Məhkəmə qərarları › İş №2(060)-1147/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1147/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1147/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 209,34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə borcalan Paşayeva Hicran Abış qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 30% ödəmək şərti ilə 500 manat məbləğində kredit limiti verilmişdir. Borclu-mərhum Paşayeva Hicran Abış qızının vəfat etdiyi müəyyən olduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat ofisinə xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat ofisinə xx.xx.2020-ci il tarixli cavab məktubu ilə Paşayeva Hicran Abış qızının vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borclumərhum Paşayeva Hicran Abış qızının hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə “xxxx KB ASC-yə 209,34 manat borcu yaranmışdır. AR ƏN Sumqayıt səhəri 3 savlı Notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdığımız işlə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu-mərhum Paşayeva Hicran Abiş qızının miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olub. Qeyd olunanlara əsasən cavabdeh-vərəsə Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iştirakları olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, mərhum borclunun həyat yoldaşı olaraq ona vərəsəlik şəhadətnaməsi verilmiş, lakin bu zaman kredit borcu olması ilə bağlı məlumatı olmamışdır və düşünmüşdür ki, keçmiş həyat yoldaşı öldüyünə görə borcu ödəməyə borclu deyildir. Borcu birdəfəyə ödəyə bilmir, hazırda maddi durumu imkan vermir, lakin hissə-hissə həmin borcu ödəyə bilər. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənə əsasən iddia təmin edilməlidir. Mülki materiallarında olan: xx.xx.2014-cü il tarixli 583tkSUM/14 saylı kredit xətti və bank hesabı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, xxxx ASC borcalan Paşayeva Hicran Abış qızına 60 ay müddətinə, illik 30% olmaqla 500 AZN məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, UB-BANK/PİKMD/922237 nömrəli maliyyə arayışından görünür ki, Paşayeva Hicran Abış qızının 583tkSUM/14 saylı kredit müqaviləsi üzrə banka cəmi borcu 209,34 AZN təşkil edir. AZ-İ seriyalı 992213 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Paşayeva Hicran Abış qızı xx.xx.2019-cu ildə ölmüşdür. “xxxx” KB ASC-nin xx.xx.2020-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat ofisinin xx xxx 2020-ci il tarixli, 482 saylı cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş Paşayeva Hicran Abış qızından Miras Qalmış "KAPİTAL"Sumqayıt" Filialında adında olan 3400 manat İllik 7%-lə aylıq götürmək şərtilə pul məbləğinə, "xxxx" KB ASC-də adında olan 108.14 kompensasiyaya, Sumqayıt filialında girov qismində adında olan 47.97 qram qızıl-zinyət əşyalarına dair xx.xx.2019-cu il tarixdə, "xxxx" ASC-nin "Sumqayıt” filialında adında olan 6000 manat pul məbləğinə dair xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borclu Hicran Paşayeva arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermişdir, lakin kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda borclu xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən öhdəlik yerinə yetirilməmiş, nəticədə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırda iddiaçı borcun Paşayeva Hicran Abış qızının hüquq varisindən- Cavabdeh tutulmasını iddia edir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə cavabdeh borclu Paşayeva Hicran Abış qızının qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə işin faktiki hallarına Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 209,34 manat borc “xxxx” X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 209,34 (iki yüz doqquz manat, otuz dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat “xxxx” X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar