Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1089/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, onun ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi yaşayış sahəsi 47,31 kv.m olan 3 otaqlı mənzilin əsas kirayəçisi Sumqayıt şəhər XDS İH-nin xx.xx.1979-cu il tarixli, 10/156 nömrəli orderinə əsasən Cavabdeh1dur. Həmin mənzildə 5 nəfər qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh1 oglu onun qaynatası, Cavabdeh2 qaynanası, Cavabdeh3 oglu isə həyat yoldaşıdır. Cavabdehlərdən Cavabdeh3 oglu ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuş və həmin vaxtdan da ailə üzvü kimi həmin mənzilə köçüb indiyədək orada yaşayır. Ona məxsus bütün əmlaklar həmin məzildədir. Bu mənzildə onunla Cavabdeh3 birgə nikahlarından olan xx.xx.2012-ci ildə Hüseyn Kərimli, xx.xx.2015-ci ildə Həsən Kərimli adlı uşaqları doğulmuşdur. Həyat yoldaşının, birgə nikahdan doğulmuş uşaqlarının qeyd olunan mənzildə qeydiyyatda olmaqla yaşamalarına, onun indiyədək ailə üzvü kimi orada yaşamağına baxmayaraq cavabdehlər onu mənzilə qeydiyyata almırlar, mənzildən istifada hüququnu tanımırlar. Xüsusən də cavabdehlərdən Cavabdeh2 bu prosesə mane olur. Ona görə məcbur olub məhkəməyə müraciət edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 31 oktyabr 2010-cı il tarixdən həmin mənzildə yaşayır. Bu mənzilə gəlin gəlmişdir. İndiyə qədər də mübahisə predmeti olan mənzildə yaşayır.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, 52 ildir, həmin mənzildə yaşayır. İddiaçının mənzilə istifadə hüququnun tanınmasına razı deyildir. Mənzilə dair orderdən başqa sənəd yoxdur. Mənzili özəlləşdirməyə cəhd etmişdir. Evin sakinləri buna razılıq verməmişdirlər. Qızının biri boşandığı üçün gəlib evində yaşayacaqdır. Ev özəlləşdiyi halda iddiaçıya düşən payı verəcəkdir.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, evin sakinləridir. Həyat yoldaşı və övladları başqa yerə gedə bilməzlər.
6. Məhkəmənın hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında iddiaçının qeyd olunan mənzilə yaşayış sahəsi üzrə qeydiyyata düşməsinə razı olduğunu, lakin iddiaçının bununla bağlı ona müraciət etmədiyini bildirmişdir.
Tədqiq olunan sübutlar:
7. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1. əri (arvadı): Cavabdeh3 (xx.xx.1978) 2. oğlu: X10 (xx.xx.2012) 3. oğlu: X13 (xx.xx.2015).
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh3, X3, X6, Cavabdeh1, Cavabdeh2, X13, X8, X4, X9, X10 və Qurbanova Aygün Arif qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar.
9. AZ-İ 622909 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X2 arasında 31 oktyabr 2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1823 nömrəsi ilə qeydiyyat aparılmışdır.
10. AZ-İİ 877564 saylı və AZ-İİİ 636171 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh3 ilə X1 birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X13 anadan olmuşdur.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
-30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. -30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. -30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. -30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
13. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
15. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə dair Cavabdeh1 order verilmişdir. İddiaçı Cavabdeh1 gəlini, digər cavabdehlər Cavabdeh2 arvadı, Cavabdeh3 isə əridir. İddiaçı ilə Cavabdeh3 31 oktyabr 2010-cu il tarixdə nikaha daxil olmuşlar. İddiaçı nikaha daxil olduqdan sonra həmin mənzildə yaşamış və cavabdehlə hal-hazırda da nikah münasibətləri davam etməkdədir. İddiaçının nikaha daxil olduqdan sonra qeyd edilən mənzildə yaşaması işin mübahisə edilməyən halıdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş, cavabdehlər qeyd edilən halı təsdiq etmişlər. İddiaçı hal-hazırda yuxarıda adı qeyd edilən order əsasında qaynatası Cavabdeh1 məxsus evə istifadə hüququnun tanınmasını məhkəmədən xahiş edir.
16. Hazırki halda məhkəmə tərəfindən ilk növbədə hazırki münasibətlərə tətbiq edilməli olan hüquq norması müəyyən edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
17. Tərəflər arasında münasibətlərin 31 oktyabr 2010-cu il tarixdə yarandığını, yəni həmin tarixdə iddiaçının Cavabdeh3 ilə nikah daxil olmasını və istifadə hüququnun tanınmasını istədiyi mənzilə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
18. Belə ki, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
19. xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür.
20. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası AiləMəcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
21. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi həmin normalar yaşayış sahəsinin mülkiyyətçisinin onunla bərabər yaşayan ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnu özündə ehtiva edir. Hazırki halda sözügedən mənzilin icarədarı Cavabdeh1 olmaqla, onun qeyd edilən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin şəxsin əmlak üzərində “qanuni gözləntisi” olsa belə, sözügedən norma ilə mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan ailə üzvlərinin həmin mənzildən istifadə hüquqları qorunma altına alınmışdır. Bu baxımdan iddiaçının hazırki qanunvericiliyin tələblərinə müvafiq olaraq mülkiyyət hüququ olmayan şəxsə qarşı onun istifadəsində və sahibliyində olan mənzilə istifadə hüququnun tanınmasını tələb etməsi yuxarıda qeyd edilən hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır.
22. Beləliklə Mənzil Məcəllənin 30-cu maddəsinin mənasına görə iddiaçı istifadə hüququnun tanınması tələbini mənzilin mülkiyyətçisinə qarşı irəli sürə bilərdi. Lakin cavabdehlərin mövcud vəziyyətdə mübahisəli mənzilin mülkiyyətçisi olması öz təsdiqini tapmadığına, yəni tələbə cavab verməli olan şəxslər olması sübuta yetirilmədiyinə görə iddia tələbi təmin oluna bilməz.
23. Bundan başqa məhkəmə qeyd edir ki, sözügedən mənzil üzərində mülkiyyət hüququ qeydə alınmış olsa belə iddiaçının iş üzrə cavabdehlər olan-qaynatası Cavabdeh1 və qaynanası Cavabdeh2 özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin ediməməlidir.
Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva