Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-79/2021 22.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan iddiaçı Bankın xeyrinə 105,97 manat əsas, 223,46 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 10,91 manat faiz olmaqla, cəmi 340,34 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2014cü tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə kredit xətti açılmışdır. Cavabdeh ləğv prosesində olan "İddiaçı" ASC-yə olan əsas borcu 105,97 manat, cərimə borcu 223,46 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 10,91 manat borc olmaqla, cəmi 340,34 manat təşkil edir. Lakin, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddia tələbini əsas və faiz borcuna münasibətdə qəbul etsə də, cərimə borcuna münasibətdə ümumiyyətlə qəbul etmir. Belə ki, hesablanmış 223,46 manat cərimə borcunun onun təqsirindən yaranmadığını bildirməklə bu məbləğin həddindən artıq şişirdildiyini qeyd edir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin X1 xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)- 3194/2017 saylı qərarının surətindən görünür ki, "İddiaçı" ASC-nin müflis elan edilməklə, iflas proseduruna başlanılması və onun ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. İşdə olan xx xxxxxxx 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, LPO "İddiaçı" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh Banka 105,97 manat əsas, 223,46 manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 10,91 manat borc olmaqla, cəmi 340,34 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar LPO "İddiaçı" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan Cavabdeh xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, o, iddia tələbini əsas və faiz borcuna münasibətdə qəbul etsə də, cərimə borcuna münasibətdə ümumiyyətlə qəbul etmir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, LPO "İddiaçı" ASC iddia ərizəsinə məhkəmədə baxılması üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik 5(beş) faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 3.5-ci bəndinə görə kredit üzrə ödənişlər Kartdan hər növbəti vəsaitin məxaric olunduğu gündən etibarən müqavillənin 3.3-cü bəndində göstərilən aralıqlara və ay sayına uyğun hesablanmaqla hər növbəti ayın 10-dək bərabər hissələrlə həyata keçirilir. Hər növbəti ayın 10-dək ödəniş olunmayıbsa, ödənilməyən borc məbləğinə illik 54 % (əlli dörd) dərəcəsi ilə cərimə hesablanır. Məhkəmə, iddiaçının "kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının 105,97 manat olan əsas borc üzrə 223,46 manat məbləğində cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 223,46 manat məbləğində hesablanmış cərimənin 10 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx xxxxxxx 2014-cü il tarixli kartının verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə kredit xətti açılmışdır. "İddiaçı" ASC həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Cavabdeh banka 105,97 manat əsas, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 10,91 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 126,88 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə xeyrinə 105,97 manat əsas, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 10,91 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 126,88 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun 37 %-i, yəni 7,40 manatı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə 105,97 manat əsas, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 10,91 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 126,88 (bir yüz iyirmi altı manat 88 qəpik) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun 37 %-i, yəni 7,40 (yeddi manat, 40 qəpik) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-79/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-79/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver