Məhkəmə qərarları › İş №2(060)-1065/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1065/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1065/2022 25.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.083 (on altı min səksən üç) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh ona borcu olması barədə şahidlərin iştirakı ilə X2 zamin durmuş və icra məmuru tərəfindən borc cavabdeh Cavabdeh qohumu (baldızı) X2 ilə borc müqaviləsi əsasında notariusun icra qeydi verdiyini və onun əmək haqqına yönəldiyini, 150 manat pul tutulduğunu qeyd edərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən qanunvericiliyin tələbi baxımından mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7702/21 saylı, 24.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Həmin qərardaddan tərəflər şikayət verməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılmasına əsas İddiaçı və Cavabdeh arasında 03.02.2014-cü il tarixdə imzalanmış və notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi, tərəflərin ərizəsinə əsasən ləğv olunduqdan sonra İddiaçı və cavabdeh X2 arasında 02.03.2017-ci il tarixdə imzalanmış və notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi olmuşdur. Bundan sonra iddiaçı və cavabdehlər 03.03.2017-ci ildə saziş imzalayaraq sonuncuların birgə borclu olmaları barədə razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 02.03.2017-ci il tarixli kredit müqaviləsinin 4-cü bəndinə görə kredit müqaviləsindən irəli gələn öhdəliklər məhkəmədən kənar Şirvan şəhərində icra edilməlidir. Həmin müqavilənin 7-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Bu müqavilənin 9-cu bəndinə görə tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. “İcra haqqında” AR Qanununun 6.1.4-cü maddəsinə görə notariusun icra qeydləri icra sənədi sayılır. İşdən görünür ki, tərəflər - İddiaçı və cavabdeh X2 67 ay müddətinə hər ayın 2-si 400 manat qaytarmaq şərtilə 27.000 manat məbləğində borcun verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra isə müqavilənin şərtinə uyğun olaraq, onu təsdiq etmiş notarius vasitəsilə 11.01.2019-cu il tarixli icra qeydi verilmiş və 02.03.2017-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq X1 20.600 manat pulun tutularaq İddiaçı ödənilməsi təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı müqavilənin 7 və 9-cu bəndlərinə əməl etmədən hazırkı tələblə birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, icra qeydi aparıldığına və bu qeyd icra sənədi hesab olunduğuna görə tərəflər onun şərtlərinə əməl etməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı borcun qaytarılması barədə iddiasına məhkəmədə baxıla bilməz. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər müqavilədə ödəniş müddətinin keçməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması barədə qayda müəyyən etmişlər. Həmçinin həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar