manat borcunu qaytarmış, habelə sonuncu ayrı-ayrı vaxtlarda Siyəzən şəhərində qonaq olarkən onun yol və yemək xərclərini çəkmiş, habelə yola salarkən ona borcundan 100 manat, 200 manat ödənişlər də etmişdir. Daha sonra, o, iddiaçıya borcundan poçt vasitəsilə ümumilikdə 580 manat məbləğində ödəniş də etmişdir. Bundan sonra, iddiaçı yenə borcundan ödəniş etməsini tələb etdikdə, o, əmək haqqını alan kimi daha 300, 400 manat pul göndərəcəyini bildirsə də, sonuncu onunla razılaşmamış, nə verəcəksə, nağd verilməsini istəmiş, poçtla pul göndərməməsini tələb etmişdir. Hətta, iddiaçı ilk dəfə ona 1000 manat pulu borc şəklində aylıq 13 % ödəmək şərtilə vermişdir. Həmçinin, o, xəstə övladı üçün aldığı kreditə görə ödənişlərini gecikdirdiyi üçün banklardan pul götürə bilməmiş, iddiaçıdan sələmə pul almaq məcburiyyətində qalmışdır. Bir daha qeyd edir ki, o, iddiaçıya olan borcunu artıqlaması ilə qaytarmış, hazırkı vaxta bir manat belə olsa, borcu qalmamışdır. O, 06 noyabr 2019-cu il tarixdə qeyd olunan sənədi “Murad” qonaq evində imzalasa da, bu sənəd onunla iddiaçı içkili vəziyyətdə olarkən tərtib edilərək, imzalanmış, lakin, neftçi olmaqla, hüquq işçisi olmadığından bu halı etirazında qeyd etməmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 06 noyabr 2019-cu il tarixdə Cavabdeh tərəfindən tərtib edilməklə, imzalanmış yazılı sənədin əslindən görünür ki, Cavabdeh İddiaçı 11100 manat məbləğində borc almış və həmin pulu 2 (iki) il ərzində qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 11 iyul, 04, 11 avqust və 04 oktyabr 2022-ci il tarixli poçt qəbzlərindən görünür ki, Cavabdeh İddiaçı müvafiq olaraq, üç dəfə 50 manat, sonuncu dəfə isə 430 manat olmaqla, ümumilikdə 580 manat pul göndərmişdir. İşdə olan 22 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 123,30 manat dövlət rüsumu ödəmiş, həmçinin 0,40 manat bank xidmətinin göstərilməsi üçün vəsait sərf etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh ümumilikdə 11100 manat pulu borc verməsini, həmçinin cavabdeh də, öz növbəsində həmin puldan 580 manat hissəsini iddiaçıya qaytarmasını sübut edə bilmişdir. Bundan əlavə, tərəflər arasında 06 noyabr 2019-cu il tarixli yazılı sənəd tərtib olunarkən Cavabdeh İddiaçı 11100 manat vəsaiti 2 (iki) il ərzində qaytarması barədə öhdəlik götürmüş, habelə bu onlar arasındakı razılaşmanın şərti kimi sənəddə qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinin İ, İV və V hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunan Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yenə bu Məcəllənin 404-cü maddəsinin İ və İİ hissələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu mənada, məhkəmə qeyd edir ki, məhz 11100 manat borcun olması, habelə həmin borcdan 580 manat məbləğində ödənişin həyata keçirilməsi tərəflərin həqiqi iradə ifadəsini əks etdirməklə, əqdin hərfi mənası, tərəflərin müqaviləyə qədərki danışıqları, onların qarşılıqlı münasibətləri, eləcə də tərəflərin sonrakı hərəkətləri ilə uzlaşır. Bununla da, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla müəyyən olundu ki, tərəflər birbirini tanımış və münasibətləri olmuş, daha sonra ehtiyac olduğuna görə Cavabdeh İddiaçı 11100 manat məbləğində borc almış və həmin pulu 06 noyabr 2019-cu il tarixdən 2 il müddətinə qaytaracağına dair öhdəlik götürmüşdür. Beləliklə, Cavabdeh İddiaçı aldığı bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, sonuncuya olan borcunu qaytamamışdır. Bundan əlavə, cavabdeh yalnız 11 iyul, 04, 11 avqust və 04 oktyabr 2022-ci il tarixlərdə iddiaçının dəfələrlə etdiyi xəbərdarlıqdan sonra, ümumi borcundan cəmi 580 manat ödəniş etmiş, qalıq 10520 manat borcunu ödəməkdən yayınmış, bununla da, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Hazırda cavabdehin iddiaçıya 10520 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-nin 5.3-cü mddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, məhkəmə, cavabdehin məhkəmə iclasında iddiaçıdan 3000 manat məbləğində borc pul almasına, həmçinin tərtib edilmiş yazılı sənəddə qeyd edilmiş 11100 manat məbləği almamasına baxmayaraq, bu borcu onun iddiaçıdan aldığı 3000 manat pulu qaytaracağına dair sonuncunun ona olan güvəni itdiyi üçün məcburiyyət qarşısında qəbul etdiyini etiraf etməsinə, habelə iddiaçı ilə arasındakı 11100 manat borc münasibətlərini əks etdirməklə, onun tərəfindən yazılmış 06 noyabr 2019-cu il tarixli yazının yalan əqd olaraq, digər əqdi yəni, onun iddiaçıya olan 3000 manat borcunu pərdələmək məqsədi ilə bağlandığı üçün əhəmiyyətsiz əqd olmasına dair izahatında, eləcə də etirazında göstərdiklərinə münasibətdə qeyd edir ki, o, istinad etdiyi bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmiş, habelə qeyd edilən halları təsdiq edəcək hər hansı bir sənədə, sübuta və ya şahidə malik olmamışdır. Çünki, tərəflər müqavilələr azadlığı prinsipinə (MM 6.1.5-ci maddəsi) əsaslanaraq, bu müqaviləni bağlamaqla, müqavilənin mühüm şərtləri ilə bağlı razılığa gəlmiş, bu zaman hər hansı bir tərəfin hüquqları pozulmamışdır. Yəni, tərəflər qeyd edilən müqaviləni bağlayarkən iradələrini sərbəst olaraq bəyan etmiş, o cümlədən müqavilə onların bu iradələrinin ifadəsi nəticəsində yaranmışdır. Digər tərəfdən cavabdeh onun üçün əlverişsiz olan şərtlərlə bağlanmış müqavilənin etibarlılığını bağlandığı andan hazırkı vaxtadək bu və ya digər formada mübahisələndirməmiş, həmin vaxt onun şərtlərinə bu və ya digər formada etirazını bildirməmişdir. Beləliklə, cavabdehin iddiaçı ilə arasında olan borc münasibətlərinə dair gətirdiyi əsaslar, onun real sübutlarla təsdiq olunmayan söz və mülahizəsindən ibarət olmasına dəlalət edir. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya qalıq 10520 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10520 manat məbləğində pul və 123,70 manat məbləğində məhkəmə xərcinin 95 %-i, yəni 117,52 manatı tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10520 (on min beş yüz iyirmi) manat məbləğində pul və 123,70 manat məbləğində məhkəmə xərcinin 95 %-i, yəni 117,52 (bir yüz on yeddi manat 52 qəpik) manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar