Məhkəmə qərarları › İş №2(060)-1144/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1144/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1144/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2006-cı ildə Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə faktiki nikahdan bir övladları- xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-402/2008 saylı, 14 fevral 2008-ci il tarixli qətnaməsi ilə birgə faktiki nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 80 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2376/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-402/2008 saylı 14 fevral 2008ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmış, birgə faktiki nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 140 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. İddiaçı 140 manat məbləğində alimentlə uşağını saxlamaqda çətinlik çətir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasioanlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2023-cü il respublikada uşaqlar üçün yaşayış minimumunun 200 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 2(060)-2376/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulub birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. Qeyd olunanlara əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2376/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini, cavabdeh X1 hər ay 220 manat sabit pul məbləğində aliment tutulub birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, işdən göründüyü kimi uşağın on altı yaşı vardır və bir uşaqdır. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat miqdarında müəyyən olunmuşdur. Cavabdehin etiraz etməsinə baxmayaraq uşağı saxlamaq valideynin borcudur. İddianın təmin edilməsini və aliment məbləğinin artırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbi ilə razı deyildir. 150 manat aliment ödəyə bilər. İşi olsa heç özünü əziyyətə salmaz. Əlində pulu olduqda 300-400 manat vermişdir. Hələ ki, cavabdehə 2950 manat borcu qalmışdır. O zaman onu polisə vermişdir. Alimenti də geri qaytarmışdır. İndi də onu tələb edir. 160 manat ancaq ödəyə bilər. Evdə xəstə uşağı vardır. Ata olaraq vəzifəsi olduğunu bilir, lakin maddi vəziyyəti imkan vermir.Əgər maddi imkanı olsa daha yüksək məbləğdə aliment ödəyər. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-402/2008 saylı, 14 fevral 2008-ci il tarixli qətnaməsi ilə birgə faktiki nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 80 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2376/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-402/2008 saylı 14 fevral 2008ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmış, birgə faktiki nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 140 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. AZ-İ 909266 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Sumqayıt Şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Azərbaycan Respublikası Sumqayıt şəhəri VVADQ şöbəsində doğum akt qeydləri kitabında 29 mart 2007-ci il tarixdə 1003 nömrə ilə qeyd edilmişdir. 20 oktyabr 2022-ci il tarixli MŞB/6-6401 №-li “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiyada iştirak etməmişdir, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. AZ-İ seriyalı, 379763 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Məmmədova Röya kazım qızı ilə Cavabdeh arasında bağlanmış nikah Sumqayıt şəhəri VVAQ şöbəsində 18 yanvar 2018-ci il tarixdə akt qeydləri kitabında 50 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada isə Abbasova soyadı verilmişdir. AZ-İİ 207379 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə Sumqayıt Şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Bu barədə Azərbaycan Respublikası Sumqayıt şəhəri qeydiyyat şöbəsində doğum akt qeydləri kitabında 06 dekabr 2008-ci il tarixdə 5940 nömrə ilə qeyd edilmişdir. AZ-İİ 771999 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Abbaslı Hidayət Mahir oğlu xx.xx.2011-ci il tarixdə Sumqayıt Şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Bu barədə Azərbaycan Respublikası Sumqayıt şəhəri qeydiyyat şöbəsində doğum akt qeydləri kitabında 25 oktyabr 2011-ci il tarixdə 5178 nömrə ilə qeyd edilmişdir. Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Abbaslı Hidayət Mahir oğlu sağlamlıq imkanları məhdud uşaq olmaqla astma, bronxial astma, atopik forma, ağır gedişli, teztezressidivləşən boğulma tutmaları ilə ağırlaşma R06.0 təngnəfəslik (töyşümə), ağırlaşma J46 astmatik status, ağırlaşma J96.1 respirator çatmamazlıq, əhəmiyyətli qarışıq tip tənəffüs pozğunluğu, tənəffüs pozğunluğu – 2-ci dərəcə, yanaşı xəstəliklər D64.9, dəqiqləşdirilməmiş anemiya, xroniki defisit anemiya diaqnozu ilə qeydiyyatdadır. Məşğulluq haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh işaxtaran (işi və qazancı olmayan şəxs) olaraq qeydiyyatdadır. “Unikal Klinika”-nın t Cavabdeh müyinə olunmasına dair nəticəyə əsasən səhətində xəstəliklik olması müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı uşağa görə ödənilən 140 manat məbləğində aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşağın əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi uşağın mənafeyinə xidmət edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. İddia tələbi qismən təmin edilərkən, cavabdehin nikaha daxil olmasını, həmin nikahdan iki azyaşlı övladının olmasını, yetkinlik yaşına çatmayan uşağın, həmçinin özünün səhətində olan problemlərə bağlı müalicəyə ehtiyacları olduqlarını, cavabdehin işləməməsini, fərdi qaydada hansı məbləğdə gəlir əldə etməsi barədə yetərli sübutların iddiaçı tərəfindən təqdim olunmamasını nəzərə alaraq bu qənaətə gəlir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2376/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2376/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat mediasiya xərci tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar