Məhkəmə qərarları › İş №2(059)-97/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-97/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-97/2021 01.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC-nin “Ticarət” filialı arasında bağlanmış xx xxx 2019-cu il tarixli, FNZ-00036-04/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən xx xxxxxxx 2020-ci il tarixə ödənilməmiş 6585,6 manat əsas, 844,56 manat faiz, 997,78 manat dəbbə olmaqla, cəmi 8427,94 manat borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləği faizlərlə birlikdə ödəniş cədvəlinə əsasən müəyyən edilmiş qaydada qaytarılmalı idi. Kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə iddiaçı Bank arasında həmin tarixdə zaminlik müqaviləsi imzalanmış və zamin bu müqaviləni imzalamaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca və vaxtında yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İddiaçı Bank üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və müqavilə üzrə borc öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Hazırda cavabdehlərin iddiaçı Banka borcu cəmi 8427,94 manat təşkil edir. Cavabdehlərə bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onlar üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, bu günədək borc ödənilməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, xx xxx 2019-cu il tarixli, FNZ-00036-04/19A nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh1 istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 8000 manat məbləğində kredit vermişdir. Bu kredit müqaviləsinin təminatı olaraq xx xxx 2019-cu il tarixdə Borcverən "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış FNZ-00036-04/19A saylı zaminlik müqaviləsinə əsasən zamin borcverən qarşısında borcalanın xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan xx xxx 2019-cu il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən 8000 manat məbləğində pul almışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 2020/6376 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə olan borcu əsas məbləğ üzrə 6585,6 (altı min beş yüz səksən beş manat 60 qəpik) manat, faiz üzrə 844,56 (səkkiz yüz qırx dörd manat 56 qəpik) manat, dəbbə pulu üzrə 997,78 (doqquz yüz doxsan yeddi manat 78 qəpik) manat olmaqla, cəmi 8427,94 (səkkiz min dörd yüz iyirmi yeddi manat 94 qəpik) manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, müqavilə üzrə yaranmış borcun ödənilməsi onlardan tələb edilmiş, əks təqdirdə borcun ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh1 üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı onlar arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kredit müqaviləsinə 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, 8000 manat məbləğində kredit 36 ay müddətinə faizlərlə birlikdə hər ayın 1,2 və 3-də 331 manat, sonuncu ay isə 320,53 manat hesablanmaqla ödənilməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə borcverən qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə iddiaçı bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış fazilərin məbləğinin ödənilməsini 3(üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanılır. Məhkəmə, iddiaçının "kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının cəmi 6585,6 (altı min beş yüz səksən beş manat 60 qəpik) manat olan əsas kredit borcu üzrə 997,78 (doqquz yüz doxsan yeddi manat 78 qəpik) manat dəbbə pulu hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 997,78 (doqquz yüz doxsan yeddi manat 78 qəpik) manat məbləğində hesablanmış dəbbə pulu məbləğinin 650 (altı yüz əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxx 2019-cu il tarixli krediti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28 faizlə 8000 manat məbləğində kredit verilmişdir. Bu müqavilənin təminatı olaraq bankla zamin Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmiş və həmin müqaviləyə əsasən iddiaçı müvafiq kredit məbləğini cavabdehin istifadəsinə ayırmışdır. Lakin, cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə, kredit üzrə 6585,6 manat əsas, 844,56 manat faiz, 650 manat dəbbə pulu olmaqla, cəmi 8080,16 manat məbləğində borcları yaranmışdır. Cavabdehlər borclu kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, edilən xəbərdarlıqlara məhəl qoymamış, iddiaçı ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etməyərək onları əhəmiyyətli dərəcədə pozmuş və bankın vəsaitindən qanunsuz istifadə etməklə sonuncuya maddi ziyan vurmuşlar. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, FNZ-00036-04/19A saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6585,6 (altı min beş yüz səksən beş manat 60 qəpik) manat əsas, 844,56 (səkkiz yüz qırx dörd manat 56 qəpik) manat faiz, 650 (altı yüz əlli) manat dəbbə pulu olmaqla, cəmi 8080,16 (səkkiz min səksən manat 16 qəpik) manat borc, eləcə də 30,40 (otuz manat 40 qəpik) manat çəkilmiş məhkəmə xərcinin 96%-i, yəni 29,18 (iyirmi doqquz manat 18 qəpik) manatı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, FNZ- 00036-04/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6585,6 (altı min beş yüz səksən beş manat 60 qəpik) manat əsas, 844,56 (səkkiz yüz qırx dörd manat 56 qəpik) manat faiz, 650 (altı yüz əlli) manat dəbbə pulu olmaqla, cəmi 8080,16 (səkkiz min səksən manat 16 qəpik) manat borc, eləcə də ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məhkəmə xərcinin 96%-i, yəni 29,18 (iyirmi doqquz manat 18 qəpik) manatı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar