Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1040/2021 27.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Ağayev Mübariz Telman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 30.03.2004-cü il təvəllüdlü X3 və 06.02.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(060)-2954/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, İddiaçı anasıdır. İddiaçı cavadeh Cavabdeh ilə 2003-cü ildə vətəndaş nikahına girmiş və bu nikahdan 30.03.2004-cü il təvəllüdlü X7 və 06.02.2011-ci il təvəllüdlü X8 doğulmuşdur. Uşaqlar nikahdan kənar dünyaya gəlsələr də, Cavabdeh atalığı qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmişdir. Sonradan münasibətləri korlanıb ayrılmışlar və uşaqlar iddiaçının himayəsində qalmışdır.Artıq bir neçə ildir ki, iddiaçı cəzaçəkmə müəssisəsində olduğundan uşaqlar onun himayəsinə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(060)-2954/2013 saylı qətnaməsi ilə 23.05.2013-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat alimentin Cavabdeh tutularaq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh nə vaxtı-vaxtında alimenti ödəyir, nə də ki, uşaqlarla maraqlanır. Hazırda uşaqlar böyüyüb, onların saxlanma xərcləri artmışdır. Cavabdeh fərdi qaydada işləyir və kifayət qədər qazanc əldə edir. Uşaqların saxlanmasında maddi çətinliklərlə üzləşdiyinə görə iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, 30.03.2004-cü il təvəllüdlü X7 onun doğma övladıdır, lakin 06.02.2011-ci il təvəllüdlü X8 isə onun övladı deyil. O, iddiaçıdan 2010-cu il tarixində ayrılanda onun hamilə olmasını bilməmiş, uşaq doğulduqdan sonra iddiaçı ona bildirmiş ki, ayrılan zaman o, hamilə imiş, qəsddən özü bu barədə ona heç nə deməmiş və uşağın atası kimi onun adını yazdırıb. Ancaq sonralar bilib ki, iddiaçı başqa xarici vətəndaşla görüşürmüş, bu barədə ondan soruşduqda inkar etmişdir. Uşağın böyüdükcə ona oxşamadığını görmüş və uşağın ondan olmamasını yəqin etmək üçün ətrafındakı tanışlarla sorğu-sual aparmış, cavab olaraq iddiaçının başqası ilə görüşdüyü, həmin uşağın da atasının xarici vətəndaş olduğu bildirilmişdir. Bu səbəbdən atalığın müəyyən olunmasına dair Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış, iddiası təmin olunsa da, yuxarı instansiyalı məhkəmələr tərəfindən qərar ləğv edilmiş və tələbi təmin olunmamışdır. Buna baxmayaraq o, yenə də 06.02.2011-ci il təvəllüdlü X4 onun övladı olmağını qəbul etmir, 30.03.2004-cü il təvəllüdlü X5 isə övladı kimi qəbul edir və maddi imkanı aşağı olduğundan ona hər ay 100 (bir yüz) manat aliment ödəyə bilər, başqa imkanı yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehi dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(060)-2954/2013 saylı qətnaməsinin surətindən görünür ki, 23.05.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa 75 manat sabit pul məbləği olmaqla, ümumilikdə 150 manat alimentin uşaqlar yetkinlik yaşına çatana kimi Cavabdeh tutulub İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 237 saylı, 04.10.2018-ci il tarixli sərəncamının surətindən görünür ki, X2 nəvələri X7 və X4 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2954/2013 saylı, 21.06.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 30.03.2004-cü il təvəllüdlü X3 və 06.02.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2954/2013 saylı, 21.06.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 30.03.2004-cü il təvəllüdlü X3 və 06.02.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1040/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1040/2021
27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver