Məhkəmə qərarları › İş №2(060)-1074/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1074/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1074/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin adından onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 5837 ABŞ dolları əsas borc, 369 ABŞ dolları faiz borcu, 3950 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 636 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 10792 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 106.LN.2102.240715.00003 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 23% ödəmək şərtilə 12000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2017-ci il tarixli 1 saylı əlavə razılaşmaya əsasən kreditorla borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2017-ci il, sonuncu ödəniş isə xx.xx.2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir, borcalan istifadə etdiyi kreditə görə kreditora illik 15,41 faiz məbləğində pul ödəyir, həmçinin əlavə razılıq qüvvəyə mindikdən sonra kredit müqaviləsinin 2 saylı əlavəsində göstərilmiş vaxtda kreditin və hesablanmış faizlərin borcalan tərəfindən ödənilmədiyi halda və borcalanın qanunvericiliyə əsasən kredit öhdəlikləri üzrə verilmiş güzəştdən istifadə etmək hüququ yarandığı halda, bu əlavə razılığın bütün müddəaları, o cümlədən azaldılmış faiz dərəcəsi ilə bağlı müddəalar qüvvədən düşmüş hesab edilir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə 106.CL.240715.00003/d saylı zaminlik müqaviləsi bağlanmış və digər cavabdehlə birgə eyni məsuliyyət daşıyırlar. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Çünki iddia tələbində cərimə məbləği yüksək qeyd edilmişdir. Qeyd edilənlərə əsasən o, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-132/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrindən görünür ki, Cavabdeh1 xx.xx.1963cü ildə, Quba rayonunun Ərməki kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 isə xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 106.LN.2102.240715.00003 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 23 faizlə, 12000 ABŞ dolları kredit vermişdir. xx.xx.2017-ci il tarixli, 106.LN.2102.240715.00003 saylı kredit müqaviləsinə 1 saylı Əlavə Razılığa əsasən kreditorla borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2017-ci il, sonuncu ödəniş isə xx.xx.2018-ci il tarixdən gec olmyaraq həyata keçirilir, borcalan istifadə etdiyi kreditə görə kreditora illik 15,41 faiz məbləğində pul ödəyir, həmçinin əlavə razılıq qüvvəyə mindikdən sonra kredit müqaviləsinin 2 saylı əlavəsində göstərilmiş vaxtda kreditin və hesablanmış faizlərin borcalan tərəfindən ödənilmədiyi halda və borcalanın qanunvericiliyə əsasən kredit öhdəlikləri üzrə verilmiş güzəştdən istifadə etmək hüququ yarandığı halda, bu əlavə razılığın bütün müddəaları, o cümlədən azaldılmış faiz dərəcəsi ilə bağlı müddəalar qüvvədən düşmüş hesab edilir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 106.CL.240715.00003/b saylı və xx.xx.2017-ci il tarixli, 106.CL.240715.00003/d saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 Cavabdeh1 kredit müqavilələrindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh 36 ay müddətində hər ay 464,52 ABŞ dolları, sonuncu ay isə 464,35 ABŞ dolları ödəniş etməli idi. Həmin müqaviləyə 2 saylı əlavəyə əsasən cavabdeh 18 ay müddətində ilk ay 209,21 ABŞ dolları, sonrakı aylarda 170 ABŞ dolları, sonuncu ay isə 5418,24 ABŞ dolları ödəniş etməli idi. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 5837 ABŞ dolları əsas borc, 369 ABŞ dolları faiz borcu, 3950 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 636 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 10792 ABŞ dolları borcu vardır. İddiaçı tərəfindən cavabdehə xx xxxxxxx 2020-ci il tarixli borcun 3 gün müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2020-ci il tarixinə onun banka əsas borc üzrə 5837 ABŞ dolları və faiz borcu üzrə 369 ABŞ dolları borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 636 ABŞ dolları məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 5837 ABŞ dolları əsas borc məbləğinə 3950 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 500 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin icra müddəti xx.xx.2018-ci il tarixində bitmişdir. Lakin, iddia ərizəsi 1 illik müddəti ötürməklə xx.xx.2020-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminə aid hissədə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun yarısı - 15 manatı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5837 ABŞ dolları əsas borc, 369 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 636 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 7342 (yeddi min üç yüz qırx iki) ABŞ dolları məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar