Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1090/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçılar İddiaçı2 Məmməd qızının və İddiaçı1, cavabdehin vəkili X2 iştirakı ilə, iddiaçılar İddiaçı2 Məmməd qızının və İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 Məmməd qızı və İddiaçı1 (bundan sonra - iddiaçılar) "xxxx" MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 6000,20 manat pulun İddiaçı2, 6000,20 manat pulun isə İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə cavabdeh arasında bağlanmış 10.11.2015-ci il tarixli, 039 nömrəli kooperativ mənzil tikintisi haqqında payçı müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, 12-ci mikrorayonda tikilmiş və ya tikilən yaşayış kompleksinin 595 nömrəli mənzilini almışdır. Mənzilin ümumi səhasi 39.8 kv.metrdən ibarətdir. Müqaviləyə əsasən mənzilin dəyəri 1 kv.m-lik sahəsinin qiyməti 754 manat olmaqla, ümumi dəyəri 30009,20 manat təşkil edir. İddiaçı2 ilkin ödəniş olaraq 6000.20 manat məbləği cavabdehə tam şəkildə ödəyib. İddiaçı1 cavabdehlə bağlanmış 10.11.2015-ci il tarixli, 038 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayonda tikilmiş və ya tikilən yaşayış kompleksinin 596 nömrəli mənzilini alıb. Mənzilin ümumi səhasi 59.8 kv.metrdən ibarətdir. Müqaviləyə əsasən mənzilin dəyəri 1 kv.m-lik sahəsinin qiyməti 759 manat olmaqla, ümumi dəyəri 45388.20 manat təşkil edir. İddiaçı1 ilkin ödəniş olaraq 6000.20 manat məbləği cavabdehə tam şəkildə ödəyib. İddiaçılar üzərlərinə düşən öhdəlikləri vaxtlı-vaxtında icra ediblər. Lakin sonradan ailədə yaranmış vəziyyətlə bağlı maddi durumları aylıq ödənişləri etməyə imkan verməyib. Bu səbəbdən də cavabdehə rəsmi şəkildə müraciət ediblər ki, müqaviləni dayandırsınlar və mənzili digər şəxslərə satıb iddiaçıların pulunu qaytarsınlar. Cavabdeh də təkliflə dərhal razılaşıb və müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçılardan mənzildən imtina barədə 24.06.2016-cı il tarixdə notariat qaydada ərizə alıblar. Elə həmin tarixdən də "pullarınızı bu gün sabah alacaqsız " deyərək, iddiaçıların pulunu qaytarmayıblar. İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, digər iddiaçı onun oğludur. Onlarla müqaviləni cavabdehin adından İsfəndiyar Axundov bağlamışdır. Onlar ilkin ödənişi cavabdehə etmişlər. Qalan məbləği isə aylıq ödənişlər şəklində Azərbaycan Beynəlxalq Bankına etməli idilər. Onlar müqaviləni pozan zaman onlara bildirilib ki, mənzil satılan kimi pulları geri qaytarılacaq. Lakin, indiyə kimi pulları qaytarılmayıb. Cavabdehin bir neçə vəzifəli şəxslərinin qəbulunda olmuşlar və onlara pullarının qaytarılacağı bildirilsə də pulları qaytarılmayıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər İddiaçı1 İddiaçı2 ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü maddəsində qeyd olunmuşdur ki, mənzil geri qaytarılarsa, razılaşdırılmış məbləğin iki faizi həcmində cəmiyyətə dəbbə pulu ödənilməlidir. Qeyd edilənlərə əsasən cavabdeh məhkəmədən iddianının təmin olunmamasını məhkəmdən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı2 19.02.1976-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı1 isə xx.xx.1989-cu ildə anadan olmuşdur. O, yataqxana 16, otaq 39, məhəllə 42, ev 16 ünvanında qeydiyyatdadır. İddiaçı2 ilə cavabdeh arasında bağlanmış 10.11.2015-ci il tarixli kooperativ mənzil tikintisi haqqında payçı müqaviləsinə əsasən cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayonda inşa edilmiş və ya inşa edilən yaşayış kompleksində ümumi sahəsi 39,8 kv.metr olan 595 saylı mənzili iddiaçıya təhvil vermək, iddiaçı isə bunun qarşılığında razılaşdırılmış pul məbləğini cavabdehə ödəmək barədə öhdəlik götürmüşlər. İddiaçı1 ilə cavabdeh arasında bağlanmış 10.11.2015-ci il tarixli kooperativ mənzil tikintisi haqqında payçı müqaviləsinə əsasən cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayonda inşa edilmiş və ya inşa edilən yaşayış kompleksində ümumi sahəsi 59,8 kv.metr olan 596 saylı mənzili iddiaçıya təhvil vermək, iddiaçı isə bunun qarşılığında razılaşdırılmış pul məbləğini cavabdehə ödəmək barədə öhdəlik götürmüşlər. İddiaçı2 cavabdehə ünvanlanmış ərizəsində cavabdehlə bağlanmış 10.11.2015-ci il tarixli müqavilənin pozulması ilə əlaqədar cavabdehin nizamnaməsinə uyğun tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş 10.11.2015-ci il tarixli, 039 nömrəli maliyyə arayışında göstərilmişdir ki, 595 nömrəli mənzil 10.11.2015-c il tarixli müqaviləyə əsasən İddiaçı2 ayrılmışdır. Mənzilin ümumi dəyəri 30009,20 manat təşkil edir. Bu məbləğdən 6000,20 manat İddiaçı2 tərəfindən ödənilmişdir. "xxxx" ASC tərəfindən maliyyələşdiriləcək məbləğ 24009 manat təşkil edir. Cavabdeh tərəfindən verilmiş 10.11.2015-ci il tarixli, 038 nömrəli maliyyə arayışında göstərilmişdir ki, 596 nömrəli mənzil 10.11.2015-c il tarixli müqaviləyə əsasən İddiaçı1 ayrılmışdır. Mənzilin ümumi dəyəri 45388,20 manat təşkil edir. Bu məbləğdən 6000,20 manat İddiaçı1 tərəfindən ödənilmişdir. "xxxx" ASC tərəfindən maliyyələşdiriləcək məbləğ 39388 manat təşkil edir. Cavabdeh tərəfindən verilmiş 29.07.2020-ci il tarixli, 02/20 saylı arayışda göstərilmişdir ki, İddiaçı1 cavabdehlə bağlamış olduğu 10.11.2015-ci il tarixli müqaviləyə onun 24.06.2016-cı il tarixli ərizəsi əsasında xitam verilmişdir. Həmin vaxtdan müqavilə ilə bağlı bütün öhdəliklər cavabdehə ötürülmüşdür və İddiaçı1 müqavilə ilə bağlı heç bir öhdəlik daşımır. Cavabdeh tərəfindən verilmiş 20.12.2020-ci il tarixli, A-3/17 saylı arayışda göstərilmişdir ki, İddiaçı2 cavabdehlə bağlamış olduğu 10.11.2015-ci il tarixli müqavilə üzrə aylıq ödənişləri vaxtlı-vaxtında ödəyə bilmədiyindən 24.06.2016-cı il tarixli ərizəsi ilə mənzildən imtina etmiş və həmin vaxtdan müqavilə ilə bağlı bütün öhdəliklər cavabdeh tərəfindən icra edilir. Məhkəmə sorğusu əsasında 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.06.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MMC 18.06.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. X1r. Fəaliyyəti 24.10.2020-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödməyi öhdəsinə götürür (752.1). İşdən göründüyü kimi iddiaçılarla cavabdeh arasında olan münasibətlər mahiyyət etibarilə podrat münasibətləridir. Bu səbəbdən mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı məsələri tənzimləyən müddəaları tətbiq edilməlidir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1.). Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir (759.1.). Göründüyü kimi iddiaçılar 10.11.2015-ci il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirə bilməmişlər. Bu səbəbdən tərəflərin razılığı ilə müqavilələr ləğv edilmişdir. Mülki Məcəlləyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (424.2.). Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər (424.4.). Tərəflər arasında bağlanmış hər iki müqavilənin 9.2-ci bəndində göstərilmişdir ki, müqavilənin ləğv edilməsi halında payçı tərəfindən cəmiyyətə ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və cəmiyyətə dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı yeddi iş günü ərzində payçıya qaytarılacaq. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr tərəflərin öz razılılqları ilə ləğv edildiyindən cavabdehin həmin müqavilə üzrə iddiaçıların ödənişlərinin geri qaytarılması öhdəliyi yaranmışdır. Lakin, cavabdeh qeyd edilən halın əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış payçı müqavilələrinin 2.4-cü bəndində mənzilin geri qaytarılması halında müqavilənin 2.1-ci bəndində razılaşdırılmış məbləğin 2 faizi həcmində dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, müqavilələrin 2.1-ci bəndində ilkin ödəniş kimi payçı tərəfindən 6000,20 manatın ödənilməsi, qalan məbləğin isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi qeyd edilmişdir. Belə olan halda 2.4cü bənddə göstərilmiş dəbbə pulunun mənzillərin ümumi dəyərinin, yoxsa ilkin ödənişin 2 faizi həcmində müəyyən edilməsi aydın deyildir. Mülki Məcəllədə göstərilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (404.2.). Əgər müqavilənin ayrıayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır (404.3.). Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (404.4.). Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (404.5.). Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılarla payçı müqavilələrinə 2016-cı ildə xitam verilsə də, cavabdeh iddiaçılardan qeyd edilən dəbbə pulunu tələb etməmiş, əksinə onların ödənişlərini qaytarmaqdan yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin nümayəndəsinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6000 (altı min) manat 20 (iyirmi) qəpik pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 Məmməd qızına, 6000 (altı min) manat 20 (iyirmi) qəpik pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı1 verilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MMC-dən iddiaçılar İddiaçı2 Məmməd qızının və İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1090/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1090/2021
28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver