Məhkəmə qərarları › İş №2(059)-770/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-770/2025

25.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-770/2025 25.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın məhkəmə tərəfindən müəyyən edilərək ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, onun vəsaiti hesabına tikilən dayanacağa avtoqəza nəticəsində maddi ziyan dəymiş, dəymiş ziyan sığorta şirkəti tərəfindən qiymətləndirilmiş, lakin həmin məbləğ cavabdehə ödənilmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək təmin edilməməsini xahiş edir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın məhkəmə tərəfindən müəyyən edilərək ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəyən maddi ziyanın məhkəmə tərəfindən müəyyən edilərək ödənilməsi, eləcə də, inzibati orqanların əməkdaşları tərəfindən vəzifə və səlahiyyətlərindən suiistifadə halları nəticəsində cinayət tərkibi əməllərinin araşdırılmasının prokurorluğa həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 20000 manat maddi ziyanın və ödənilmiş 151 manat dövlət rüsumunun tutulması, eləcə də, inzibati orqanların əməkdaşları tərəfindən vəzifə və səlahiyyətlərindən sui-istifadə halları nəticəsində cinayət tərkibi əməllərinin araşdırılmasının prokurorluğa həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1995-ci il tarixdə Siyəzən rayon İcra Hakimiyyəti Başçısının tövsiyəsi ilə Siyəzən şəhəri ərazisində, hazırki Heydər Əliyev küçəsində əhalinin ümumi istifadəsi üçün 30 kvadrat metr torpaq sahəsində öz vəsaiti hesabına dayanacaq inşa etmiş, lakin həmin torpaq sahəsinə dair mülkiyyət hüququ almamış, habelə 1995-2014-cü illərdə həmin tikili əhalinin ümumi istifadəsində olmuşdur. Lakin, 2014-cü ildə dayanacağın arxa tərəfində avtovağzal binası inşa edildiyindən, dayanacaq funksiyasını itirmişdir. Elə bu səbəbdən 2015-2020-ci illərdə Siyəzən rayon İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edərək, sözü gedən dayanacağın altındakı torpaq sahəsinə dair ona mülkiyyət hüququ verilməsinə razılıq verilməsini xahiş etmişdir. Cavab məktublarında sözü gedən tikili və altındakı torpaq sahəsi əhalinin ümumi istifadəsində olduğuna görə, həmin yerin digər məqsədlər üçün istifadəyə verilməsinin məqsədə müvafiq hesab edilmədiyi bildirilmişdir. O, Siyəzən bələdiyyəsi tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə rəsmi müraciət etmiş, habelə sözügedən idarədən ona verilən cavabda bildirilmişdir ki, Siyəzən rayon İcra Hakimiyyətinin MTB-nin müdiri, baş memarı, Siyəzən şəhər Bələdiyyəsinin mühəndisi, ƏMDK-nin Sumqayıt ərazi şöbəsinin Siyəzən rayon üzrə müfəttişi tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli aktdan da görünür ki, qeyd olunun 30 kvadrat metr torpaq sahəsi ümumi istifadədə olan torpaqlar kateqoriyasına aid deyildir. xx.xx.2020-ci il tarixində Siyəzən bələdiyyəsi həmin torpaq sahəsinin icarəsini icarə müqaviləsi ilə Cavabdeh mülkiyyətinə vermişdir. xx.xx.2021-ci il tarixində **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi X1 tərəfindən törədilən avtoqəza nəticəsində sözü gedən dayanacağa ziyan dəymişdir. Bu ziyanın bərpası və ödənilməsi Günay sığorta şirkəti tərəfindən Cavabdeh adına ziyan çəkmiş kimi rəsmiləşdirilmişdir. Belə ki, Siyəzən şəhər bələdiyyəsi mühəndisi, Siyəzən rayon icra hakimiyyətinin MTB-nin müdiri, baş memarı, ƏMKT-nin Sumqayıt ərazi şöbəsinin Siyəzən rayon üzrə müfəttişi və X4 tərəfindən AKT tərtib edilərək, həmin ziyan dəyən tikilinin Cavabdeh aid olduğu aktla təsdiq edilərək, Günay sığorta şirkətindən 3200 manat ziyana görə pul alınmışdır. 2023-cü ildə sözü gedən tikili cavabdeh tərəfindən məhkəmə qərarı olmadan qismən sökülərək, bərpa edilmiş və cavabdeh əmlakını tamamilə özününküləşdirmişdir. Bununla da, cavabdeh tərəfindən ona maddi ziyan vurulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyənləşdirilərək ona ödənilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş əmlak ona məxsus olmuş, habelə 6 il müddətində rəsmi qaydada müraciət edərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ verilməsini xahiş etsə də, həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olması əsas gətirilməklə, müraciəti müsbət həll olunmamışdır. Bundan sonra, üç inzibati orqanın əməkdaşı tərəfindən həmin torpaq sahəsinin ümumi istifadədə olmayan torpaq sahəsi olması barədə akt tərtib edilərək, bu torpaq sahəsi cavabdehə satılmışdır. Daha sonra, cavabdeh yekun məhkəmə qərarı qanuni qüvvəsini almamış, həmin torpaq sahəsi üzərində tikinti işləri aparmışdır. Həmçinin, cavabdeh, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan sığorta şirkətindən 3200 manat məbləğində sığorta ödənişi almışdır. Həmçinin, bundan əvvəl hazırki iddia ilə Siyəzən RİH-nə və Siyəzən şəhər bələdiyyəsinə qarşı iddia qaldırmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, o, mübahisəli torpaq sahəsinin əvvəllər iddiaçıya məxsus olubolmamasını bilməmiş, habelə müraciəti əsasında həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd almışdır. Bundan sonra, rayon İcra Hakimiyyəti aparatından və şəhər bələdiyyəsindən ünvanına göndərilmiş məktublarda, həmin yerin mərkəzi yolun üzərində və qəzalı vəziyyətdə olmasını qeyd edilmişdir. Bundan əlavə, hazırki iddia ilə bağlı iddiaçı ilə aralarında dəfələrlə məhkəmə mübahisəsi olmuş, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya mülkiyyəti hüququ olmayan torpaq sahəsinə iddia qaldırmasının əsassız olduğunu bildirmişlər. Bundan başqa, həmin torpaq sahəsi üzərində əvvəllər inşa edilmiş tiklinin sağ və sol divarları olmuş, üzəri isə nazik örtüklə örtülmüşdür. Lakin, iddiaçı ona 20000 manat məbləğində ziyan dəydiyini iddia edir. Bundan əlavə, sözügedən torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sənədlə sığorta şirkətinin əməkdaşları tanış olduqdan sonra ona 800 manat məbləğində sığorta ödənişi etmişlər. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə, iş materiallarını tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi şöbəsinin 21 iyun 2019-cu il tarixli, 95 nömrəli rəyinin surətindən görünür ki, Siyəzən şəhərində yerləşməklə, Siyəzən bələdiyyəsinin mülkiyyətindəki 30 kv.m (0,003 ha) ehtiyat fondu kateqoriyalı, sahibkarlıq-tikinti təyinatlı torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, icarəyə verilməsinə baxılması mümkün hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Siyəzən şəhərindəki sahəsi 0,003 ha olan torpaq sahəsi 29 oktyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Siyəzən bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsindən İddiaçı müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixdə 04/N-240 saylı məktubla bildirilmişdir ki, Siyəzən rayonu Siyəzən bələdiyyəsinin regional ədliyyə idarəsinə təqdim etdiyi arayışda qeyd olunan 30 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun reyestr nömrəsi **********94, qeydiyyat nömrəsi ********** olan çıxarışla 29 oktyabr 2019-cu il tarixdə qeydiyyatına alındığı, qeydiyyata alındıqdan sonra 05 noyabr 2019-cu il tarixdə icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarıldığı və 09 yanvar 2020-ci il tarixdə müsabiqənin keçirildiyi qeyd olunmuşdur. Həmçinin, Siyəzən bələdiyyəsinin təqdim etdiyi arayışda keçirilmiş müsabiqədə Cavabdeh qalib gələrək 30 kv.metr torpaq sahəsi üzərində 49 il müddətinə icarə hüququ əldə etdiyi və 23 yanvar 2020-ci il tarixdə Siyəzən bələdiyyəsi ilə Cavabdeh arasında notarial qaydada icarə müqaviləsi bağlanaraq Cavabdeh 30 kv.metr torpaq sahəsi üzərindəki icarə hüququnun rəsmiləşdirildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin rəyində qeyd olunan torpaq sahəsinin sahibkarlıq-tikinti təyinatlı, bələdiyyənin ehtiyat fondu kateqoriyalı torpaqlarına aid olması qeyd edilmişdir. Həmçinin, Siyəzən Rayon İcra Hakimiyyətinin MTB-nin müdiri, baş memarı Siyəzən rayon bələdiyyəsinin mühəndisi, ƏMDK-nin Sumqayıt Ərazi şöbəsinin Siyəzən rayon üzrə müfəttişi tərəfindən tərtib edilən 07 may 2020-ci il tarixli aktdan görünür ki, qeyd olunan 30 kv.metr torpaq sahəsi ümumi istifadədə olan torpaqlar kateqoriyasına aid deyildir. Əlavə olaraq bildirilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının aparatından İddiaçı müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli 242/2-N-5-039 saylı məktubla bildirilmişdir ki, qeyd edilən tikilinin atında yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla, ümumi istifadədə olan torpaq sahəsinə aid olduğundan, mövcud qanunvericiliyə görə, xüsusi mülkiyyətə verilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə əsasən, torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ona görə də vətəndaşa aidiyyəti üzrə bələdiyyəyə müraciət etmək hüququnun olması izah edilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı, 010676 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Siyəzən rayonu ərazisində yerləşən Siyəzən bələdiyyəsinin mülkiyyətində olan 30 kv.metr və ya 0,003 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09 yanvar 2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində 55 manata satılmış, habelə icarəyə 49 il müddətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 fevral 2020-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Siyəzən bələdiyyəsinin mülkiyyətində Siyəzən şəhərindəki sahəsi 0,003 ha olan torpaq sahəsi 3M-53 nömrəli, 23 yanvar 2020-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasn 23 yanvar 2020-ci il tarixdən 23 yanvar 2069-cu il tarixədək Cavabdeh icarəyə verilmişdir. İşdə olan Siyəzən bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış 30 dekabr 2021ci il tarixli 509 saylı məktubdan görünür ki, sonuncunun, 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsi əsasında Siyəzən şəhərinin mərkəzi hissəsində icarəyə götürdüyü 30 kv.metr torpaq sahəsi üzərindəki tikili 21 yanvar 2021-ci il tarixdə avtoqəza nəticəsində uçmuşdur. Bir ilədək müddət keçməsinə baxmayaraq, qeyd olunan obyektin bərpası üçün heç bir tədbir görülməmişdir. Bu isə Siyəzən şəhərinin görüntüsünə ciddi xələl gətirir. Ona görə də, təcili olaraq təmir-tikinti işlərinə başlanılmasa, qeyd olunan torpaq sahəsi üzərində əldə etdiyi icarə hüququna xitam verilərək torpaq sahəsinin ilkin təyinatına qaytarılması məsələsinə baxılacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan 01 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X5 21 sentyabr 2022-ci il tarixdə Siyəzən RPŞ-yə ərizə ilə müraciət edərək, Şabran rayonu Ağbaş kənd sakini İddiaçı dövlət qurumlarına müraciət edib, onu və ailəsini, eləcə də, dövlət atributlarını təhqir etməklə, dövlət bayrağını “mənasız dirək” ailəsini isə manqurt adlandırmasını, ədalət mühakiməsini həyata keçirən məhkəmə sisteminə qarşı hörmətsizlik ifadə etməsini göstərmişdir. Aparılmış araşdırma zamanı, X2 müraciətində göstərdiyi xüsusatlarda tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması İddiaçı əməlində hər hansı cinayət tərkibinin olmasını istisna etdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Məhəmməd Musayevə, eləcə də, İddiaçı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan İddiaçı tərəfindən 18 noyabr 2025-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, Siyəzən şəhərində əhalinin ümumi istifadəsi üçün tikilmiş sözügedən qeyriyaşayış obyektinin 1984-cü ilin qiymətləri ilə tərtib edilərək baza qiymətlərinə keçid əmsalına vurulmaqla hesablanmış ümumi smeta məbləği 21080 manat təşkil edir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 2(059)-196/2021 saylı 08 may 2021-ci il tarixli qətnamə və qərardadından görünür ki, İddiaçı cavabdehlər Siyəzən Bələdiyyəsinə, Siyəzən Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə və həmin Xidmətin 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı “müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması və cavabdehlər Siyəzən Bələdiyyəsindən və Siyəzən Rayon İcra Hakimiyyətindən mənəvi zərərin tutulması” tələbinə dair iddiası “müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması” tələbinə dair hissədə rədd edilmiş, cavabdehlər Siyəzən Bələdiyyəsindən və Siyəzən Rayon İcra Hakimiyyətindən mənəvi zərərin tutulması” hissəsi üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-165/2022 saylı 24 fevral 2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3621/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 2(059)-196/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh tərəfindən ona 20000 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, cavabdehin hansı hərəkətləri nəticəsində ona ziyan dəyməsini, ziyanın nədən ibarət olmasını əsaslandırmamış, yalnız cavabdehə sığorta şirkəti tərəfindən ödəniş edildiyini göstərmişdir. Cavabdeh məhkəməyə yuxarıda adları sadalananan müvafiq sənədləri təqdim edərək istifadə edilməyən və qəzalı vəziyyətdə olan dayanacağın onun icarə hüquqları əsasında istifadə etdiyi torpaq sahəsində yerləşdiyini, sığorta hadisəsi nəticəsində həmin ziyanın qiymətləndirilərək ona müvafiq ödəniş edildiyini bildirmişdir. Bundan başqa iddiaçı öz izahatında mübahisəli dayanacağı öz vəsaiti hesabına tikdiyini bildirsə də, dayancağın yerləşdiyi torpaq sahəsinin heç vaxt rəsmi sənədlə ona məxsus olmadığını, bunun üçün dəfələrlə müraciət etsə də, torpaq sahəsinin ona ayrılmadığını bildirmişdir. Həmçinin dayanacağın ona aid olmasına və onun vəsaiti hesabına tikilməsinə dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı qəza nəticəsində ziyan dəymiş dayanacağın ona məxsus olması və cavabdeh tərəfindən ona maddi ziyan vurulması, inzibati orqanın əməkdaşları tərəfindən ona münasibətdə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi ilə bağlı tələbini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən iddia əsaslı hesab edilərək təmin edilə bilməz.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı dövlət rüsumu və bank xidməti üçün cəmi 151 manat vəsait sərf etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın məhkəmə tərəfindən müəyyən edilərək ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, çəkilmiş 151 manat məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın məhkəmə tərəfindən müəyyən edilərək ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Çəkilmiş 151 (bir yüz əlli bir) manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar