Məhkəmə qərarları › İş №2(060)-1032/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1032/2025

04.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1032/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı2 nümayənədəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.500 (bir min beş yüz) manat məbləğində pulun, eləcə də onun tərəfindən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 xx xxxxxx 1956-cı il tarixdə Ermənistan SSR, Krasnoselo rayonunda anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iş üzrə Cavabdeh qeyd olunan hadisə baş verməzdən əvvəl tanımamış, heç bir əlaqəsi olmamışdır. Belə ki, qardaşı Nümayəndə ilə Sumqayıt şəhərində ticarət etmək məqsədi ilə icarəyə yer axtarmış, bu məqsəd ilə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən və pəncərəsində icarəyə verilir deyə reklam yazısı olan obyekti bəyənmiş, elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış və obyektin sahibi icarə haqqı olaraq 1.500 (bir min beş yüz) manat pul istəmiş, həmin məbləğ ilə razılaşmışdır. Həmin günün axşamı Cavabdeh əlaqə saxlayaraq əgər obyekti icarəyə götürmək fikirləri ciddidirsə 1-ci ayın ödənişin qabaqcadan tələb etmiş və onun tərəfindən qardaşı oğlu İddiaçı2 Xanbuta oğluna məxsus kart vasitəsi ilə Cavabdeh məxsus **********480007 nömrəli kart hesabına 1.500 (bir min beş yüz) manat məbləğində pul köçürmüşdür. Qeyd edir ki, həmin 1.500 manat məbləğində pul ona məxsusdur, sadəcə olaraq anlayışı olmadığı üçün qardaşı oğluna məxsus olan kart vasitəsi ilə köçürmə etmiş, həmin köçürməyə dair qəbz də iddia ərizəsinə əlavə edilir. Daha sonra cavabdeh ilə əlaqə saxlamış, obyektin icrəsini rəsmiləşdirmək üçün icarə müqaviləsini nə zaman bağlayacaqlarını soruşduqda cavabdeh özünün ehtiyatda olan polis polkovniki olduğunu, hər hansı formada icarə müqaviləsi bağlamağın lüzum olmadığını, əgər icarə müqaviləsi bağlansa dövlətə hər ay 270 manat məbləğində vergi ödənməli olduğunu və həmin məbləğin də onun tərəfindən ödənəcəyini bildirmişdir. O isə bununla razılaşmamış, cavabdeh ilə əlaqə saxlayaraq ödənilmiş 1.500 manat məbləğində pulu geri qaytmasım tələb etmiş, lakin cavabdeh heç bir ödəniş etməyərək, hədə-qorxu gəlmişdir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Belə ki, cavabdehin qanunsuz əməli ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmiş, lakin heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh məhkəməyə yazılı şəkildə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müraciətində qeyd etmişdir ki, iddiaçı Babayev X1 qarşı “pul tələbi”nə dair 2(060)-1032/2025 saylı mülki iş vardır və həmin iş üzrə məhkəmə iclası 04 aprel 2025-ci il tarixə təyin edilmişdir. Bildirmək istəyir ki, iddiaçının iddiası tamamilə qanunsuz və əsassızdır. Belə ki, 2024-cü ilin oktyabr ayında iddiaçı onunla əlaqə saxlayaraq Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən onun xüsusi mülkiyyətində olan obyekti icarəyə götürmək istədiyini və obyektin kişi geyim mağazası kimi fəaliyyət göstərəcəyini bildirmişdir. Qeyd edir ki, həmin vaxt rayonda toyda olmuş, iddiaçıya ayın 20-si qayıdacağını bildirmiş, iddiaçı isə ondan xəbər gözlədiyini və obyekti heç kimə icarəyə verməməyini xahiş etmişdir. Qeyd edir ki, obyektin üzərində satılması ilə bağlı qeyd olunan yazını da məhz iddiaçı çıxarmışdır. Obyektə baxan zaman iddiaçılar obyektin kafelinin olmadığını eləcə də divarlarında da müəyyən işlərin aparılmalı olduğunu görmüşdürlər. Onlar isə ondan həmin işləri görməyini istəmişlər. O isə onlara “qardaş, bu işləri gördürərəm, amma birdən sən sonra istəmədin, onda necə olacaq bəs,” deyə sual vermiş və onlara arendanın birici ayını qabaqcadan beh kimi verməyi və həmin ödəniş ilə obyektə təmir işləri aparacağını, noyabr ayının 1-dən isə obyekti onlara təhvil verəcəyini bildirmişdir. Danışıqlarına əsasən ilk 5 ay iddiaçı 1300 manat, sonrakı aylar isə 1500 manat kirayə pulu ödəməli idi. İddiaçılar ilə bu barədə razılığa gəlmiş, birlikdə kafel (metlax) almış və obyektdə təmir işlərinə başlanmışdır. Təxminən 2-3 gün sonra iddiaçı onunla əlaqə saxlayaraq fikrini dəyişdiyini və pulu geri qaytarmağını istəmişdirlər. O isə onlara aralarındakı danışığı xatırlatmış və onların fikrinin ciddi olduğunu düşünərək verdikləri puldan da artıq xərci çıxdığını bildirmişdir. İddiaçı isə ona istəmədiklərini, aldığı materialları geri qaytararaq pulu geri tələb etmişdir. İddiaçı isə iddia tələbində guya onun icarə müqaviləsi bağlamaq istəmədiyini əsas gətirmiş və bu səbəbdən fikrini dəyişdiyini bildirmişdir. Bu tamamilə yalan və cəfəngiyyatdır. Özü istefada olan polis polkovnikleytenantıdır. Xidmət etdiyi dövr ərzində daim hüquq pozuntularının qarşısını almaq üçün mübarizə aparmışdır. O, nəyə güvənib iddiaçı ilə icarə müqaviləsi bağlamaqdan imtina edə bilər? Qeyd edir ki, daha əvvəl həmin obyektin istər kirayəsi, istərsə də ləğvi barədə icarəyə götürənlər ilə notarial qaydada müqavilələr bağlanmışdır. Həmin müqavilələrin surəti hazırki ərizəyə əlavə edilir. Necə olur ki, əvvəlki icarəyə götürənlər ilə müqavilə bağlamış, amma indiki iddiaçılar ilə müqavilə bağlamaqdan yayınır? Həmçinin bildirmək istəyir ki, hazırki iş üzrə iddiaçı X3 tanımır, heç bir əlaqəsi olmamışdır. Danışıqları məhz onun qardaşı Nümayəndə ilə olmuşdur. Hazırki ərizəyə əlavə edilən qaimə fakturalarından da görünür ki, onun tərəfindən obyektin təmiri üçün materiallara 1550 manat pul ödənilmişdir. Əlavə olaraq 648 manat metlaxın vurulması üçün, 360 manat isə emusya vurulması üçün ustaya vermiş, eləcə də 150 manat yemək xərclərinə verməklə ümumilikdə 1158 manat pul ödəmişdir. Lakin iddiaçı bunların heç birini dilinə gətirmir, iddia tələbini olmayan bir hal ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə iclasında İddiaçı2 izahatında göstərdi ki, obyekti danışmağa getmişlər. Onların xoşuna gəlmiş və icarəyə götürmək istəmişlər. Danışmış və razılaşmışlar. Evə gəlmiş və daha sonra cavabdeh ilə əlaqə saxlamışlar. 1500 manata razılaşmışlar. Tarixlər təxmini olaraq yadında deyildir. Müqavilə barəsində razılaşma olmamışdır. İcarə haqqının qalxmaması üçün 6 aylıq müqavilə bağlamaq istəmişdirlər. Razılaşma olmadığı üçün onlar da imtina etmişlər. Kartından 1500 manat pul ödəmişlər. Rövşən bəy də daha sonra pulu geri qaytarmağa razı olmamışdır. Təmir üçün aralarında razılaşma olmamışdır. Obyekt cavabdehin özünündür. Onun marağı ilə obyekti remont etməz. Obyekt təmirsiz vəziyyətdə olmuşdur. Onlar həmin vəziyyətdə götürərək, plan olduğu təqdirdə remont edə bilərdilər. Metlağın rəngini qarşı tərəf öz obyekti olduğu üçün özü seçmişdir. Ləğvə əsas isə rəsmi müqavilənin bağlanmaması olmuşdur. Qarşı tərəf razılaşmamışdır. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, iddiaçının atası ilə yox, Emil ilə danışmışdır. Həmin zaman da rayonda olmuşdur. Ona demişdir ki, obyekti icarəyə götürmək istəyir. Emilə demişdir ki, sonrakı günün axşamına qədər gələcəkdir. Onlar da bildirmişdir ki, həmin obyekti icarəyə götürürlər. Heç kimə verməsinlər. Başqa adamlar da zəng etmişdir. Sumqayıta qayıtdıqda icarə elanının olmadığını görmüşdür. Qarşı tərəf içəri girmiş və həmin zaman içəri boz rəngdə olmuşdur. 1500 manat qarşı tərəfdən almışdır. Qarşı tərəf bildirmişdir ki, rəng açıq olmalı və kafel vurmalıdırlar. Onların istəyinə görə remont edəcəyi və 2 yaxud 3 min manat xərc çəkdikdən sonra bu necə olacaqdır. Xanputa demişdir ki, o zaman birinci ayın pulunu versinlər. 6 ay 1300 manatdan, daha sonra isə müqavilə əsasında qiymət ilə icarəyə verəcəkdir. Usta ilə danışmış və təxminən 2000- 2500 manat miqdarında xərci çıxacağını bildirmişlər. Obyekt təmir olunmalı və daha sonra notariusa getməli idilər. Digər şəxslər 30 min manata qədər təmir üçün pul vermişdirlər. Qarşı tərəf ilə razılaşmış və onlar da ona 1500 manat pulu təmir üçün vermişlər. Emil ilə bərabər getmiş, kafelin özünü iddiaçı seçmişdir. 2 gün sonra isə ona zəng etdikdə, bildirmişdir ki, obyektə xərc çəkmişdir. Yarı məbləğini qaytarsın ki, aralarında narazılıq olmasın. İman kişi ona zəng etmiş və ona hədə-qorxu gəlmişdir. Qarşı tərəfin verdiyindən əlavə 1500 manat materiala pul xərcləmiş, 648 manat bir ustaya, 150 manat onların yeməklərinə, 360 manat da bir pul vermişdir. Hal-hazırda icarəyə verməmişdir. 4-5 aydır ki, ora boş qalmışdır. 15 yanvar 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. X6 ailəsi böyükdür, maddi cəhətdən çətinlik çəkmişdir. Bu səbəbdən belə bir qərara gəlmişlər ki, bir obyekt tapsınlar, köməklik etsinlər, oranı işlədərək maddi vəziyyətini yaxşılaşdırsın. Xanbuta obyekt tapdığını bildirmiş, onlar da gedərək obyektə baxmışlar. Obyekti icarəyə verən cavabdeh öncədən 1500 manat pul istəmişdir. Onlar da pulu cavabdehə ödəmiş, razılaşmışlar. Belə ki, cavabdeh ayın 22-si qardaşına zəng edib bildirmişdir ki, pulu ödəməsə obyekti başqasına verəcəkdir. Ayın 1- isə cavabdeh obyekti qardaşına təhvil verməli idi. 15 yanvar 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı2 nümayənədəsi X2 izahatında bildirmişdir ki, pulu o qardaşının oğluna vermişdir. Qardaşının oğlu Emilin kartından da cavabdehin kartına köçürmüşlər. Ayın 1-i cavabdeh obyekti təhvil verməmişdir. Qardaşı da cavabdehə demişdir ki, icarə müqaviləsi bağlasınlar, cavabdeh bildirmişdir ki, “o polis polkovnikidir, heç kim onlar heç nə deməyəcəkdir.” Ona görə də polisə müraciət etmişdir. İddia tələbini müdafiə edir. Pulu qardaşından alıb, cavabdehə vermişlər. 10 fevral 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdeh onlara demişdir ki, obyekti təmir etdirib verəcəkdir. Obyektin icarəsini rəsmiləşdirmək üçün VÖEN istəmiş və icarə müqaviləsini nə zaman bağlayacaqlarını soruşmuşdur. Cavabdeh isə ehtiyatda olan polis polkovniki olduğunu qeyd etmiş və hər bir şeyi özü həll edəcəyini bildirmişdir. Cavabdeh axşam zəng eləmişdir ki, obyektin birinci ayının pulunu versin ki, onlar obyekti götürürsə, o da təmir işlərini görsün. O da qeyd etmişdir ki, onun əlində hazırda pul yoxdur. Ayın axrına danışmışlar ki, ödəyəcəkdirlər. Cavabdeh bildirmişdir ki, obyekti icarəyə götürmək istəyən başqa adam da vardır. Obyekt əldən çıxmasın deyə 1500 manat məbləğində pulu cavabdehin kart hesabına köçürmüşlər. 22 oktyabr tarixində pulu köçürmüş, cavabdeh bildirmişdir ki, noyabr ayının 1-i obyekti təhvil alsınlar. 10 fevral 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı2 nümayənədəsi X2 izahatında bildirmişdir ki, o, sabahsı gün obyekti icarəyə götürməkdən imtina etmişdir. Çünki cavabdehə demişdir ki, müqavilə bağlasınlar. O da demişdir ki, onlarlıq deyil, hər şeyi o, özü həll edəcəkdir. Heç kim onlara heç nə deyən deyil. O polis polkovnikidir. O, bu halı evdəkilərlə məsləhət etmiş və ona demişlər ki, obyekti icarəyə götürməyə ehtiyac yoxdur. Ola bilər ki, cavabdeh gələcəkdə onları aldadar, ona görə də, obyekti icarəyə götürməkdən imtina etmişlər. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, o, ustadır. Müəllim onu işlə bağlı çağırmışdır. Rövşən müəllim onu metlaq vurmaq üçün çağırmışdır. Emil ilə material seçməyə getmişlər. Tarix isə tam dəqiq yadında deyildir. Təxminən 4-5 ay bundan öncə olar ki, baş vermişdir. Materialları Emil seçmişdir. Məbləği tam dəqiq bilmir. Lakin material bəyənilmişdir. Daha sonra obyektdə işləmiş və təhvil verərək çıxmışdır. 648-650 manat digər fəhlələr ilə birlikdə ona iddiaçı tərəfindən pul verilmişdir. Digər fəhlələr ilə birlikdə yemək pullarını da təxminən 150-160 manat miqdarında ödəniş etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirdi ki, 4-5 ay olar ki, Rövşən müəllim ona zəng vurmuş və demişdir ki, obyekti icarəyə verirlər. Orada müəyyən işlər görülməlidir. Özü də malyardır. Emosiya vurulmalı idi. O da qiyməti danışmağa gəlmişdir. Qiyməti 360 manata danışmış və rəng seçimini də etmişlər. Rəngi Emil ilə seçmişlər. Rövşən müəllim ilə bir yoldaş vasitəsi ilə tanış olmuşlar. Hal-hazırda iş dayanmışdır. Əvvəllər orada təmir işi görməmişdir. Bu cavabdeh ilə birinci işi olmuşdur. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 58-1/2-B- 17305/11/24 nömrəli müraciətə cavabdan görünür ki, qeyd edilən xüsusatlarla mülki xarakterli olduğundan toplanmış material Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin dəftərxanasında işə alınmışdır. Bu məqsədlə məhkəmə müraciət etmək tövsiyyə olunmuşdur. - Leobankdan olan çıxarışdan görünür ki, İddiaçı2 xx.xx.2024-cü il tarixdə Kapital Bank hesabına 1500 manat məbləğində ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli, **********60 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə 1500 manat pulu göndərmişdir. Cavabdeh həmin pulu obyekti iddiaçıya icarəyə vermək üçün almışdır. O, iddiaçı tərəfindən onun adına göndərilən həmin məbləğdə pulu aldığını etiraf edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçıların hesabına əmlak əldə etmişdir. Belə ki, tərəflər arsında qeyri yaşayış sahəsinin icarəyə götülməsi ilə bağlı şifahi razılaşma olmuş, lakin müqavilənin icrasına başlamadan iddiaçı tərəfindən ödəniş həyata keçirilmiş, yənə də onun müraciəti əsasında şifahi razılaşma pozulmuş, lakin cavabdeh ödənilmiş məbləğin geri qaytarılmasından imtina etmişdir. Yəni, iddiaçının istifadəsinə və öhdəliyinə icarəyə götürdüyü qeyri-yaşayış sahəsi verilmədən ödəniş həyata keçirilmiş, son nəticədə təmirinə müəyyən xərclərin çəkilməsi ilə bağlı cavabdehin etirazının dəlilləri, məhkəmə iclasında şahidlərin ifadələri mötəbərliyi şübhə doğuraraq, əsaslı hesab edilmir. Bununla əlaqədar İddiaçı2 göstərilən məbləğdə pulu işin mübahisəsiz halı olaraq (tərəflərin mübahisə etmirlər) cavabdehə göndərmiş, sonuncu vəsaiti almışdır. Lakin, cavabdeh məhkəmə iclasında həmin pulun nəyə sərf olunduğu, iddiaçının istifadəsinə vermədən hansı təmin işləri aparması barədə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə bu halın təsdiqlənmədiyi nəticəsinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıların hesabına varlanması həyata keçirilməmiş əsasa söykənmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs – cavabdeh əldə etdiklərini məhrum olana – iddiaçılara qaytarmalıdır. Odur ki, iddia əsaslıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 35 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1500 manat məbləğində pul və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq müştərək qaydada iddiaçılara ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat məbləğində borc və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar