Məhkəmə qərarları › İş №2(060)-113/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-113/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-113/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızına qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Hüseynova (Ağayeva) Nuranə İsax qızına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 107298,29 manat əsas, 31016.53 manat faiz, 3308 manat dəbbə pulu olmaqla, cəmi 141623,19 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16 V (ümumi sahəsi 698.2 kv.m, torpaq sahəsi 0.05335 ha) ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 08.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 18 faiz şdəmək şərti ilə 150000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış 08 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16 V (ümumi sahəsi 698.2 kv.m, torpaq sahəsi 0.05335 ha) ünvanında yerləşən torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 107298,29 manat əsas, 31016,53 manat faiz, 3308 manat dəbbə pulu olmaqla, cəmi 141623,19 manat borcu yaranmışdır. İddiaçı 23 may 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən iddiaçının xeyrinə 72298.29 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 11998.85 manat faiz borcu, 30892.58 manat müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə, müqavilənin bitdiyi tarixdən 16.05.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6703.35 manat borc, cəmi 121893.07 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16 V ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin binanın açıq hərracdan satılması və borcun həmin binanın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin binaya tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin binanın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçınin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə bundan 72298,29 manat əsas borc, 51142,32 manat cərimə, kredit müqaviləsi bitındən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 14156,40 manat faiz, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat rüsumunun cavabdehdən tutularaq iddiçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16 V ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin binanın açıq hərracdan satılması və borcun həmin binanın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin binaya tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin binanın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavadeh iddia ərizəsinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi qeyri müəyyəndir, ərizədə ödənilmiş məbləğin hansı hissəsinin əsas borca, hansı hissəsinin faizlərə hesablanması göstərilməmişdir. Kredit xətti üzrə müqavilənin hansı müddətə bağlanması və kreditin verilməsi tarixi göstərilməmişdir. Müqavilənin hansı müddətə bağlanması göstərilmədiyi halda faizlərin hansı qaydada hesablanması aydın deyil. İddia ərizəsinin məzmunundan belə anlaşılır ki, faizdən faiz hesablanmış, bu da qanunsuzdur. Faizlərin hesablanması cədvəli olmadığı üçün faizlərin düzgün hesablanıb hesablanmamsını müəyyən etmək mümkün deyil. İddiaçının təqdim etdiyi bank çıxarışından görünür ki, 150000 manat kreditə qarşı 171609,38 manat ödənilmiş və hazırda ödənişlər davam etdirilir. Kreditin verilməsindən sonra manat iki dəfə devalvasiyaya uğramış və maliyyə böhranı yaranmışdır. Yaranmış şəraitə rəğmən ödənişlər davam etdirilir, müqavilənin şərtlərini yerinə yetirir. Hər iki tərəf müqavilənin icra olunması üçün səylər göstərməlidir, iddiaçı tərəfdən belə səylər göstərilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi təklif olunmamışdır. Müqavilə öhdəliklərinə əməl etməkdə davam edir, belə şəraitdə borcun ipoteka predmetinə yönəldilməsinin nə faktiki, nə də hüquqi əsası yoxdur. İddia ərizəsinin qeyri müəyyən olmasını və müqavilə öhdəliklərinə əməl etməkdə davam etdiyini nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdeh tərəfindən sonradan ödənişlər edilmiş və həmin ödənişlər faiz borcuna silinmişdir. Bu səbəbdən cavabdehin faiz borcu sıfıra enmişdir. Lakin, işdə olan qiymətləndirmə rəyində qeyriyaşayış sahəsinin ilkin satış qiyməti çox yüksək göstərilmişdir. Belə ki, ya ipoteka müqaviləsində göstərilmiş qiymət əsas götürülərək qətnamə qəbul edilməli, ya da yenidən qiymətləndirmə ekspertizası təyin edilməlidir. Sonuncu dəfə qiymətləndirmə ekspertizası təyin edilərkən cavabdeh öz üzərinə borcun iki ay müddətində ödənilməsi barədə öhdəlik götürdüyündən iddiaçı qiymətləndirmənin keçirilməsində maraqlı olmayıb. Lakin, cavabdeh borcu ödəməyib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, cavabdeh tərəfindən böyük məbləğdə ödənişlər edilmiş, lakin həmin ödənişlər. Əsas borcdan silinməmişdir. Bu səbəbdən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızı 26.10.1986-cı ildə, Naxçıvan MR, Şahbuz şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 08.07.2014-cü il tarixli, 1228/014 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 18 faizlə, 76200 manat kredit verilmişdir. 08.07.2014-cü il tarixli, 1228/14 saylı ipoteka müqaviləsinə əsasən, cavabdehin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16V ünvanında yerləşən, ümumi sahəsi 698.2 kv.m, torpaq sahəsi 0.05335 ha olan 1 mərtəbəli, qeyri yaşayış binası cavabdehin kredit öhdəliklərinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində qeyri-yaşayış sahəsinin bazar dəyəri 300 000 manat, likvid dəyəri 255 000 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışa əsasən həmin qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. İşdə olan maliyyə arayışına əsasən 08 iyun 2021-ci il tarixə cavabdehin əsas məbləğ üzrə 72298.29 manat, faiz borcu üzrə o manat, cərimə üzrə 51142,32 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 14156,40 manat olmaqla, cəmi 137597,01 manat borcu vardır. İşdən göründüyü kimi iddiaçı tərəfindən göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində 23.02.2018-ci il tarixində qeydə alınmışdır. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2019-cu il tarixli, 24412 saylı ekspert rəyində kredit müqaviləsi üzrə borcun 04.06.2018-ci il tarixə əsas borc üzrə 107296,37 manat, faiz borcu üzrə 37870,57 manat olmaqla, cəmi 145166.94 manat təşkil etdiyi müəyyən edilmişdir. “HEBA Consulting” Məhdud Məsuliyətli Cəmiyyətinin qeyri yaşayış sahəsinin qiymətləndirilməsinə dair 21 may 2019-cu il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16V ünvanında yerləşən, ümumi sahəsi 698.2 kv.m, torpaq sahəsi 0.05335 ha olan 1 mərtəbəli, qeyri yaşayış binasının orta bazar qiyməti 620000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2020-ci il tarixli, 20955 saylı ekspert rəyində kredit müqaviləsi üzrə borcun 19.06.2019-cu il tarixə əsas kredit borcu 72298,29 manat, faiz borcu 11998,85 manat olmaqla, cəmi 84297,14 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 36 ay müddətinə, 76200 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Sonuncu məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair ekspert rəyində kredit müqaviləsi üzrə 72298,29 manat əsas və 11998,85 manat faiz borcunun olduğu göstərilmişdir. Məhkəmə iddia tələbinin iddia ərizəsində göstərilən əsas borc məbləğinin cavabdehdən tutulmalı olması qənaətinə gəlir. Faiz borcuna gəldikdə isə hazırda iddiaçının faiz borcu üzrə tələbi yoxdur. Mülki Məcəllədə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 14156,40 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 72298,29 manat əsas borc məbləğinə 51142,31 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənilməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16V-də yerləşən qeyri-yaşayış sahəsi iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehin kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, cavabdehin kredit borcu üzrə tələbi həmin ipoteka predmetinə yönəldilməli, qeyri-yaşayış sahəsi açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.) Göründüyü kimi “HEBA Consulting” Məhdud Məsuliyətli Cəmiyyətinin Mənzilin qiymətləndirilməsi barədə 21 may 2019-cu il tarixli hesabatında ipoteka predmetinin ilkin satış qiyməti 620000 manat məbləğdə müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mənzilin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Eyni zamanda iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı çəkdiyi xərclər də cavabdehdən tutulmalıdır. Qeyri-yaşayış sahəsi satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi məsələlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məsələlər ipoteka predmetinin satışından sonra həll edilməli olan məsələlərdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 72298,29 manat, cərimə üzrə 1000 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği üzrə 14156,40 manat olmaqla, cəmi 87454 (səksən yeddi min dörd yüz əlli dörd manat) 69 (altmış doqquz) qəpik məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızından tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Hüseynova (Ağayeva) Nuranə İsax qızının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16V ünvanında yerləşən qeyriyaşayış binasına yönəldilsin və həmin qeyri-yaşayış binası açıq hərracda satılsın. Qeyriyaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına Hüseynova (Ağayeva) Nuranə İsax qızının İddiaçı ASC-yə olan borcları ödənilsin. Qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ cavabdehdən ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC-yə olan borc ödənildikdən sonra qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Hüseynova (Ağayeva) Nuranə İsax qızına qaytarılsın. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16V saylı qeyri yaşayış binasının ilkin satış qiyməti 620000 (altı yüz iyirmi min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 290 manatın 145 (yüz qırx beş) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 145 (yüz qırx beş) manatı isə Hüseynova (Ağayeva) Nuranə İsax qızından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar