Məhkəmə qərarları › İş №2(060)-1062/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1062/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1062/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsində 19,9 kv.m yaşayış sahəsi, 24,9 kv.m köməkçi sahədən ibarət evə dair alqısatqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 14.06.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 06 dekabr 1995-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə birgə qazancları əsasında Abşeron rayonu, Saray qəsəbəsində 19,9 kv.m yaşayış sahəsi, 24,9 kv.m köməkçi sahədən ibarət ev almışlar. Həmin evdə birgə təsərüfat aparmışlar. Sözü gedən evə dair Abşeron 1 saylı DNK- da 12 aprel 2005-ci il tarixli 4ə-6/1018 reyester nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi ev birgə nikahda olduqları dövrdə əldə olunmuş və dövlət reyesterindən keçmişdir. Lakin ona məlum olmuşdur ki, həyat yoldaşı olan Cavabdeh1 xəbəri olmadan həmin mənzili satmışdır. Bunun qanuni yolla mümkünsüz ola biləcəyini bildiyi üçün araşdırma aparmış və məlum olmuşdur ki, bu mənzillə bağlı olmayan verdiyi etibarnamədən aldatma yolu ilə cavabdeh sui-istifadə etmişdir. Onun əvəzindən imza etmişdir. Bu haqda məlumat əldə etdiyi gün, yəni 28 iyul 2020-ci il tarixdə notariat kontoruna müraciət edərək etibarnaməni ləğv etdirmişdir. Mənzilin satıldığını bilməsinə əsas o, olmuşdur ki, ailə vəziyyətinin hədsiz dərəcədə ağır olmasına görə cavabdehə həmin evi sataraq ailə və dolanışıqlarına sərf etməklərini təkilf edib. Lakin cavabdeh hər dəfə bu bəhanə ilə bundan yayınmışdır. Bundan sonra o, bu məsələ ilə maraqlananda aldadıldığını bilmişdir. Çünki həmin evdə tikinti işlərinin, yani əlavə artırılmaların şahidi olmuşdur. Həyat yoldaşı olan cavabdeh onun etibarından sui-istifadə edərək mənzili özbaşına özgəııinkiləşdirmiş və həmin puldan ailə va birgə təsərrüfatları üçün xərcləməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı Cavabdeh1la nikahda olmaqla, mübahisə predmeti olan evin qonşuluğunda olan evdə yaşayıblar. Hazırda da həmin evdə yaşayırlar. Lakin iddiaçı evin satıldığını bilməyib. Cavabdeh1 iddiaçı tərəfindən ona başqa məqsədlə verilən etibarnamə əsasında bu evi satıb. İddiaçı evin satılması barədə 2020-ci ilin iyul ayında bilib və dərhal da etibarnaməsi ləğv etdirib. Odur ki, iddianı əsaslı hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddianı qəbul edir. Belə ki, iddiaçı keçmiş arvadıdır, faktiki olaraq 4 ay müddətdir ki, ayrılmışlar. Sahəsi 4 sot olan torpaq üzərində yerləşən evi 2005-ci il tarixdə alqı-satqı əsasında almışdır. 2017-ci ildə ikinci evi tikməyə başlamışdır. 2017-ci ildə mübahisə predmeti olan evi girov qoyub 12.000 manat məbləğində pulu faizi ilə birlikdə borc olaraq şəxsi ehtiyacları məqsədilə götürmüşdür. Müqavilədə qeyd olunan 15.000 manat məbləğ əsas borca hesablanmış faizlərlə birlikdə göstərilmişdir məbləğdir. Həmin borcla bağlı 6 ay faiz ödəmişdir, 7-ci ay evdən çıxmasını tələb etmişlər. Faktiki olaraq o, evi satmamışdır, borc pulun müqabilində girov qoymuşdur. Həmin müqavilə formal olaraq alqı-satqı müqaviləsi olub, əslində evin girov qoyulması ilə bağlı olmuşdur. O, İddiaçı xəbəri və məlumatı olmadan evi satmışdır. Arvadı Nailə ona digər məqsədlər üçün etibarnamə vermişdir. O, həmin etibarnamədən istifadə edərək evi satmışdır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, mübahisə predmeti olan ev yarımçıq tikili olmuşdur. Həmin evi 1 il əvvəl torpaq sahəsi ilə birlikdə 25.000 manata almışdır. Rüsum az olsun deyə 15.000 manat yazılıb, əslində 25.000 manat pul ödənilmişdir. Alqı-satqı qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Cavabdeh1 borc pul götürməsi və bunun müqabilində evi girov qoyması barədə göstərdikləri doğru deyil. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yaşayış sahəsi 19,9 kv.m, köməkçi sahəsi 24,9 kv.m, 1 otaqdan ibarət olan yaşayış evi Cavabdeh1 adına Abşeron rayonu 1 saylı DNR-nin 12 aprel 2005-ci il tarixli 4Ə/-6/1018 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında qeydə alınmışdır. AN-İ seriyalı, ******* saylı 14.06.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yaşayış sahəsi 19,9 kv.m, köməkçi sahəsi 24,9 kv.m, 1 otaqdan ibarət olan yaşayış evini 15.000 manata Cavabdeh2 satmışdır. Vİİ-JQ seriyalı, 276980 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X4 arasında 06 dekabr 1995-ci il tarixdə nikah bağlanmış, qadına Hüseynova soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı və Cavabdeh1 arasında 06.12.1995-ci il tarixdə rəsmi nikah bağlanmaqla hüquq və vəzifələr yaranmışdır. İddiaçı mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edildiyini, bu səbəbdən birgə mülkiyyətləri olmasını, həmin evin özgəninkiləşdirilməsinə razılığını bildirmədiyini, əri – Cavabdeh1 digər məqsədlər üçün verdiyi etibarnamədən istifadə edərək onun xəbəri və məlumatı olmadan alqı-satqı müqaviləsi bağlamaqla yaşayış evini özgəninkiləşdirdiyini, bu barədə xeyli müddət sonra 2020-ci ilin iyul ayında bildiyini iddia edir və bu əsaslara görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. İşin hallarından göründüyü kimi mübahisələndirilən alqı-satqı müqaviləsi 14 iyun 2017-ci il tarixdə bağlanılmış, iddiaçı isə araşdırılan tələblə bağlı 03 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə Mülki Məcəllənin 337, 354-cü maddələrinə istinadən hesab edir ki, müqavilənin etibarsızlığı ilə bağlı hissədə iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir, odur ki, tələb təmin edilməməlidir. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.03.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. - 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin bağlanmasından sonradan xəbər tutması barədə göstərdikləri məhkəmə tərəfindən inandırıcı hesab olunmur. Belə ki, tərəflərin izahatlarından da göründüyü kimi, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə fərdi yaşayış evinə yaxınlıqda yaşamışlar, bu müddət ərzində qonşuluqda yaşamaqla evin satılması və digər şəxslərə özgəninkiləşdirilməsi barədə iddiaçının məlumatsız olması ağalabatan deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, müddət keçmədiyi halda belə, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Bundan başqa, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 etibarnamə verməklə verilmiş səlahiyyətlərlə bağlı məsuliyyət riskini daşımışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına təminat verir. Mühasiəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərlə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Məhkəmə hesab edir ki, Cavabdeh2 əmlak üzərində qanuni əsaslarla əmlak hüquqları əldə etmişdir. Odur ki, məhkəmə Cavabdeh2 vicdanlı əldə edən hesab edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar