Məhkəmə qərarları › İş №2(060)-113/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-113/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-113/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurulmuş maddi ziyanın əvəzi olaraq 35422 (otuz beş min dörd yüz iyirmi iki) manatın və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə iddiaçı “Dalğa” Bağçılıq yoldaşlığına üzv qəbul olunmuş və Yaşma bağlar massivində yerləşən "Dalğa" Bağçılıq yoldaşlığına aid 803 saylı, sahəsi 600 kv.metr olan bağ sahəsi onun istifadəsinə verilmiş və onun adına bağçılıq üzvlük kitabçası açılmışdır. Həmin bağ ilə qonşuluqda cavabdehlərə məxsus olan 802 saylı bağ mövcuddur. Cavabdehlər iddiaçıya məxsus olan bağ sahəsini zəbt edərək həmin bağda olan bütün avadanlıqları məhv etmiş, onların bu qanunsuz əməlləri nəticəsində iddiaçıya böyük məbləğdə maddi ziyan dəymişdir. İddiaçı cavabdehlərin ona məxsus olan bağ sahəsindən çıxarılması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(060)-584/2022 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin olunaraq 803 saylı bağ sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması qət olunmuşdur. Bildirir ki, cavabdeh tərəfindən iddiaçıya Şifer mismarı 40 kq 104 manat, Mismar 20 kq 52 manat, Mismar 20 kq 60 manat, Şifer 366 ədəd 3660 manat, Reyka 637 metr 828 manat, Atma taxtalar 106 ədəd 2120 manat, Atma taxtalar 10 ədəd 180 manat, Sement 20 ədəd 160 manat, Qum 2 kub 80 manat, Beton mismarı 20 kq - 40 manat, Məftil 10 kq 30 manat, Raşotkalar 750 manat, Tək laylı dəmir qapı 4 ədəd 600 manat, 2 laylı dəmir qapı 200 manat, 3 raşotkalı qapı 150 manat, Küçə qapısı 600 manat, İşıq ləvazimatları 600 manat, Kondisioner 400 manat, 2 ədəd soyuducu 150 manat, 2 ədəd xalça 150 manat, Divan-kreslo 200 manat, Yataq 50 manat, Kamot 150 manat, Moyka 100 manat, Qaz sobası 50 manat, Şkaflar 200 manat, Plastik pəncərə 200 manat, Dəmir soba istilik üçün 70 manat, Dəmir borular-60 manat, Manqal-samovar 60 manat, Usta xərcləri 8000 manat, Ustaların yemək xərcləri 2000 manat, Maşın materialı daşımaq üçün 600 manat, Su çəni 600 manat, tor 10 metrlik 38 manat, Dik 15 ədəd 200 manat, 4-cü Polis Bölməsində cavabdehlərdən Cavabdeh2 verilmiş pul-1850 manat, cavabdehlərə məxsus 802 saylı bağa çəkilən xərc 10000 manat, cəmi 35422 manat ziyan dəymişdir. TƏRƏFLƏRİN İZAHATİ: Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, məhkəmə araşdırması gedişində iddia tələbinin tam əsaslı olması sübuta yetirilmişdir. Tərəflərindən təkcə onlara məxsus olan bağ sahəsində deyil, eyni zamanda əvvəl onların istifadəsində olmuş, lakin sonradan Cavabdeh1 tərəfindən məhkəmə qətnaməsi əsasında geri alınan bağ sahəsində olan tikililərə çəkilmiş xərclərə, həmçinin əşyalara dair iddia qaldırılmışdır. Məhkəmə iclasında dindirilmiş ekspert Elməddin Aslanlının məlumatından da aydın olur ki, qiymətləndirmə sadəcə bir bağ sahəsində olan əmlaklarla bağlı aparılmışdır, digər bağ sahəsində olan əmlaklara çəkilmiş xərclər isə qiymətləndirilməmişdir. Bundan əlavə, məlum oldu ki, ekspert tərəfindən verilən rəydə məbləğə münasibətdə səhvə yol verilərək 1 ədəd şiferin qiyməti 5,50 manat olaraq qiymətləndirilmişdir və ekspert 1 ədəd şiferin qiymətinin 8,50 manat olaraq qiymətləndirilməli olmasını bildirdi. Bağ sahəsində aparılan tikinti işlərinin aparılmasına və bağ sahəsinə lazım olan bütün avadanlıqların alınmasına vəsait iddiaçı tərəfindən sərf olunmuşdur. Eyni zamanda tərəflərindən məhkəməyə təqdim edilən videogörüntülərdə də bağ sahəsinin əvvəlki vəziyyəti və söküntüdən sonrakı vəziyyəti öz əksini tapmışdır ki, bununla da real dəyən zərər öz təsdiqini tapır. Odur ki, qeyd olunanlar əsasında iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, nümayəndəsi-vəkilinin dediklərini təsdiq etdiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, "Dalğa" Bağçılıq yoldaşlığına olan 803 saylı və 802 saylı tikililəri öz vəsaiti hesabına inşa etmişdir, sonra mübahisə yarananda özü həmin tikililəri qismən söküb aparmışdır. İddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ŞAHİDLƏRİN İFADƏLƏRİ: Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi, İddiaçı onun bacısıdır. 2017-ci ildə Qızana bağ sahəsi almışdır, məqsədi oğlu Xəyalın orada mal qara saxlaması olmuşdur. Baş sahəsinin alınmasında və orada tikililərin tikilməsi üçün o Qızanaya maddi dəstək olmuşdur, buna görə öz əmlaklarını satmış, həmçinin bankdan kredit götürmüşdür. Ümumilikdə Qızanaya 20000-25000 manata yaxın pul vermişdir. Xəyal Fəxri adlı dostu ilə həmin ərazidə mal-qara saxlayırdılar. Bir müddət sonra Fəxri öz hissəsini başqa şəxsə satıb çıxıb getdi, həmin şəxsdə bütün mal qaranı götürüb çıxıb getmişdir. Sahədə bütün tikilələr Xəyal tərəfindən onların, yəni Qızananın və onun Qızanaya verdiyi pul hesabına tikilmişdir. Xəyal başqa işlə əlaqədar tutulana qədər hər iki sahə Qızanagilin istifadəsində olmuşdur, bundan sonra Fəxri Qızanaya qarşı iddia qaldırıb 802 saylı bağ sahəsini geri almış, həmçinin 803 saylı bağ sahəsinin də qıfıllarını dəyişib Qızananı ora buraxmamışdır. Qızana da məhkəməyə müraciət edərək 803 saylı bağ sahəsini Fəxridən tələb etmişdi. Bağ sahəsi geri alınanda görmüşlər ki, Fəxri orada olan tikilələri söküb aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, hörgü və suvaq ustasıdır, 2018-ci ildə Xəyal adlı şəxs onu və onunla eyni kənddən olan Ruslan Qulamini bağ sahəsində tikinti işləri aparmaq üçün cəlb etmişdir. Xəyala məxsus olduğunu bildiyi torpaq sahəsində tikililər tikmişlər, həmin tikililərin materiallarını Xəyal alıb gətirmiş, onlara da usta haqqını Xəyal ödəmişdir. Fəxrini Xəyalın dostu kimi tanımışdır. Xəyalın qohumlarından heç kimi tanımamışdır, Xəyalla sonuncu dəfə tikintini başa çatdırdıqda görüşmüşdür. Xəyal ona və Ruslana təxminən 2000-3000 zəhmət haqqı vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, İddiaçı tanıyır, İddiaçı Xəyalın anasıdır. Cavabdeh2 Xəyalın dostu kimi tanıyır. Xəyalı Şuraabad kəndindən tanımışdır. Onları fəhlə kimi Xəyal gətirib. Tikinti işləri görüblər. Gördükləri işlərin haqqını Xəyal ödəyib. Cavabdeh2 sadəcə Xəyalın dostu kimi tanımışdır. Tikintinin sifarişçisi kimi Xəyalı tanımışdır. Tikinti materiallarını xəyal alıb gətiridi. Tikintini (dam, dam örtüyü, şifer, suvaq, beton) axıra qədər onlar ediblər. 2018-ci ilin yanvar ayının 1-dən işləməyə başlayıblar. 2018-ci ilin aprel ayının 10-a qədər işləyiblər, ondan sonra da Xəyalı görməyiblər. Onu məhkəmə iclasına Xəyalın anası İddiaçı dəvət edib, İddiaçı onunla telefon vasitəsilə əlaqə saxlayıb. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirdi ki, iddiaçın oğludur, Cavabdeh2 qardaşı Xəyalın dostu kimi tanıyır. Cavabdeh2 əvvəl qardaşı Xəyalla şərik olub, sonra bildiyinə görə, Fəxri Xəyalın digər dostu Naildən 27000 manat pul alıb şəriklikdən çıxıb. Xəyalın Fəxriyə 9000 manat başqa borcu olub, həmin borca görə Fəxri polisə müraciət edərkən o, Fəxriyə 1850 manat qaytarmışdır. Bundan sonra Fəxri fermada olan tikililəri sökmüşdür. Məhkəmə iclasında dindirilən ekspert X8 bildirdi ki, tərəfindən verilən 17 aprel 2023-cü il tarixli, 10/8536 nömrəli rəyin “smeta” hissəsində 1 ədəd şiferin orta bazar qiyməti olaraq texniki səhv nəticəsində 5,5 manat yazıb, odur ki, 1 ədəd şiferin orta bazar qiymətinin 8,50 manat kimi nəzərə alınmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iş icraatına daxil olduqdan sonra mülki iş materialları araşdırılarkən bağ sahələrinə dair hüquqmüəyyənedici sənədlər tərəfindən aşkar edilmədiyi üçün vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin tədqiqat obyektinə baxışda iştirakının təmin edilməsini xahiş etmiş, lakin yalnız tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirə bilmişdir. İddiaçı tərəfindən ona təqdim edilən sahə (803 saylı) üzrə tədqiqat aparmışdır, tədqiqat apardığı həmin sahənin ölçüsü də təxminən 600 kv.m. idi. Tədqiqat apardığı sahənin yan tərəfində də bir sahə olmuşdur. İddiaçı isə tədqiqat apardığı sahənin yanındakı sahənin onlara məxsus olmadığını bildirmişdir. Belə ki, tədqiqat apardığı sahə faktiki ona təqdim olunan sahə olmuşdur. Yalnız İddiaçı tərəfindən ona təqdim edilən bağ sahəsi üzrə tədqiqat aparmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İŞ MATERİALLARİNDA OLAN: - “Dalğa” Bağçılıq Yoldaşlığının “Bağçının üzvlük kitabçası”nın surətindən görünür ki, İddiaçı Bağçılıq cəmiyyəti üzvlərinin 2017-ci il tarixli, 1 nömrəli protokoluna əsasən üzv qəbul edilmişdir və Bağçılıq cəmiyyəti “Dalğa” bağçılıq yoldaşlığı, Yaşma bağlarında yerləşən, sahəsi 600 kv.m. olan 803 saylı bağ sahəsi daimi istifadə etmək üçün İddiaçı verilmişdir. - 1427nkSUM/18 nömrəli, xx.xx.2018-ci il tarixli kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı 36 ay müddətinə, xx.xx.2021-ci il tarixinədək, illik 28 (iyirmi səkkiz) faiz ödəmək şərtilə 1400,00 (bir min dörd yüz manat) AZN məbləğində kredit verilmişdir. - AN-İ № 0825722, 12 dekabr 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 alıcı X4 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,379 ha olan torpaq sahəsini 2000 manat 00 qəpiyə (iki min manat sıfır qəpik) satmışdır. - 05 aprel 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X14 icraatında olan, NK-1/591 saylı, xx.xx.2020-ci il tarixli ünvan 2 ünvanında yaşayan Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılmasını rədd etmişdir. - 06 avqust 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X14 icraatında olan, NK-1\1417 nömrəli, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılmasını rədd etmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2692/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia tələbi üzrə Yaşma massivində yerləşən 802 saylı bağ sahəsinin cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. - AN-İ № 0955675, 14 iyul 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 alıcı X9 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini 5000 manat 00 qəpiyə (beş min manat sıfır qəpik) satmışdır. - 29 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Sumqayıt ŞPİ, 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı məmmədov Şamil Zabill oğlu icraatında olan, xx.xx.2021-ci il tarixli, NK-1/641 saylı yoxlama materialları üzrə cinayət işinin başlanılmasını rədd etmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-584/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı iddia tələbi üzrə Yaşma bağlar massivində yerləşən 803 saylı bağ sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi qət edilmişdir. - 16 may 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X10 icraatına daxil olmuş 1 NK-1/501 saylı yoxlama materialları üzrə X1 müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılmasını rədd etmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş diskdəki videogörüntülərdən görünür ki, İddiaçı dediyinə görə və Cavabdeh2 etirafına görə diskdə 803 saylı bağ sahəsinin söküntüdən əvvəlki və sonrakı görüntüləri öz əksini tapmışdır. 802 saylı sahədə olan tikililərə dair diskdə hər hansı məlumat mövcud deyil. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 10/8536 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında Yaşma bağlar massivində yerləşən “Dalğa” bağçılıq yoldaşlığında yerləşən 802 və 803 saylı bağ sahələrinin döngə nöqtələrinin korrdinatlarına dair məlumat olmadığına və müvafiq mütəxəssis rəyi təqdim olunmadığına görə, həmin bağ sahələrinin yerini müəyyən etmək mümkün olmamış və baxış zamanı təqdim olunmuş tikililərə dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan işlərin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 11272 manat məbləğində olduğu müəyyən olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MƏHKƏMƏNİN MÖVQEYİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı razılığı ilə oğlu Xəyal Hüseynovla Cavabdeh2 torpaq sahəsi alaraq həmin ərazidə iri və xırda buynuzlu heyvan saxlamaq qərarına gəlmişlər. Bununla əlaqədar tərəflərindən “Dalğa” Bağçılıq Yoldaşlığının ərazisindən iddiaçının adına 803 saylı, Cavabdeh1 adına isə 802 saylı bağ sahələri alınmışdır. Bundan sonra 803 saylı bağ sahəsində tikililər inşa edilmiş, 802 saylı bağ sahəsində isə mövcud tikililər rekonstruksiya edilmişdir. Qeyd edilən inşaat işlərinin xərcini İddiaçı vəsaiti hesabına oğlu Xəyal Hüseynov çəkmişdir. Bundan sonra Xəyal Hüseynovla Cavabdeh2 iri və xırda buynuzlu heyvan alaraq orada saxlamağa başlamışlar. Bir müddət sonra Cavabdeh2 özünə aid etdiyi hissəsini Nail adlı şəxsə satmış, sonuncu da heyvanları götürüb aparmışdır. Xəyal Hüseynovla Cavabdeh2 şifahi razılaşmasına əsasn hər iki bağ sahəsi birincinin istifadəsində qalmışdır. Qeyd edilənlərin nəticəsində Xəyal Hüseynovun 9000 manat məbləğində Cavabdeh2 borcu yaranmışdır, sonuncusu bununla əlaqədar polis orqanına müraciət etdikdə hazırkı iş üzrə şahid Vüqar Hüseynov (İddiaçı oğlu, Xəyal Hüseynovun qardaşı) həmin borcdan 1850 manatı Fəxriyə qaytarmışdır. Bir müddət sonra Xəyal Hüseynov başqa bir hadisə ilə əlaqədar həbs edildikdən sonra Cavabdeh1 məhkəməyə müraciət edərək onun adına qeydiyyata alınmış 802 saylı bağ sahəsinin İddiaçı alınaraq ona qaytarılmasını xahiş etmiş və onun iddiası təmin edilərək qətnamə icra edilmişdir. Bundan sonra Cavabdeh2 hər iki bağ sahəsinin qıfıllarını dəyişərək İddiaçı həmin əraziyə buraxmamışdır. Buna görə İddiaçı məhkəməyə müraciət edərək adına qeydiyyata alınmış 803 saylı bağ sahəsinin Cavabdeh1 alınaraq ona qaytarılmasını xahiş etmiş, məhkəmə iddianı təmin etmişdir. 803 saylı bağ sahəsi İddiaçı qaytarıldıqda orada olan tikililər Cavabdeh2 tərəfindən sökülmüşdür. Bu halı Cavabdeh2 polis orqanında aparılan araşdırma zamanı və hazırkı mülki məhkəmə icraatında etiraf etmişdir. 803 saylı bağ sahəsində inşa edilmiş, 802 saylı bağ sahəsində isə rekonstruksiya edilmiş mövcud tikililərin xərci İddiaçı vəsaiti hesabına oğlu Xəyal Hüseynov tərəfindən ödənilmişdir. İddia tələbində qeyd edilən 1850 manat Cavabdeh2 verilən pul X17 borclu olduğu 9000 manatın bir hissəsi olmuşdur. Məhkəmə ekspetinin rəyi və verdiyi ifadəyə əsasən 803 saylı sahədə olan tikililərin sökülməsi nəticəsində 11872 manat zərər müəyyən edilir (11272 manat rəyə əsasən, 11872 manat isə ifadəyə əsasən, belə ki, 200 ədəd şiferin dəyəri hər biri 8,5 manatdan hesablanmaqla 1700 manat təşkil etdiyi halda, rəydə 5,5 manatdan hesablanaraq 1100 manat qeyd edilmişdir). Cavabdeh1 İddiaçı vəsaiti hesabına inşa edilən tikililərin sökülərək zərər vurmasında iştirakı müəyyən edilmir. Həmçinin 802 saylı bağ sahəsində olan tikililərn əvvəlki vəziyyəti barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən, həmin sahə üzrə dəymiş zərəri müəyyən etmək mümkün deyil. İddiaçı tərəfindən təqdim edilən sübutlarda, o cümlədən audio-video diskdə yalnız 803 saylı sahədə olan tikililərin əvvəlki vəziyyəti qeydə alınmışdır. Məhkəmə iddia tələbində qeyd edilən məişət əşyalarına münasibətdə hesab edir ki, iddiaçı tərəf həmin əşyaların olmasına dair mötəbər sübutlar təqdim edə bilmir. Göründüyü kimi Cavabdeh2 öz hərəkətləri ilə İddiaçı 11872 manat zərər vurmuşdur. Odur ki, İddiaçı bu hissədə iddiası əsaslı olduğundan təmin edilməlidir. Qalan hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 11872 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 197 manat dövlət rüsumunun 125,62 (bir yüz iyirmiş beş manat altmış iki qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 71,38 (yetmiş bir manat otuz səkkiz qəpik) manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq 50 manat Cavabdeh2 tutularaq X2 müxbir hesabına ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 11872 (on bir min səkkiz yüz yetmiş iki) manat və ödənilmiş 125,62 (bir yüz iyirmiş beş manat altmış iki qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 71,38 (yetmiş bir manat otuz səkkiz qəpik) manatı İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, AZ34CTRE********************; X5, KOD: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar