Məhkəmə qərarları › İş №2(060)-108/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-108/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-108/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi, uşağın xəstəliyinə görə əlavə xəclərə cəlb olunma və uşağın xəstəliyi üçün ödənilmiş pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi, uşağın xəstəliyinə görə əlavə xəclərə cəlb olunma və uşağın xəstəliyi üçün ödənilmiş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar olaraq ödədiyi 10287 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar olaraq hər ay cavabdehdən 900 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar olaraq ödədiyi 14947 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar olaraq hər ay cavabdehdən 900 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları var: 27 sentyabr 2019-cu il təvəllüdlü X4. Sumqayıt şəhər məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X3 onun yanında qalması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 175 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana kimi 70 manat maddi yardımın tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi uşaq üç yaşına çatana kimi ananın saxlanılması üçün hər ay 70 manat pulun tutulması hissəsində dəyişdirilmiş, uşaq üç yaşına çatana kimi ananın saxlanılması üçün hər ay 30 manat pulun tutulub ona verilməsi qət edilmişdir. Bildirir ki, uşaq üç yaşına çatdığından ananın saxlanılması üçün hər ay 30 manat pulun tutulub ona verilməsi dayandırılmışdır. Hazırda o, 175 manat aliment alır. Həmin məbləğlə övladını saxlamaqda çətinlik çəkir. Belə ki, övladı autizm xəstəsidir. Onun yemək xərcini və xəstəliyi ilə əlaqədar xərclərini qarşılamaqda çətinlik çəkir. Hər ay 900 manat xəstəliyi ilə əlaqədar olaraq pul ödəyir. Bu günə kimi uşağın xəstəliyi ilə əlaqədar olaraq 10287 manat pul ödəmişdir. Həmçinin hazırda da o, uşağın xəstəliyi ilə əlaqədar olaraq hər ay 900 manat pul ödəyir. Hesab edir ki, alimentin məbləği artırılaraq 220 manat müəyyən olunmalıdır. Həmçinin uşağın xəstəliyi ilə əlaqədar olaraq ödədiyi 10287 manat məbləğində pul və hər ay uşağın xəstəliyi ilə əlaqədar olaraq ödəməli olduğu 900 manat pul hər ay cavabdehdən alınıb ona verilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bidirdi və əlavə olaraq qeyd etdi ki, uşaq autizm xəstəliyindən əziyyət çəkir, hər ay müalicəsi üçün 900 manat pul ödənilir. İddiaçı indiyə kimi uşağın xəstəliyi ilə əlaqədar 14947 manat məbləğində pul xərcləyib. Cavabdeh isə bu günə kimi aliment və 30 manat maddi yardımdan başqa iddiaçıya heç bir əlavə maddi və mənəvi yardım göstərməyib. Uşağın digər xərclərini ana qarşılayır. Hər ay iddiaçı tərəfindən uşağın müalicəsi üçün kifayət qədər böyük məbləğdə pul xərclənir. Bununla bağlı qəbzlər iddia ərizəsinə əlavə edilib. Məhkəmənin nəzərinə çatdırır ki, uşaqda autizmin ilkin əlamətləri aşkar edilib və o, müalicə olunmayacağı halda bu xəstəlik daha da ağırlaşacaq. Onu da qeyd edir ki, cavabdeh uşağın onun yanında olarkən sağlam olduğunu bildirir, lakin uşaq həmin vaxt çox balaca idi və xəstəliyin əlamətləri həmin vaxt bilinə bilməzdi. Bundan başqa cavabdeh uşağı ilə görüşməyə cəhd etmir. Əgər o, uşağını görməyə cəhd etsə idi, uşağın xəstə olmasından məlumatlı olardı. Hazırda məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə də uşağın xəstələyinin və onun mütəmadi müalicəyə ehtiyacının olması öz təsdiqini tapmışdır. Belə olan halda iddia tələbi tam əsaslıdır. Hazırda cavabdehdən tələb olunan məbləğ artmışdır. Onun əlində daha 1000 manat xərc çəkilməsi ilə bağlı qəbzlər var. Sadəcə olaraq o, baxış mərhələsində iddia tələbinin həcmini artırmaq istəmir. Digər tərəfdən hesab edir ki, bunun bir sonu da olmayacaq. Belə ki, uşaq hər ay müalicə alır və hər ay cavabdehdən tələb etdikləri məbləğ çoxalır. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyi bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbini qismən qəbul edir. O, hazırda uşaq üçün tələb olunan alimenti ödəyə bilər. Uşağın xəstəliyi ilə bağlı məsələ isə ona tam aydın deyil. Belə ki, uşaq körpə vaxtı tam sağlam olmuşdur. Onun indiyədək uşağın xəstəliyindən məlumatı olmamışdır. İddiaçı ona bu barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasından əvvəl uşağın müalicə aldığı yerə getsə də, oradan ona uşaqla bağlı məlumat verməkdən imtina edilmişdir. Bu səbəbdən iddiaçı tərəfin təqdim etdiyi sənədlərə şübhə ilə yanaşır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 159 nömrə ilə qeydə alınmış nikahın pozulmaı, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, 31 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il :ə təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatana kimi ananın saxlanılması üçün 70 (yetmiş) manat Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan AZ-İV 346958 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. İşdə olan AZ İ 415363 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 233 nömrə ilə qeyd edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 014 nömrəli xx.xx.2023-cü il tarixli, 006 nömrəli xx.xx.2023-cü il tarixli, 015 nömrəli xx.xx.2023-cü il tarixli, 016 nömrəli xx.xx.2023cü il tarixli, 007 nömrəli xx.xx.2023-cü il tarixli, 022 saylı xx.xx.2023-cü il tarixli, 021 saylı xx.xx.2023-cü il tarixli, 043 saylı xx.xx.2023-cü il tarixli, 044 saylı xx.xx.2023-cü il tarixli və 045 saylı xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, aparılmış terapiyalar üçün ümumilikdə 8965 (820+820+905+860+900+900+920+940+1000+900) manat pul ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ruqəyya Məmmədovanın "xxxx" MMC-də psixiatr qəbulu ilə əlaqədar 120 manat ödəniş edilmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli, A01210553 saylı, xx.xx.2021-ci il tarixli, A01289594 nömrəli (2 ədəd), xx.xx.2021-ci il tarixli A01403009 nömrəli (2 ədəd) ödəniş qəbzlərindən görünür ki, X9 MMC-yə ümumilikdə 197 (50+34+12+51+50) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 30 manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, “German” Hospitala 50 manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ruqəyya Məmmədovanın trvamatoloq Ortoped müayinəsi üçün 100 manat ödəniş edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də agent işləyir və 600 manat əmək haqqı alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minumumu haqqında» Qanunun 1-ci bəndinə əsasən, 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin (060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 235 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. İddia tələbinin cavabdehin xx.xx.2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar çəkilmiş xərcin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Göründüyü kimi, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, 27 sentyabr 2019-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar olaraq 14947 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddia tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar 9462 manat xərc çəkdiyini sübuta yetirə bilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 "xxxx" MMC-də 2023-cü ildə müalicəsi ilə əlaqədar 8965 (820+820+905+860+900+900+920+940+1000+900) manat xərc çəkilmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəməyə əvvəlki illərə aid “Loqos” Psixoloji və X7 aid olduğu iddia edilən çoxsaylı qəbzlər təqdim edilsə də, həmin qəbzlər möhürlə təsdiq edilməmiş, qəbzlərin məzmunundan ödənişin kim tərəfindən edilməsi və ödənişin əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə həmin xərcləri hesablayarkən yalnız "xxxx" MMC tərəfindən arayış verilməklə təsdiq olunan məbləğləri nəzərə almışdır. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, uşağın müxtəlif xəstəxanalarda analizlərdən keçirilməsi və həkim müayinələri üçün daha 497 (120+100+197+30+50) manat pul xərclənmişdir. Beləliklə uşağın müalicəsi üçün iddiaçı tərəfindən ümumilikdə 9462 (8965+497) manat pul xərclənmişdir. Lakin uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, çəkilən xərcin yarısı – yəni 4731 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü Məmmədova Ruqəyyə qızının xəstəliyi ilə əlaqədar hər ay 900 manat məbləğində maddi yardımın tutulub iddiaçıya verilməsi hissəsində də qismən təmin edilməlidir. Belə ki, iddiaçı bu tələbini xx.xx.2019-cu il təvəllüdlü X3 daimi müalicəyə ehtiyacı olması, buna görə isə hər ay 900 manat ödəniş etməli olması ilə əsaslandırmışdır. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X3 hər hansı xəstəlikdən əziyyət çəkməsini və onun daimi olaraq müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5” X8 xx.xx.2023-cü il tarixli 837/KEŞ saylı rəyindən görünür ki, ekspertiza nəticəsində X3 adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi onun “Ekspressiv reseptiv nitq pozuntusu (ASP xüsusiyyətlər)” xəstəliyindən əziyyət çəkdiyi və Rüqəyya Məmmədovanın düçar olduğu xəstəliklə əlaqədar mütəmadi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5” X8 xx.xx.2023-cü il tarixli 837/KEŞ saylı rəyinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 mütəmadi olaraq müalicəyə ehtiyacı olduğu öz təsdiqini tapdığından Cavabdeh övladının müalicəsində iştirak etməyə cəlb edilməlidir. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X3 aylıq müalicə xərcini hesablayarkən onun müalicəsi üçün 2023-cü ildə yalnız mütəmadi olaraq çəkilmiş xərcləri ilin aylarının sayına bölməklə müəyyən etmişdir ki, R.Məmmədovanın müalicəsi üçün hər ay təxminən 750 (8965 manat/12 ay) manat pul tələb olunur. Bu səbəbdən məhkəmə bir daha uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar olaraq gələcəkdə çəkiləcək xərclərlə bağlı hər ay cavabdehdən 375 manat məbləğində əlavə xərc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, gələcəkdə xx.xx.2019-cu il təvəllüdlü X1 yaxşılaşma, o cümlədən xəstəlikdən sağalma halları baş verdiyi təqdirdə Cavabdeh əlavə xərclərin məbləğinin azaldılması və ya əlavə xərclərin ödənilməsindən azad edilmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmiş, 50 (əlli) manat məbləğində mediasiya xərci isə İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı – 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 27 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 4731 (dörd min yeddi yüz otuz bir) manat pul və 27 sentyabr 2019-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar olaraq hər ay 375 (üç yüz yetmiş beş) manat məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilsin. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar