Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-773/2025 20.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "nisyə satılmış mebel dəsti və məişət avadanlığının ödənilməmiş dəyərinin və ya alınan əşyaların qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdeh tərəfindən ondan cəmi dəyəri 450 manat olan mebel alınmış, ondan 300 manat ödənilsə də, qalan məbləğ ödənilməmiş qalmışdır. Cavabdeh isə iddia tələbini qəbul edərək iddianın təmin edilməsinə etiraz etməmişdir. İddia tələbi İddiaçı Cavabdeh qarşı "nisyə satılmış mebel dəsti və məişət avadanlığının ödənilməmiş dəyərinin və ya alınan əşyaların qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mebel dəstlərinin ödənilməmiş 150 manat məbləğində qalıq dəyərinin və ya alınan “Mira” markalı dolabın və “Melodiya kompüter masa dəsti”nin, eləcə də, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 05 noyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 450 manat olan mebel dəstlərini, yəni, “Mira” markalı dolabı və “Melodiya kompüter masa dəsti”ni alqısatqı müqaviləsinə əlavə razılaşmaya müvafiq olaraq, ilkin 100 manat, 2 ay müddətinə isə hər ay 175 manat ödəmək şərti ilə nisyə olaraq satın almışdır. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq, aylıq ödənişləri 20 fevral 2024-cü il tarixdən dayandırmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamış, habelə sonuncu tələb olunan qalıq borcu və ya mebel dəstlərini qaytarmaqdan boyun qaçırmaqla, alqı-satqı müqaviləsinin tələblərini pozmuşdur. Beləliklə, Cavabdeh borcundan 300 manat ödəniş etmiş, nəticədə, sonuncunun ümumilikdə 150 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdehlə aralarında bağlanmış 05 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncuya ilkin 100 manat, 2 ay müddətinə isə hər ay 175 manat ödəmək şərti ilə Mira” markalı dolab və “Melodiya kompüter masa dəsti” satılmışdır. Cavabdeh edilmiş şifahi xəbərdarlıqla baxmayaraq, qalıq qalan 150 manat borcu qərəzli şəkildə ödəməkdən yayınmışdır. Həmçinin, cavabdeh ona satılmış mebellərin yarasız olması barədə bir söz bildirməmişdir. Eyni zamanda, hazırda mebellər yararsız halda belə olsa, tərəfindən qəbul edilir. Bundan başqa, cavabdeh günəmuzd işləməklə, gündəlik qazanc əldə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, o, iddiaçıya məxsus mağazadan əvvəllər nağd şəkildə, habelə sonuncu dəfə 05 noyabr 2023-cü il tarixdə hissə-hissə ödəmək şərti ilə mebel dəstləri almış, habelə bu dəstlərin pulunun əksər hissəsini ödəsə də, 150 manat ödənilməmiş qalmışdır. Belə ki, cərrahi əməliyyat olunması səbəbindən, işə davamlı olaraq getmədiyi üçün işdən azad edilmişdir. Həmçinin, heç bir köməklik olmadan iki azyaşlı övladına tək baxması səbəbindən maddi vəziyyəti ağırlamış, məhz bu səbəbdən qalıq qalan borcunu ödəməmişdir. Bundan başqa, mebelləri aldıqdan bir ay sonra, onlar yararsız vəziyyətə düşmüş, həmçinin bu barədə iddiaçıya məlumat vermişdir. Hazırda, iddiaçıdan aldığı mebellərin sonuncuya qaytarılmasına etirazı yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Mülki Prosessual Məcəllə
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 05 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin, eləcə də, alqı-satqı müqaviləsinə əlavə razılaşmanın surətindən görünür ki, ümumi dəyəri 450 manat olan “Mira” markalı dolabı və “Melodiya kompüter masa dəsti” 100 manat ilkin ödəniş edilməklə, 2 ay müddətinə, ayda 175 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan nisyə satılmış əşyaların qalıq dəyərinin hissə-hissə ödənilməsinə dair cədvəlin surətindən görünür ki, cavabdeh iddiaçıya 01 dekabr 2023-cü il və 20 fevral 2024-cü il tarixlərdə 100 manat olmaqla, cəmi 200 ödəniş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 05 noyabr 2023-cü il tarixli müqavilə üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə, ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ümumi dəyəri 450 manat olan “Mira” markalı dolabı və “Melodiya kompüter masa dəsti” 100 manat ilkin ödəniş edilməklə, 2 ay müddətinə, ayda 175 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmış, sonuncu borcundan cəmi 300 manat ödəniş etmiş və ödənişləri dayandırdıqdan sonra iddiaçıya ümumilikdə 150 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddiaçı ödənilməmiş 150 manat borcun cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, iddia tələbinin ödənilməmiş borcun qaytarılmasına dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin “Mira” markalı dolabın və “Melodiya kompüter masa dəsti”nin iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həm mülki qanunvericiliyin, həm də 05 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2.7-ci bəndindən də göründüyü kimi, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Təhvil verilmiş əşyanın qalıq dəyərinin ödənilməsi hissəsi ilə bağlı məqam aydın olsa da, ödənilməmiş malın qaytarılması hissəsi ilə bağlı qeyd olunur ki, alınan mebel dəstlərinin, o cümlədən “Mira” markalı dolabın və “Melodiya kompüter masa dəsti”nin ümumi dəyəri 450 manat olmaqla, bu malların ödənilməmiş dəyəri 150 manat təşkil etmişdir. Yəni, ödənilməmiş mal 150 manat dəyərindədir. Belə olan təqdirdə, iddiaçı ödənilməmiş 150 manat dəyərində olan malın nədən ibarət olmasını aydınlaşdırmamış, habelə tələbdə bütün əşyaların adı qeyd edildiyindən bu hissə qeyrimüəyyən qalmışdır. Bundan əlavə, ödənilməmiş mallar dəqiq göstərilmədiyindən, habelə nədən ibarət olmaları qeyri-müəyyən olduğundan tələb, ödənilməmiş əşyanın dəyərinin tutulması hissəsində təmin edilməlidir. Yəni, tələbin (əşyanın ödənilməsi və ya ödənilməmiş malın qaytarılması) seçim haqqı iddiaçı tərəfdə olmasına baxmayaraq, sonuncu tələbə qeyri-müəyyən yanaşmaqla, hər iki tələblə (dəqiq və qeyri-müəyyən) bir vaxtda çıxış etmiş, habelə seçimini dəqiqləşdirməmişdir ki, bu zaman məhkəmə tələbin daha dəqiq olan hissəsinə, yəni pula münasibətdə təmin edilməsini daha məqsədəmüvafiq hesab edir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 01 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia tələbi üzrə 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 30,40 manat məhkəmə xərci çəkmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bank xidmətinin göstərilməsi üzrə ödənilmiş 0,40 manat məhkəmə xərci iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 150 manat pul və iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 150 (bir yüz əlli) manat pul və iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə