Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-114/2022 14.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 14 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4760 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. 12 may 2021-ci il tarixində təxminən saat 02:00 radələrində o, özünə məxsus avtomobillə Sumqayıt şəhəri, Heydər Əliyev küçəsi ilə hərəkət edərkən işıqforda qırmızı işıq olduğu üçün maşını saxlamışdır. Onun maşınının qarşısında isə **-RG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106" markalı avtomobil dayanmışdır, həmin vaxt 3 mülki formalı şəxs həmin avtomobilə yaxınlaşdıqda avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi maşını yüksək sürətlə arxaya vermişdir. Maşını yüksək sürətlə arxaya verməsilə onun maşınının arxa tərəfi maşınının ön tərəfinə dəymiş və maşının şarları açılmışdır. Həmin vaxtı X1 orada olması səbəbindən ona məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomobildə də çəkiliş aparmışdırlar. “Mərcan” servisdən verilən hesabatdan da görünür ki, **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomobilə dəymiş ziyan 4760 (dörd min yeddi yüz altmış) manat müəyyən olunmuşdur. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinə ona dəymiş 4760 (dörd min yeddi yüz altmış) manat məbləğindəki maddi ziyanın ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin ********* saylı 14 iyun 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərarında ona məxsus 10 BB-773 dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe" markalı avtomobilə Cavabdeh idarə etdiyi **-RG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobil tərəfindən 4760 manat məbləğindəki maddi ziyanın dəydiyi göstərilmişdir. Həmçinin Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində ona dəymiş maddi ziyanın ödənilməsi mülki məsələ olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun məhkəməyə maşına dəymiş maddi ziyana dair təqdim etdiyi arayış rəsmi sənəddir. Həmin arayışda nəzərdə tutulan qiiymətləndirmə bir neçə ay bundan əvvələ aiddir. Hesab edir ki, hətta qiymətlərdə artım da ola bilər. İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasının məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən də 12 may 2021-ci il tarixində təxminən saat 02:00 radələrində o, özünə məxsus **-RG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobillə Sumqayıt şəhəri, Heydər Əliyev küçəsi ilə hərəkətdə olarkən maşını arxaya verərkən **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomobilə dəymişdir. Bu zaman onun surəti 20 km/saatdan çox olmamışdır. Hadisəni etiraf etsə də, o maşına dəymiş ziyana dair qiymətlə razı deyil. Hesab edir ki, ödənilməsi tələb olunan məbləğ çox yüksəkdir. Hazırda o, heç bir yerdə işləmir. Həmin məbləği ödəməyə onun maddi imkanı yoxdur. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin və maddi vəziyyətinin ağır olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Mərcan Servis tərəfindən verilmiş 30.05.2021-ci il tarixli arayışdan görünür ki, **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomobilə dəymiş ziyanın məbləği 4760 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2021-ci il tarixli, 9/8019 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Mərcan firmasının 30.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Coupe” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 3910 manat müəyyən edilmişdir. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində 12.05.2021-ci il tarixdə saat 02.14-də idarə etdiyi **-RG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən ehtiyatsızlıqdan avtomobilinin arxa tərəfində dayanan **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomobil ilə toqquşaraq qəza törətdiyini etiraf etmişdir. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarılmış avtomobil nəqliyyat məlumatlarına əsasən buraxılış ili 2008-ci il olan **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomaşın İddiaçı mülkiyyətindədir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 12.05.2021-ci il tarixdə saat 02.14-də baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi 99-RG- 803 dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobil İddiaçı məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomobil ilə toqquşmuş və **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomobilə ziyan dəymişdir. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması onun həm məhkəmə iclasında, həm də Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatları ilə təsdiq edilir. Cavabdeh yalnız vurulmuş ziyanın məbləğini mübahisələndirir. Məhkəmə hesab edir ki, 12.05.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğundan həmin hadisə nəticəsində **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomobilə dəymiş ziyan Cavabdeh tərəfindən avtomaşının mülkiyyətçisi olan İddiaçı ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar tərtib edilmiş sənədləri Sumqayıt şəhər Polis İdarəsinə sorğu verməklə tələb etsə də, həmin sənədlər İdarə tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Məhkəmə tərəfindən iddiaçıya məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Coupe” markalı avtomaşının təmir-bərpa xərci ilə bağlı ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2021-ci il tarixli, 9/8019 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Mərcan firmasının 30.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Coupe” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 3910 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 3910 manat məbləğində vəsait cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 24 manatı cavabdehdən tutulmalı, 6 manatı iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə (təxminən 80% həcmində) münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 80 manatı cavabdehə, 20 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3910 (üç min doqquz yüz on) manat məbləğində dəymiş ziyan və 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3934 (üç min doqquz yüz otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh 80 (səksən) manat, İddiaçı isə 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-114/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-114/2022
14.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver