Məhkəmə qərarları › İş №2(060)-101/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-101/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-101/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 1870 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhərində yaşayır. Cavabdehləri Cavabdeh və Şahid Sumqayıt şəhərində tanımışdır. Belə ki, Cavabdeh Şahid sayəsində tanımışdır. Bir müddətdən sonra Cavabdeh pul lazım olduğunu bildirmiş, o isə pulunun olmadığını demişdir. Şahid ona zəng edib demişdir ki, Rakifə köməklik etsin, Rakif pulu qaytarmasa özü ona ödəyəcəkdir. Cavabdeh ilk dəfə xx.xx.2023-cü il tarixdə Şəhanə restoranın yanında 500 manat, sonra isə xx.xx.2023-cü il tarixdə Əşya bazarının yanında 1300 manat pul vermişdir. Verəndə demişdir ki, uzağı 1-2 aya pulunu qaytaracaqdır. xx.xx.2023-cü il tarixdə pulu verəndə ona pensiya kartını vermişdir ki, ordan 65 manat çıxartsın borcundan, yanvar ayında 65 manatı kartdan çıxartmışdır. Ondan sonra bir dəfə də 65 manat kartından çıxartmışdır ki, ona zəng elədi və 65 manatın 30 manatın istədi, dedi uşaqlarına görə lazımdır. Onun da yazığı gəlib 30 manatını qaytarmışdır. Daha sonra Gündüz adlı kişi 100 manat ona Cavabdehın borcundan verdi. Cavabdeh əvvəlki borcundan 270 manat var idi. Fevral ayından sonra cavabdehə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, borcunu ödəməkdən yayınmışdır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh borc vermişdir. Borcunu 1-2 ay müddətinə qaytaracağını bildirsə də, cəmi 100 manat ödəniş etmişdir. Ondan borc istəyən zaman vermək istəməmişdir. Lakin tanışı Şahid onun güvənli şəxs olduğunu bildirərək borc verməyini məsləhət görmüşdür. Cavabdehə dəfələrlə borcun qaytarılması barədə müraciət etsə də, borcunu ödəməkdən yayınır. Qalıq borcu 1870 manat təşkil edir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirakı təmin edilmiş Cavabdeh izahatında bildirdi ki, iddiaçı tərəfindən ona 1000 manat məbləğində borc verilmişdir. Ona bildirmişdir ki, hər ay borcundan 20-30 manat məbləğində ödəmək imkanı vardır. Lakin qarşı tərəf bununla razılaşmamışdır. Ona görə də borcunu ödəməmişdir.

5. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirdi ki, İddiaçı kafedə işlədiyi zamandan tanımışdır. İddiaçıya Cavabdeh borc verməsini məsləhət bilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə borcun verilməsini şəxsən görməmişdir.

Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

9. Belə ki, İddiaçı Cavabdeh 1870 manat məbləğində pul vəsaiti verdiyini iddia edərək, həmin məbləğin geri qaytarılması ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

11. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

12. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

13. Hazırki halda iddiaçıya pul vəsaitinin verilməsini sübutetmə vəzifəsi iddiaçıya, həmin pul vəsaitinin ödənildiyini sübutetmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

14. Hazırki işdə 1870 manat pul vəsaitinin 1000 manat məbləğində hissəsinin iddiaçı tərəfindən cavabdehə verilməsi cavabdehin etirafı əsasında öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında videokonfrans vasitəsilə iştirakı təmin edilmiş Cavabdeh iddianı qismən qəbul edərək İddiaçı borca 1000 manat pul vəsaiti aldığını etiraf etmişdir. Lakin iddiaçı tərəfindən qalan 870 manat məbləğində vəsaitin cavabdehə verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə qeydə alınmış səs yazılarından isə cavabdehin iddiaçıya məhz 1870 manat məbləğində borcunun olması müəyyən edilmir. Belə ki, həmin səs yazıları ilə tərəflər arasında borcun qaytarılması ilə bağlı mübahisənin olduğu görünsə də, borcun məbləğinin məhz 1870 manat məbləğində olduğu öz əksini tapmır.

15. Məhkəmə şahid qismində dindirilmiş Şahid ifadəsi ilə bağlı qeyd edir ki, onun verdiyi ifadəyə əsasən o, borcun cavabdehə verilməsinin, habelə hansı məbləğdə verilməsinin bilvasitə şahidi olmamışdır.

16. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə borc olaraq 1000 manat məbləğində pul vəsaiti verilmiş, lakin cavabdeh qeyd olunan məbləğin iddiaçıya qaytarılmasına dair öhdəliyini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. İddianın digər hissəsində, yəni 870 manat vəsaitin qaytarılması hissəsində isə iddiaçı həmin vəsaitin cavabdehə verildiyini sübut edə bilməmişdir.

17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi 1000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar