Məhkəmə qərarları › İş №2(059)-98/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-98/2023

20.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-98/2023 20.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə iddiaçı Əliyeva (İsgəndərova) Aygül Ərəstin qızının Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı Əliyeva (İsgəndərova) Aygül Ərəstin qızı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 avqust 2011-ci il təvəllüdlü X1 və 26 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-287/2019 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan 110 manat, cəmi 220 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-287/2019 saylı qətnaməsi ilə cavabdehlə arasında bağlanmış nikahın pozulması, övladlarının onun himayəsində və yanında saxlanılması, eləcə də 09 avqust 2011-ci il təvəllüdlü X1 və 26 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh onun xeyrinə 08 iyul 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sözügedən qətnamə qəbul edildikdən sonra onun və cavabdehin maddi vəziyyətində bir çox dəyişikliklər yaranmışdır. Belə ki, o, bu il Sumqayıt Dövlət Universitetinin nəzdində olan Sumqayıt Texniki Kollecinə qəbul olmuş və hazırda orada ödənişli əsaslarla təhsil almaqla illik 800 manat məbləğində təhsil haqqı ödəyir. Hazırda səkkiz yaşında olan övladı 3-cü sinifdə, on bir yaşında olan digər övladı isə altıncı sinifdə oxuyur. Uşaqları böyüdükcə onların ehtiyacları və xərcləri də artmışdır. Eyni zamanda, 2019-cu ilin uşaqlar üçün yaşayış minimumu 160 manat olduğu halda, 2022-ci il üçün 193 manat təşkil etmişdir. Övladlarına baxması, eləcə də təhsili ilə əlaqədar olaraq hazırda heç yerdə işləmədiyindən övladlarının tələbatlarını ödəməkdə maddi cəhətdən çətinlik çəkir. Cavabdehin isə maddi vəziyyətində irəliləyiş olmuşdur. Belə ki, cavabdeh 2019-cu ildə Siyəzən RİH-nin Kommunal Müəssisələri Kombinatında işləməklə, hər ay 180 manat əmək haqqı alırdısa, hazırda Siyəzən şəhərində yerləşən “Azercell”ə məxsus dükanda işləyir. Eyni zamanda, hazırda minimum əmək haqqı 180 manat deyil, 300 manat təşkil etməkdədir. Bundan əlavə, alimentin məbləğinin artırılması tələbi” ilə mediasiya prosesində iştirak etsələr də, Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq vermədiyindən 30 noyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, məhkəmənin sözügedən qətnaməsi ilə hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, cavabdeh alimenti tam şəkildə ödəmədiyindən hazırda 6659 manat aliment borcu vardır. Eyni zamanda, aliment borcu olduğuna görə məhkəmənin qərarı ilə Cavabdeh mülkiyyətində olan üzərinə həbs qoyulmaqla, hərraca çıxarılmış “Mercedes” markalı avtomobil hərracda 6000 manat məbləğində qiymətləndirilmişdir. Avtomobilin uşaqlara verilməsi prosesi başladıqdan sonra cavabdeh müvafiq ərizə ilə müraciət etmiş, habelə hərracda qoyulan məbləğlə razılaşmamışdır. Hazırda o, işləməklə, iddiaçıya maddi cəhətdən yardım edir, habelə sonuncu onun evində yaşayır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, ikinci dəfə 2021-ci ilin iyul ayında rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan da, 03 iyul 2021-ci il tarixdə Möhsin adlı oğlan övladı doğulmuşdur. Bu səbəbdən də, əlavə öhdəlikləri olduğuna görə maddi xərcləri çoxaldığından aliment məbləğinin artırılmasına razı deyildir. Bundan əlavə o, hazırda heç yerdə işləməsə də, işlədiyi dövrlərdə aylıq 500-700 manat məbləğində gəlir əldə etmişdir. Əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərərək gəlir əldə etsə də, 2022-ci ilin yanvar ayında sahibkarlıq fəaliyyətinə xitam verilmiş, habelə indiki vaxta da əlavə gəliri yoxdur. Hazırda, onun iddiaçıya 4000 manatdan çox aliment borcu olsa da, bu məbləğ 6659 manat deyildir. Belə ki, o, əvvəllər kifayət qədər gəlir əldə edərək, aliment ödənişlərini lazımı qaydada icra etmiş, habelə ödənişlərlə bağlı müvafiq qəbzlər Siyəzən rayon icra və probasiya şöbəsində mövcuddur. Eyni zamanda, o, sonradan aliment ödənişlərini dayandırmış və bununla əlaqədar olaraq, məhkəmənin qərarı ilə ona məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. Bundan əlavə, birinci nikahından doğulmuş oğlu Səccadın görməsində və eşitməsində müəyyən problemlər olmaqla yanaşı, qızı Fatimə də xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən də, sonuncuların müalicəyə ehtiyacı olduğundan o, uşaqlarını alimentdən kənar müalicə etdirmək istəsə də, iddiaçı və ailəsi onun istəyinə məhəl qoymayaraq buna icazə verməmiş, habelə sonuncular uşaqları müalicə etdirməmişlər. Bundan əlavə, həmin ərəfələrdə o, uşaqların geyim xərclərini ödəmiş, habelə məktəb ləvazimatlarının alınmasında maddi yardım göstərmişdir. Uşaqlarının alimentini əvvəllər lazımı qaydada ödəməsinə baxmayaraq, onların maddi ehtiyaclarına, həmçinin müalicələrinə vəsait xərclənmədiyi üçün prinsip edərək aliment ödənişini dayandırmışdır. Bununla yanaşı, əvvəllər ödədiyi aliment məbləğləri onun övladlarının maddi ehtiyaclarına sərf edilməməklə yanaşı, iddiaçının nümayəndəsi olan Nümayəndə oğlunun xonça hazırlığına xərclənmiş və həmin dövrlərdə də, övladları cırıq ayaqqabı ilə məktəbə göndərilmişdir. Aliment məbləğinin artırılmasına razı olmasa da, iddiaçının maddi imkanının olmadığı təqdirdə övladlarını yanına və himayəsinə götürərək baxmağa hazırdır. Bundan əlavə, birinci nikahdan doğulmuş övladlarının maddi vəziyyəti yaxşılaşdırılarkən ikinci nikahdan olan övladının maddi durumu pisləşməməlidir. Odur ki, himayəsində ikinci nikahdan doğulmuş övladının, xəstə anasının olmasının nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 18 avqust 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 711874 nömrəli və 24 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 248360 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh anası Əliyeva (İsgəndərova) Aygül Ərəstun qızı olan X3 09 avqust 2011-ci il tarixdə, X4 isə 26 dekabr 2013-cü il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-287/2019 saylı qətnaməsinin surətindən görünür ki, 20 fevral 2013-cü il tarixdə Siyəzən rayon qeydiyyat şöbəsində bağlanmış və 18 nömrə ilə qeyd edilmiş nikahın pozulması, uşaqların iddiaçının yanında və himayəsində saxlanılması, nikah pozulduqdan sonra 08 iyul 2019-cu il tarixdən başlayaraq, 09 avqust 2011-ci il təvəllüdlü X1 və 26 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 16 iyul 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 596989 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası X6 olan X5 03 iyul 2021-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, VÖEN nömrəsi ********** (aktiv), fəaliyyət obyekti “AZƏRSELL” olan Cavabdeh 02 fevral 2010-cu il tarixdən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 20 fevral 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 09 avqust 2011-ci il tarixdə Fatimə, 26 dekabr 2013-cü il tarixdə isə Səccad adlı övladları doğulmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməməsi səbəbindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və 09 avqust 2011-ci il təvəllüdlü Fatimənin və 26 dekabr 2013-cü il təvəllüdlü Səccadın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Bundan əlavə, Cavabdeh sonradan ikinci dəfə Günay İsgəndərova ilə rəsmi nikaha daxil olmaqla, evlənmiş və bu nikahdan 03 iyul 2021-ci il tarixdə onların Möhsin adlı övladı doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 09 avqust 2011-ci il təvəllüdlü X1 və 26 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Bundan başqa, məhkəmə cavabdeh tərəfin alimentin artırılmasına etirazına münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, göstərilən hallar onun haqlı olmasına dəlalət etmir. Həmçinin, cavabdehin maddi durumu ilə bağlı qeyd etdiyi hallar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsini təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Çünki, cavabdeh izahatında 2022-ci ilin yanvar ayında sahibkarlıq fəaliyyətinə xitam verildiyini, habelə əlavə gəlirinin olmadığını bildirsə də, davamında, aliment məbləğinin artırılmasına razı olmamasına baxmayaraq, iddiaçının maddi imkanının olmadığı təqdirdə, övladlarını yanına və himayəsinə götürərək baxmağa hazır olduğunu qeyd etmiş, bununla da, maddi vəziyyəti ilə bağlı izahatında istinad etdiyi dəlilləri izahatı ilə təkzib etməklə, istinad etdiyi halların onun özünün valideyn məsuliyyətindən yayınması üçün irəli sürdüyü arqumentlərdən ibarət olduğunu təsdiq etmişdir. Eyni zamanda, cavabdehin uşaqlarına görə aliment ödənişlərini əvvəllər lazımı qaydada icra etməsinə baxmayaraq, bu vəsaitin sonuncuların maddi ehtiyaclarına, həmçinin müalicələrinə xərclənmədiyi üçün sonradan prinsip edərək ödənişləri dayandırdığını bildirməsinə münasibətdə qeyd olunur ki, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, yetkinlik yaşına çatmayan uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan, cavabdehin ikinci nikahından olan övladına qayğı göstərməsi onu digər övladlarına, yəni Fatiməyə və Səccada münasibətdə valideynlik öhdəliklərini yerinə yetirməkdən azad etmir. Çünki, alimentin həcminin müəyyən edilməsi zamanı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatlarının səviyyəsi, habelə uşaqların maraqları nəzərə alınmalıdır. Beləliklə, Cavabdeh bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün İddiaçı (İsgəndərovaya) maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Bununla belə, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü ilin yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq gəlir əldə etməsi, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, cavabdehin başqa bir qadınla yenidən evlənməklə, hazırda həmin qadından daha bir uşağının olması, habelə bu uşağın da saxlanması üçün vəsaitin sərf edilməsi, həmçinin iddiaçının qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onun minimum maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 09 avqust 2011-ci il təvəllüdlü X1 və 26 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-287/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh iddiaçı Əliyeva (İsgəndərova) Aygül Ərəstin qızının xeyrinə hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı Əliyeva (İsgəndərova) Aygül Ərəstin qızının ödəməkdən azad edildiyi 66,32 manat dövlət rüsumunun 78%-i, yəni 51,73 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 09 avqust 2011-ci il təvəllüdlü X1 və 26 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)- 287/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh iddiaçı Əliyeva (İsgəndərova) Aygül Ərəstin qızının xeyrinə hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Əliyeva (İsgəndərova) Aygül Ərəstin qızının ödəməkdən azad edildiyi 66,32 manat dövlət rüsumunun 78%-i, yəni 51,73 (əlli bir manat 73 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar