Məhkəmə qərarları › İş №2(059)-86/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-86/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-86/2025 06.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə şifahi nisyə alqı-satqı müqavilələri bağlanmış və müvafiq olaraq cavabdehlərə inək və dana növündə iribuybuzlu heyvanlar satılmışdır. İddiaçı iddia edir ki, o, üzərinə düşən öhdəliyi icra edib heyvanları cavabdehlərə versə də, cavabdehlər alqısatqı qiymətinin bir hissəsini ödəmiş, qalan cəmi 3100 manat məbləğləri bugünə qədər ödəmişlər. Nəticədə ona həm də əldən çıxmış fayda növündə 3200 manat maddi zərər və 1000 manat mənəvi zərər dəymişdir. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3100 manat əsas borcun, 3200 manat əldən çıxmış fayda növündə maddi zərərin, 1000 manat mənəvi zərərin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 93 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, müəyyən müddətdir heyvandarlıqla məşğul olur. Belə ki, aldığı heyvanları 2-3 ay ərzində bəsləyib, yetişdirdikdən sonra, satışa çıxarır. Beləliklə, 09 dekabr 2023-cü il tarixdə Cavabdeh1 2 baş iribuynuzlu heyvan olan inək satmış, sonuncu isə pulu iki ay ərzində ödəyəcəyini bildirmişdir. Daha sonra, cavabdeh 11 dekabr 2023-cü il tarixdə daha 4 baş dana almışdır. Cavabdeh1 4 baş dananı Cavabdeh2 üçün aldığını bildirmiş, habelə ümumilikdə 4200 manat məbləğində pulu 3-5 gün ərzində bankdan kreditə pul götürərək ödəyəcəyini vəd versə də, də heç bir ödəniş olunmamışdır. Bundan sonra, Taleh ilə əlaqə saxlamaq mümkün olmamış, həmçinin sonuncu və Həsən ondan 2 baş inək və 4 baş dana alaraq, ümumilikdə 4200 manat pul ödəməli olduqları halda ödəməmişlər. Daha sonra, Taleh ondan yenidən 3 baş dana verməsini istəyəndə, aldadıldığını anlayaraq DİN 102 qaynar xəttinə müraciət etmiş, habelə müraciəti Sumqayıt ŞPİ-nin 2-ci PB-ə yönəltmişdir. Bununla da, ümumilikdə 4200 manat borcun 1100 manatı polis vasitəsilə ona qaytarılsa da, məsələ mülki iş kimi xarakterizə edilərək cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Sumqayıt ŞPİ-nin 28 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi" haqqında qərarında cavabdehlər izahatlarında yuxarıda qeyd etdiyi faktları təsdiq etmişlər. Qeyd edir ki, cavabdeh pulu vaxtında ödəsəydi, o, həmin pulla 4 baş heyvan alar və onları yetişdirməklə, hərəsindən 4 mərhələ üzrə gəlir əldə edə bilərdi. Bir heyvandan hər mərhələdə 200 manat gəlir əldə etdiyi nəzərə alınsa, nəticədə hər heyvandan 4 mərhələyə 800 manat olmaqla, ümumilikdə 3200 manat pul əldə edə bilərdi. Eyni zamanda, bu məsələ ilə bağlı 9 dekabr 2023-cü il tarixdə yollardadır, habelə ona qarşı edilən bu dələduzluq onda mənəvi sarsıntı və əsəb yaratmışdır ki, buna görə də, heyvanlarını normal qaydada yetişdirərək, işini yerinə yetirə bilmir. Ona görə də, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, Cavabdeh1 cəmi dəyəri 1700 manat təşkil edən iki baş iribuynuzlu heyvan (inək) satmış, habelə sonuncu bu puldan 700 manatını ona ödəsə də, 1000 manatını ödəməmişdir. Bundan sonra, cavabdehlərə birinin qiyməti 600 manat olan 3 ədəd, həmçinin qiyməti 700 manat olan 1 ədəd iribuynuzlu heyvan (dana) satmışdır. Belə ki, cavabdehlər sonuncu altı-satqının cəmi dəyərini təşkil edən 2500 manat məbləğində puldan 400 manatını ona ödəsələr də, 2100 manat ödənilməmiş qalmışdır. Beləliklə, cavabdehlərin ona 1000 manat əvvəldən, 2100 manat sonradan olmaqla, cəmi 3100 manat borcu yaranmışdır. Bununla yanaşı, ona 3200 manat dəyərində əldən çıxmış fayda növündə zərər dəymişdir. Çünki, heyvan altı-satqısı ilə məşğuldur, bu yaranan borca görə fəaliyyəti zəifləmişdir. Həmçinin, hadisə nəticəsində mənəvi sarsıntı və əsəb yaşadığı üçün ona 1000 manat dəyərində mənəvi zərər dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ötən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı cəmi dəyəri 1700 manat təşkil edən iki ədəd iribuynuzlu heyvan (inək) satış almış, bu puldan 700 manatını iddiaçıya ödəsə də, 1000 manatını ödəmədən borclu qalmışdır. Bundan başqa, iddiaçının qeyd etdiyi digər iri buynuzlu heyvanlar (danalar) Cavabdeh2 satılmışdır. Bununla belə, ona satılmış heyvanların yaşlı olması barədə iddiaçıya müraciət etməklə, onları qaytarmaq istəsə də, bu heyvanlardan biri tələf olmuşdur. Beləliklə, onun iddiaçıya 1000 manat məbləğində borcunun olmasının, lakin maddi vəziyyəti ağır olması səbəbindən bu borcu birdəfəlik ödəmək iqtidarında olmasının nəzərə alınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir

608. Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir.

Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi X1 tərəfindən 28 dekabr 2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, həmçinin ona müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 Sumqayıt ŞPİ-nin 2-ci PB-nə verdiyi izahatdan görünür ki, o, Cavabdeh1 ilə birgə İddiaçı nisyə dörd baş iribuynuzlu heyvan (dana) aldıqlarını, bu danalardan ikisini özünün, ikisinin Talehin olması ilə razılaşdıqlarını, lakin 4 baş danaya görə İddiaçı verilməli olan 2500 manat məbləğində pulu özü verəcəyini öhdəsinə götürümüş və öz şəxsiyyət vəsiqəsini Məmmədhəsənə təqdim etmişdir. İddiaçı ona pulun ödənilməsi üçün 2 ay vaxt versə də, o, pulu maddi çətinliklərinə görə ödəyə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh1 Sumqayıt ŞPİ-nin 2-ci PB-nə verdiyi izahatdan görünür ki, o, İddiaçı 1600 manat dəyərində iki baş iri buynuzlu heyvanları (inəkləri) nisyə aldığını, habelə bu heyvanları Bəxtiyar adlı şəxsə satdığını, daha sonra eyni qaydada dörd baş iri buynuzlu heyvan (dana) aldığını, bu heyvanları isə Əlisafa adlı şəxsə satdığını, lakin qeyd olunan heyvanlara görə pulu Məmmədhəsənə verməmişdir. İddia tələbindən görünür ki, tələb 3 hissədən ibarətdir. 1) nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 3100 manat məbləğində borc 2) 3200 manat məbləğində əldən çıxmış fayda növündə maddi ziyan 3) 1000 manat mənəvi zərər Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iribuynuzlu heyvanlar satması təsdiqini tapsa da, o, alqı-satqı müqaviləsi təqdim edə bilməmiş, bununla belə iribuynuzlu heyvanlar üçün cavabdehlərlə ümumilikdə 4200 manata razılaşdıqlarını, həmin məbləğdən 1100 manatının ona ödənildiyini cavabdehlər Sumqayıt ŞPİ-nin 2-ci PB-nə verdikləri izahatlarında, əlavə olaraq Cavabdeh1 məhkəmədə özü etiraf etmişdir. Göründüyü kimi iddiaçı cavabdehlərə alqı-satqı müqaviləsi əsasında satdığı iribuynuzlu heyvanlara görə cavabdehlərin ona cəmi 3100 manat məbləğində borclu olduqlarını sübut etmişdir. Belə olan halda həmin məbləğin iddiaçıya ödənildiyinə dair sübutetmə yükü cavabdehlərə keçir. İşin araşdırılan hallarından görünür ki, Cavabdeh1 məhkəmə iclasında iddiaçıya 1000 manat borclu olduğunu və həmin məbləği ödəmədiyini bildirmiş, digər Cavabdeh2 isə məhkəməyə gəlməmiş, iddiaçıya qeyd olunan məbləği ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərin etirafına uyğun olaraq nisyə-alqı satqı müqaviləsinə əsasən yaranmış borca görə Cavabdeh1 1000 manat, Cavabdeh2 isə 2100 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının əldən çıxmış fayda növündə maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Məhkəmə onu da qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qanunun tələblərindən də göründüyü kimi əldən çıxmış fayda dedikdə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona 3200 manat məbləğində əldə çıxmış fayda növündə maddi zərər dəydiyini iddia etsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinə dair məhkəməyə sübutlar təqdim edilmədiyi üçün rədd edilməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Məhkəmə yuxarıda qeyd olunan mövqedən çıxış edərək göstərir ki, iddiaçı cavabdehlərlə 2023-cü ilin dekabr ayında alqı-satqı müqaviləsinə əsasən iribuynuzlu heyvanlar sataraq pulunu bugünə qədər ala bilmədiyi üçün ilk öncə polis bölməsinə, sonra isə məhkəməyə müraciət etmiş, bir ildən artıq bu müddət ərzində cavabdehlər onun telefon zənglərinə cavab verməmiş, ona borclu olduqları pulu ödəməmiş, heyvandarlıqla məşğul olan şəxs kimi onun öz işlərini buraxıb polis bölməsinə və məhkəməyə dəfələrlə gəlməsinə səbəb olmuş, nəticədə o, dərin stress, əsəb və mənəvi sarsıntı keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, mənəvi zərərə dair hissədə iddia qismən təmin edilməli, Cavabdeh1 100 manat, Cavabdeh2 isə 200 manat məbləğində mənəvi zərərin əvəzi tutulub iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 04 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 93 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 93 manat məbləğində dövlət rüsumunun 46,6 %-i, yəni 43,30 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 1000 manat məbləğində borc və 100 manat mənəvi zərər olmaqla, cəmi 1100 manat, Cavabdeh2 nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 2100 manat məbləğində borc və 200 manat mənəvi zərər olmaqla, cəmi 2300 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş 93 manat dövlət rüsumunun 46,6 faizi, yəni 43,30 manatı cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 1000 manat məbləğində borc və 100 manat mənəvi zərər olmaqla, cəmi 1100 manat, Cavabdeh2 nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 2100 manat məbləğində borc və 200 manat mənəvi zərər olmaqla, cəmi 2300 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 93 manat dövlət rüsumunun 46,6 faizi, yəni 43,30 manatı cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar