Məhkəmə qərarları › İş №2(060)-1050/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1050/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1050/2020 21.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14994,53 ABŞ dolları əsas, 2027,30 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən AR MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 3123,35 ABŞ dolları faiz, 5185,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 25330,75 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2011-ci ildə bağlanmış kredit müqaviləsinə əsasən 72 ay müddətinə, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 15 faiz olmaqla 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxıla bilər. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, PK 364 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə illik 15% dərəcəsi ilə, 72 ay müddətinə 15000 ABŞ dolları pul verilmişdir, cavabdeh isə krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdehİddiaçı ASCə 14994,53 ABŞ dolları əsas, 2027,30 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən AR MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 3123,35 ABŞ dolları faiz, 5185,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 25330,75 ABŞ dolları borcu vardır. -İddiaçı ASC –nin cavabdehəünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci ildə bağlanmış kredit müqaviləsinə əsasən 72 ay müddətinə, illik faiz dərəcəsi 15 faiz olmaqla 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya 14994,53 ABŞ dolları əsas və 3123,35 ABŞ dolları faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və buna görə də azaldılmalı, yəni 749 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasənKredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddianın müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2027 ABŞ dolları tələb olunması hissəsi təmin edilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 14994,53 ABŞ dolları əsas borc, 3123,35 ABŞ dolları faiz, kredit müqaviləsi müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2027,3 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 749 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20894,18 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumundan 24,6 manat Cavabdeh tutularaq İddiaçı ASC -ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 14994,53 ABŞ dolları əsas, 3123,35 ABŞ dolları faiz, kredit müqaviləsi müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2027,3 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 749 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20894,18 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumundan 24,6 manat Cavabdeh tutularaq İddiaçı ASC -ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar