Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1067/2024 28.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçınun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pulun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü ilin uyun ayında qonşunun Murad adlı övladı onun oğlu Yusifi təhdid edərək ondan ümumilikdə 1000 manat pul almışdır. Murad Yusifdən əvvəl yeyib-içmək üçün 100 manat pul istəmiş, sonuncu bunu ona verərkən sonra gətirməsini bildirmiş, bundan sonra qardaşının və digər uşağın məsələni bilib anasına (mənə) deyəcəkləri təhdidi ilə 200, 200, 300, 200 və 300 manat pulu almışdır. Yusif həmin pulları onun pul qabından götürərək Murada vermişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək oğlu Muradın Yusifdən pul almadığını, sonuncunun “PUBG” oyununa qoymaq üçün anasından oğurluq etdiyini, oğlu, Murad çətinlik çəkdiyindən ona "e-manat" və "mpay" terminalları vasitəsi ilə pulu yükləməyə kömək etdiyini bildirmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında azyaşlı, xx.xx.2010-cu təvəllüdlü X7 izahatında qeyd etdi ki, sözügedən məbləği Murad onu anasına deyiləcəyi ilə qorxudaraq almışdır. O, bu məbləği anasının pul qabısından götürmüşdür. Pulları hər hansı oyuna sərf etməmiş, bunu Murad etmiş, eləcə də məhkəməyə təqdim edilən çeklərin ona heç bir aidiyyəti olmamışdır. Murad ondan xəbərsiz ona 80-100 manat məbləğində 4000 UC göndərmişdir. Məhkəmə iclasında azyaşlı, xx.xx.2011-ci il təvəllüdlü X8 izahatında qeyd etdi ki, o, Yusifdən pul almamış, sonuncuya “PUBG” oyununa pul yükləməyə kömək etmişdir. Məhkəmə, tərəflərin və onların övladlarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt ŞPİ tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, X2 əməlində oğurluq və X3 əməlində isə hədəqorxu ilə tələb etmə olmasına baxmayaraq, hadisənin baş verdiyi anda cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqlarından toplanmış material üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.4-cü maddəsinə əsasən rədd edilmişdir. Qərarın surəti X2 və X3 davranışına nəzarət etmək, yenidən qanunazidd əməllər törətməsinin qarşısını almaq məsələsinə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən baxılmasından ötrü Sumqayıt ŞPİ-nin İTŞ-nin YYÇPİTB-nə göndərilməsi, həmçinin qərarın surətinin AR İXMnin 189.4-cü maddəsinə əsasən X2 və X3 valideynləri barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmasından ötrü Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilməsi, bundan başqa X4 Yusif Abbaszadədən hədə-qorxu ilə pul tələb etməsi aparılmış araşdırma ilə öz təsdiqini tapmamış, bu səbəbdən Mətin Tağızadə barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işinin başlanılmasının AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmış, qəbul olunmuş qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilmişdir. - Həmin məktubla göndərilən xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, araşdırma zamanı X8 atası Cavabdeh iştirakı ilə verdiyi izahatında bildirmişdir ki, X5 tanıyır. Onunla qonşuluq münasibətləri olmuşdur. Həmçinin 2018-ci il tarixdə Sumqayıt şəhər ərazisində şahmat dərslərində birlikdə iştirak etmişlər. 2023-cü ilin iyun ayında yaşadıqları məhəllədə bir neçə dəfə görüşmüşlər. 2023-cü ilin iyun ayında məhəllədə olarkən üzərində 100 manat pul olduğunu və “PUBG” mobil oyunu üçün yükləmək istədiyini demişdir. O bu barədə ona köməklik etmişdir. Daha sonra onun köməkliyi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon və 13cü mikrorayon ərazisində yerləşən marketlərdəki "eManat" və "mpay" terminalları vasitəsi ilə Yusif Abbaszadə tərəfindən bu qayda da pullar köçürülmüş və köməklik məqsədi ilə o, yanında olmuşdur. O, isə Yusif Abbaszadədən pul ümumiyyətlə almamışdır. Yusif Abbaszadədən pul götürməmişdir. Hər dəfəsində Yusif pulu gətirib "PUBG" oyununa yüklənməsindən ötrü terminalda bank kart hesabına köçürülməsini ondan istəmiş, o, özü də “PUBG” oyunu oynadığından ona bu barədə köməklik etmişdir. Yusifdən özü üçün nə o, nə qardaşı pul istəməmiş, tələb etməmişdir. Ona təqdim edilmiş 01 ədəd CD diskdəki səs yazısında qarşı tərəf odur, həmin səs yazısı Yusif Abbaszadə həmin zaman onunla arasındakı telefon danışığıdır, lakin həmin danışıqdan əvvəl Yusif onunla əlaqə saxlamış və yenidən "PUBG” oyununa pul yükləmək istədiyini bildirmişdir, bu barədə həmişə o, ona köməklik etdiyi üçün onunla yenidən əlaqə saxlamışdır. O, ailə üzvləri ilə birlikdə qonaqlıqda olduğundan həmin gün yox, növbəti gün bunu edə biləcəyini demişdir. Pulu özü üçün istəməmişdir. - Həmin məktubla göndərilən xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, araşdırma zamanı X9 atası Cavabdeh iştirakı ilə verdiyi izahatında bildirmişdir ki, X7 ilə şəxsi tanışlığı yoxdur. X6 yanında bir neçə dəfə görmüşdür. Yusif Abbaszadə ilə aralarında ümumiyyətlə hər hansı bir söhbət, danışıq olmamışdır. Həmçinin Yusif ilə Murad arasında baş vermiş danışıqlardan, görüşlərdən, o cümlədən onun adı ilə Yusifdən pul istəyib götürməsindən ümumiyyətlə xəbəri olmamışdır. Muradla da bu barədə danışmamışdır. - Həmin məktubla göndərilən xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, araşdırma zamanı İddiaçı ərizə ilə Sumqayıt ŞPİ-nə müraciət edərək, oğlu X7 barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Araşdırma materiallarında olan “Whatsapp” yazışmalarına baxış protokolundan görünür ki, Murad Tağızadə hədə-qorxu gələrək Yusif Abbaszadədən pul gətirilməsini tələb etmiş, sonuncu isə öz növbəsində evdən gizli olaraq pul götürərək M.Tağızadəyə verəcəyini öhdəsinə götürmüşdür. Belə ki, oğurluq, yəni-özgənin əmlakını gizli olaraq talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində öz əksini tapmışdır. Habelə, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə Cinayət Məcəlləsinin 182-ci maddəsində öz əksini tapmışdır. Araşdırma materialından da göründüyü kimi, X7 xx.xx.2010-cu təvəllüdlü və X8 xx.xx.2011-ci il təvəllüdlü olmaqla əməlin baş verdiyi anda cinayət məsuliyyətinə cəlb etməyə imkan həddində olmamışdırlar. - Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilərək məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən və onların mübahisələndirmədikləri səs yazısı ilə bağlı qeyd edir ki, Murad Tağızadə, Yusif Abbaszadənin tərəfindən ona cəmi 1000 manat pul verilməsi fikrini dinləyərək təkzib etməmiş, susmuşdur. Eyni zamanda Murad Yusifə bundan sonra 300 manat da verəcəyi təqdirdə məsələnin bağlanacağını bildirmiş və həmin məbləğin verilməsini sonuncudan istəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə X2 əməlində oğurluq və X3 əməlində isə hədə-qorxu ilə tələb etmə olmasına baxmayaraq, hadisənin baş verdiyi anda cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqlarından toplanmış material üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.4-cü maddəsinə əsasən rədd edilmiş, qərarın surəti X2 və X3 davranışına nəzarət etmək, yenidən qanunazidd əməllər törətməsinin qarşısını almaq məsələsinə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən baxılmasından ötrü Sumqayıt SPİ-nin İTŞ-nin YYÇPİTB-nə göndərilmiş, həmçinin qərarın surəti AR İXM-nin 189.4-cü maddəsinə əsasən X2 və X3 valideynləri barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmasından ötrü Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Bu Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin övladı Murad Tağızadə tərəfindən iddiaçıya ziyan vurulması və buna gətirib çıxaran əməldə birincinin təqsiri, habelə dəymiş zərərin məbləğinin 900 manat həddində olması iş materialları ilə təsdiq olunur. Belə ki, məhkəmədə tədqiq olunmuş azyaşlıların səs yazısı ilə Muradın Yusifdən “məsələni bağlamaq üçün” əlavə 300 manat istəməsi, eləcə də sonuncudan onun aldığı məbləğin 1000 manat təşkil etməsi təsdiq olunur. Göstərilən hal eyni zamanda istintaq orqanının qərarında da yer almış, cinayət əməli kimi qiymətləndirilmişdir. Məhkəmə, cavabdehin təqdim etdiyi 160; 240 və 200 manat məbləğlərdə ödəniş qəbzləri ilə əlaqədar qeyd edir ki, həmin qəbzlərdə pulun kim tərəfindən və hansı hesabdan, kimə və hansı hesaba, eləcə də hansı məqsədlə köçürülməsi əks olunmadığından, onları işin faktiki hallarını müəyyən edən mötəbər sübut kimi qiymətləndirmir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu baş verən zaman bu əməli törədən X3 14 yaşı tamam olmamış, eləcə də onun valideyni (cavabdeh) zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirə bilməmişdir. Odur ki, cavabdeh vurulmuş ziyana görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, qanunvericilik zərərin yaranmasında təqsirlərinin olmamasını sübuta yetirmək vəzifəsini valideynlərin üzərinə qoymuş, həmçinin onların təqsirlərini geniş anlamda, valideynlik hüquqlarını lazımi qaydada, məsuliyyətli şəkildə həyata keçirilməsi yönündə nəzərdə tutmuşdur. Bu baxımdan təqsiri istisna edən hallar valideynlərin uzun müddətli müalicədə və ya ezamiyyətdə olmaları, ziyanın təbii hadisə, həmçinin fors major şəraitində vurulması, eləcə də azyaşlının çətin tərbiyə edilməsi və bu barədə müvafiq orqanların rəsmi sənədləridir. Göstərilən fikirlər hüquq ədəbiyyatında da yer almışdır. İşin faktiki hallarından göründüyü kimi, göstərilən xüsusatlar mövcud olmamış, eləcə də bunlarla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, həmin qərarın surəti X3 davranışına nəzarət etmək, yenidən qanunazidd əməllər törətməsinin qarşısını almaq məsələsinə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən baxılmasından ötrü Sumqayıt SPİ-nin İTŞ-nin YYÇPİTB-nə, həmçinin AR İXMnin 189.4-cü maddəsinə əsasən X3 valideynləri barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmasından ötrü Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilmişdir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh övladına hədə-qorxu ilə hər hansı əmlak, pul və sair tələb etməyin təhlükəsini kifayət qədər izah etməmiş, belə hərəkətlərə yol verilməməsi üçün lazımi səviyyədə nəzarət etməmiş, habelə bu əməllərdən azyaşlını çəkindirməyə nail olmamış və bunun üçün yetərincə səy göstərməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, sözügedən məbləğdən təxminən 100 manat dəyərində elektron “dəyərləndirmə vasitəsi”nin geri göndərilməsi nəzərə alınmalı və ziyan məbləğindən çıxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 900 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 900 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1067/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1067/2024
28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver