Məhkəmə qərarları › İş №2(060)-1111/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1111/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1111/2022 17.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Novruzov Yaşar Xanverdi oğluna qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Novruzov Yaşar Xanverdi oğluna qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 7500 (yeddi min beş yüz) manat və ödənilmiş 95 manat dövlət rüsumunun, cəmi 7595 (yeddi min beş yüz doxsan beş) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının dayısı ilə qonşudur. Cavabdeh iddiaçıya müraciət edərək maddi vəziyyətinin ağır olduğunu bildirirək 5500 manat pul lazım olduğunu bildirdi. İddiaçı cavabdehə 5500 manat borca pul vermişdir. Bir müddət sonra yəni, 28 avqust 2020-ci ildə cavabdeh iddiaçıya təkrarən müraciət edərək özünə məxsus avtomaşının düzəldilməsi adı ilə əlavə olaraq 7 ay müddətinə qaytarmaq şərtilə (7 ay müddətinə hər ay 300 manat ödəyəcəyi şərti ilə) 2000 manat borca pul aldı. Cavabdeh 28.08.2020-ci ildə yazdığı qəbzlə əvəlcə 5500 manat, 28.08.2020-ci ildə avtomaşının əziyini düzəltmək adı ilə daha 2000 manat pul aldığını təsdiq etmişdir. 28.08.2020-ci ildə aldığı 2000 manatı cavabdeh hər ay 300 manat ödəmək şərti ilə 7 ay müddətinə iddiaşıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin dəst-xətti ilə yazdığı həmin qəbzdə cavabdeh təsdiq etmişdir ki, ikinci dəfə aldığı (2000 manatı) pulu qaytardıqdan sonra əvvəl aldığı 5500 manat pulu qaytaracaqdır. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş və hazırki tarixə iddiaçıya olan 7500 manatı ödəməkdən imtina edərək müxtəlif bəhanələr gətirir. Hesab edir ki, cavabdehdən 7500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Hal-hazırda iddiaçının maddi vəziyyəti ağırdır, pula ehtiyacı vardır. İddiaçı Mürsəlov Adil Nəzər oğlu iddia tələbini müdafiə edərək eyni zamanda ərizə ilə müraciət edərək mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 28.08.2020-ci il tarixli yazılı qəbzdən görünür ki, həmin tarixə Cavabdeh İddiaçı əvvəl aldığı 5500 manat borclu qaldığını, hazırda maşınını əzdiyindən 2000 manat borc şəklində 7 ay 300 manat olmaqla qaytarmaq şərtilə pul aldığını, əvvəldən qalan borcunu isə daha sonra ödəyəcəyini bildirmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, cavabdeh iddiaçıdan aralarındakı yazılı razılığa əsasən ümumilikdə 7500 manat almış və qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən - Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən- Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən - Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən - Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. Ona görə də Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 95 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh 7500 (yeddi min beş yüz) manat və ödənilmiş 95 manat dövlət rüsumunun əvəzi, cəmi 7595 (yeddi min beş yüz doxsan beş) manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 7500 (yeddi min beş yüz) manat və ödənilmiş 95 manat dövlət rüsumunun əvəzi, cəmi 7595 (yeddi min beş yüz doxsan beş) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar