Məhkəmə qərarları › İş №2(059)-91/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-91/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-91/2021 19.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m üə y yə n etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,12617 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 12077 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı 20 ildən çox olar, “Oriflame” şirkətində çalışır. İşlədiyi şirkət dövlət şirkəti olmadığına və iş stajının pensiyaya təsir etmədiyini bildiyinə görə işlədiyi müddətdə öz gəliri hesabına qızıl-zinət əşyaları almışdır. Həmin qızılzinəti almaqda məqsədi yaşlılığında ehtiyacı olarsa, satmaq olmuşdur. Cavabdeh iddiaçının qonşusu olmaqla, sonuncu Siyəzən rayonunda yerləşən 1 nömrəli tam orta məktəbdə kimya müəllimi işləyir. İş yerindən əlavə rəsmi olmayan gəlir yerləri də vardır. Cavabdeh iddiaçıda qızıllar olduğunu və həmin qızılları almaqda məqsədini bildiyi üçün tez-tez ona qızılları satmaq üçün verməsini istəmiş, iddiaçı isə təcili pul lazım olduğu zaman dəyər-dəyməzinə satılmasın deyə, onun təklifi ilə razılaşıb, 2019-cu ilin mart ayından 2020-ci ilin may ayınadək cavabdehə hissə-hissə olmaqla, ümumilikdə 20000 manat dəyərində qızıl-zinət əşyası vermişdir. Cavabdehlə aralarındakı razılığa əsasən sonuncu hər satılan qızılın pulunu hissə-hissə, hər ay müxtəlif məbləğlərdə ödəmişdir. Lakin, 2020-ci ilin may ayından etibarən cavabdeh iddiaçıya pul ödəməyi dayandırmış, çoxsaylı müraciətlərdən və məhkəmədə iddia qaldırdıqdan sonra isə 2020-ci ilin noyabr ayında 540 manat ödəyib, yenidən ödənişləri kəsmişdir. Bununla da, cavabdehin iddiaçıya hazırda 12077 manat ödənilməmiş borcu qalmışdır. Dəfələrlə, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş cavabdeh, borcunu etiraf etsə də, müxtəlif bahənələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırmağa çalışır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh sonuncu iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, 2019-cu ilin mart ayından 2020-ci ilin may ayınadək iddiaçıdan hissə-hissə olmaqla, ümumilikdə 20 000 manat dəyərində qızıl-zinət əşyası almış, sonuncu ilə aralarındakı razılığa əsasən o, hər satılan qızılın pulunu hissə-hissə, hər ay müxtəlif məbləğlərdə ödəmişdir. Lakin, 2020-ci ilin may ayından etibarən iddiaçıya pul ödəməyi dayandırsa da, noyabr ayında borclu olduğu məbləğdən 540 manat ödəmişdir. Bununla da, onun iddiaçıya hazırda 12077 manat ödənilməmiş borcu qalmışdır. Borcunu qaytara bilməməsinin səbəbi qızılları satdığı X1 əşyaların dəyərini ona ödəməməsi olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli yazılı sənəddən görünür ki, Quliyeva X2 Gülgəz Əli qızına qızılların dəyəri olan 12617 manat vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh tərəfindən xx xxxx 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, İddiaçı olan 12077 manat borcunu etiraf etmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, tərəflər arasında şifahi razılığa əsasən iddiaçı 2019-cu ilin mart ayından 2020-ci ilin may ayınadək cavabdehə satması üçün ümumilikdə 20 000 manat dəyərində qızıl-zinət əşyası vermiş, cavabdehlə aralarındakı razılığa əsasən sonuncu hər satılan qızılın pulunu hissə-hissə, hər ay müxtəlif məbləğlərdə ödəmişdir. Lakin, 2020-ci ilin may ayından etibarən cavabdeh iddiaçıya pul ödəməyi dayandırmış, habelə həmin ilin noyabr ayında 540 manat ödəniş etdikdən sonra ödənişlər kəsilmişdir. Cavabdeh iddiaçıya olan borcunu qaytarmalı olsa da, sonuncu qarşısında öhdəliyini lazımınca yerinə yetirməmiş, o cümlədən iddiaçıya 12077 manat ödənilməmiş borcu qalmışdır. Edilən xəbərdarlıqlara rəğmən Cavabdeh İddiaçı ilə şifahi formada bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun qızıl-zinət əşyalarından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, nisyə alqı-satqı müqaviləsinin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Bu səbəbdən də, iddiaçı ödənilməmiş 12077 manat borcun cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 12077 manat pul və iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 12077 (on iki min yetmiş yeddi) manat pul və iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar