Məhkəmə qərarları › İş №2(060)-115/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-115/2022

11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-115/2022 11.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İlkin İddiaçı nümayəndəsi Vəkil1, Qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2, Üçüncü şəxs X13 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı və üçüncü şəxs X15 qarşı əqdin mövcud olmadığının müəyyən edilməsi və iltizamın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 83000 manat məbləğində pulun, habelə tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı və üçüncü şəxs X15 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, iş üzrə tərəflər arasında qızıl-zinət əşyalarının satılıb 84000 manat məbləğində pulun 10 gün ərzində ödənilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, 03 mart 2021-ci il tarixli iltizamın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 01 mart 2021-ci il tarixində evdə olduğu zaman xalası X17 ona zəng edərək onunla qonşuluqda yaşayan Cavabdeh qızıl-zinət əşyalarının alış-verişi ilə məşğul olduğunu, onun iddiaçıda olan qızıllarını sata biləcəyini demişdir. O da həmin müddətdə qızıllarını satıb ev almaq istədiyi üçün bununla razılaşmışdır. 03 mart 2021-ci il tarixində özünə məxsus olan 800 qram çəkidə olan, 750 əyarlı qızıl-zinət əşyalarını götürərərək xalasının yaşadığı ünvan 1 ünvanına gəlmiş, orada xalası X13 və onun tanışı X11 iştirakı ilə gətirdiyi qızıl-zinət əşyalarını hər birini ayrılıqda qeyd edərək Cavabdeh vermişdir. Cavabdehlə razılaşmaya əsasən o, 10 gün ərzində qızılzinət əşyalarını satıb 84000 (səksən dörd min) manat pulu ödəyəcəyini bildirmişdir. Cavabdeh qızıl-zinət əşyalarını götürmüş və öz dəftərində bununla bağlı qeydiyyat aparmışdır. Təxminən 10 gün sonra Cavabdeh xalası X15 1000 (bir min) manat pul vermişdir və o həmin gün pulu xalasından götürmüşdür. O həmin pulu götürdükdən bir müddət sonra onunla yenidən əlaqə saxlayıb pulu istədiyi zaman cavabdeh atasının və həyat yoldaşının əməliyyat olunduğunu, buna görə də həmin məbləği ona ödəyə bilməyəcəyini demişdir. Sonra onunla razılaşaraq aylıq 1000 (bir min) manat məbləğində pul ödəyəcəyini demişdir. Lakin cavabdeh bu günədək pulu ödəməmiş, öz ehtiyaclarına sərf etmişdir. Bu əsasdan onun 83000 (səksən üç min) manat borcu yaranmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində qeyd edilən dəlillər tamamilə yalandır. Sevda Rəfıyeva İddiaçı hər hansı qızıl-zinət əşyası götürməmiş və ona hər hansı məbləğdə pul ödəməli deyil. İşin həqiqi halları ondan ibarətdir ki, 2016-cı ildə Sevda Rəfıyeva qonşusu olan və eyni zamanda hazırki iş üzrə İddiaçınm xalası olan Zaidə Xəlilovadan 2.000 manat borc almışdır. Zaidə Xəlilova həmin borcu əvvəl 10 faizə verdiyini demiş, bir neçə aydan sonra isə 20 faizlə verildiyini bildirmişdir. Cavabdeh əvvəl bir neçə ay aylıq 200 manat faiz ödəmiş, sonra aylıq 400 manat olduğundan ödəniş edə bilməmişdir. Bir müddət sonra Zaidə Xəlilova artıq faizin artaraq 40 faiz olduğunu, faizə də faiz hesablandığını bildirmişdir. Beləliklə 1 il sonra Zaidə Xəlilova artıq borcun faizlə birlikdə 30.000 manatdan çox təşkil etdiyini bildirmişdir. Polisdə tanışlarının olduğunu, onların vasitəsilə Cavabdeh həbs etdirəcəyi, həyat yoldaşına, qayınatasına bu barədə bildirəcəyi, qonşular arasında onun barəsində xoşagəlməz sözlər yayacağı ilə hədələmişdir. Bundan qorxan X30 Xəlilovanın hədəsi ilə 2017-ci ilin dekabr ayında 2.000 manat borc aldığı halda 33.000 borc alması barədə yazılı iltizam yazmaq məcburiyyətində qalmışdır. X31 belə bir iltizam yazacağı halda faizi yavaş-yavaş ödəyə biləcəyi və onu narahat etməyəcəyini bildirmişdir. Lakin Cavabdeh iltizamı yazıb imzaladıqdan sonra Zaidə Xəlilova bir müddət sonra ondan bütün borcu qaytarmasını tələb etməyi davam etdirmişdir. X3 aldatdığını başa düşmüş və 2018-ci ilin mart ayında bu barədə öz valideynlərinə məlumat vermişdir. X5 məsələdən xəbərdar olduqdan sonra, Zaidə Xəlilova ilə 24.000 manat pulu ödəyəcəyi təqdirdə Sevda Rəfıyevanın ona heç bir borcunun qalmaması barədə razılaşmışdır. Nizami Nəcəfov 24.000 manat məbləğində pulu Zaidə Xəlilovaya ödəmişdir və o da Sevda Rəfıyevanı bir daha narahat etməyəcəyi barədə ona söz vermişdir. Zaidə Xəlilova 24.000 manatı alması barədə qeyd aparmış və uzun müddət Cavabdeh narahat etməmişdir. Artıq bu məsələnin üzərindən uzun müddət keçdiyini görən Nizami Nəcəfov daha lazım olmayacağını düşündüyü üçün bir nüsxəsi də özündə qalan 24.000 manatın ödənilməsi barədə qeyd kağızını atmışdır. Bununla belə Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-də aparılmış araşdırma zamanı verdiyi izahatında Zaidə Xəlilova 24.000 manat məbləğində pulu aldığını etiraf etmişdir. Bu araşdırmanın nəticəsində qəbul edilmiş 28 may 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar və rədd materiallarının surətini ərizəyə əlavə edilmişdir. Sözügedən qərar araşdırılarkən məhkəmə nəzərə almalıdır ki, polisdə verdiyi izahatında Zaidə Xəlilova tamam başqa bir məbləğdə, guya 39.000 manat məbləğində borc verdiyini bildirmişdir. Onun bu ziddiyyətli izahatları məhkəməyə yalan məlumat verərək əsassız varlanmağa çalışmasının bir göstəricisidir. Lakin, Zaidə Xəlilova verdiyi sözə əməl etməmiş, 2021-ci ildə yenidən Sevda Rəfıyevanı narahat etməyə, hədəqorxu gəlməyə başlamışdır. Bildirmişdir ki, Sevda Rəfıyevanın atası 24.000 manat ödəmiş, lakin 15.000 qalıq borcu qalmışdır. Bu borc da faizlə, hətta faizin faizi ilə birgə şişərək 80.000 manat təşkil etmişdir. X30 Xəlilovanın hədə-qorxuları nəticəsində onun bacısı qızı İddiaçı guya 80.000 manatlıq qızıl götürməsi barədə iltizam yazıb imza etmək məcburiyyətində qalmışdır. Həqiqətdə isə o, İddiaçı qızıl-zinət əşyası götürməmişdir. İddiaçı ilk iddiasında bildirir ki, guya 03 mart 2021-ci il tarixdə xalası Zaidə Xəlilovanın təklifı ilə ona məxsus olan 800 qram çəkidə 750 əyarlı qızıl-zinət əşyalarını xalası Zaidə Xəlilovanın və onun tanışı Elvira Rəsulovanın iştirakı ilə əşyalarını hər birini ayrılıqda qeyd edərək Sevda Rəfıyevaya vermişdir. İddiaçının bu bildirdikləri yalandır. Belə ki, onun tərəfindən Sevda Rəfıyevaya hər hansı qızıl-zinət əşyası verilməmişdir. İddiaçı əvvəlcə onda qeyd etdiyi qızılzinət əşyalarının mövcud olduğunu, onların hər birinin adı, çəkisi və dəyərinin nə qədər olduğunu sübut etməlidir. 03 mart 2021-ci il tarixli iltizamda bu barədə qeyd yoxdur. Belə razılaşma əldə edilmişdirsə əşyaların ayrı-ayrılıqda adı, əlamətləri, çəkisi və dəyəri qeyd edilməli və hər iki tərəf bunu yazılı təsdiq etməli idi. İddiaçı bu barədə qeyd apardığını bildirsə də, həmin qeydləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, 03 mart 2021-ci il tarixdə iltizam yazılarkən Elvira Rəsulova adlı şəxs iştirak etməmişdir. Onun adı və imzası sonradan iltizama əlavə edilmişdir. Sevda Rəfıyeva heç Elvira Rəsulovanı görməmişdir və onu tanımır. Bundan başqa, iltizamda Zaidə Xəlilova şahidlər kimi X14 və X11 adını məcburi yazdırmışdır. Tamella Məmmədova əgər iştirak etsəydi iltizamda imzası olmalı idi. Bundan əlavə, sual doğuran məqam ondan ibarətdir ki, iddiaçı əgər belə dəyərli qızıl-zinət əşyalarını satmaq istəyirdisə onda niyə özü birbaşa satmırdı və Sevda Rəfıyeva vasitəsilə satırdı? Bilindiyi kimi qızıl-zinət əşyalarının satışını reallaşdırmaq digər əşyalara nisbətən daha asan və qısa müddət ərzində mümkündür. Tək şəxsiyyət vəsiqəsini götürüb istənilən qızıl alışı məntəqəsinə yaxınlaşmaq kifayətdir ki, elə həmin gün qızılların satışını həyata keçirə biləsən. Nəyə görə İddiaçı xalasının ona 56.000 manat borcu olduğunu iddia etdiyi və uzun müddətdir ki, heç bir ödəniş etməyən bir şəxslə razılaşma yolunu seçərək belə mürəkkəb bir satış üsulu seçmişdir? Aldığı borcu uzun müddətdir qaytara bilməyən şəxsə 80.000 manatlıq qızıl-zinət əşyaları verilməsi hansı məntiqə sığır? Bütün bunların bir cavabı var. İddiaçının dəlilləri yalan və uydurmadan ibarətdir. İddiaçı ilk iddiasında həmçinin qeyd edir ki, aralarındakı razılaşmaya əsasən, Sevda Rəfıyeva 10 gün ərzində qızıl-zinət əşyalarını satıb 84.000 manat pulu verəcəyini bildirmişdir. 03 mart 2021-ci il tarixli iltizama diqqət yetirdikdə iddiaçının yalanları tam şəkildə aydın olur. Belə ki, 03 mart 2021-ci il tarixli iltizamda Sevda Rəfıyeva qeyd etmişdir ki, “İddiaçı 80 min manat 750 (prob) qızıl götürüb satmışam alver etmişəm hər ay 1000 manat qaytarmaq şərtilə. ” Bu necə ola bilər ki, 03 mart 2021-ci il tarixdə qızıllar verilibsə Sevda Rəfıyeva həmin tarixli iltizamla qızılları artıq götürüb satdığını bildirir. X31 nə diqtə edibsə Sevda Rəfıyeva onu yazmışdır. Lakin diqtə edərkən başa düşməmişdir ki, qızılları hələ indi verir, qızılları satmaq məqsədilə götürdüyünü qeyd etdirməlidir. Daha sonra iltizamda 80.000 manat qızıl götürdüyünü qeyd edib. Halbuki İddiaçı 84.000 manatlıq qızıl götürdüyünü bildirir və həmin məbləği müdafıə edir. Bu necə ola bilər ki, 84.000 manat razılaşıb lakin 80.000 manat yazılıb və xalası da iltizamı oxuyub imza edib. Digər tərəfdən İddiaçı iddia ərizəsində Sevda Rəfıyevanın 10 gün ərzində qızıl-zinət əşyalarını satıb 84.000 manat pulu ödəməli olduğu qeyd edilmişdir. İltizamda isə belə şərt yoxdur. Hər ay 1.000 manat ödənilməsinin nəzərdə tutulduğu qeyd edilmişdir. İltizamda qeyd edilir, “ödənişimi bu ilin 2021-ci ilin mart ayından başlayaraq hər ay min manat ödəməklə 2028-ci ilin martında bitirəcəyəm”. Əgər belədirsə və iddia ərizəsində də 1.000 manat ödənildiyi qeyd edilmişdirsə birdən-birə İddiaçı nəyə görə pulun ödənilməməsi ilə bağlı 2021-ci ilin may ayında polisə şikayət etmiş və sonradan hazırki iddianı irəli sürmüşdür. Başqa bir sual - əgər 84.000 manat 10 günə ödənilməli idisə iltizamda niyə 2028-ci ilədək ödəniləcəyi qeyd edilmişdir. Daha sonra, iltizamda qeyd edilir, “yoldaşım maaş kartını (500 manat olmaqla) öz xahişi ilə verib. X6 və mən X18 cavabdehik. ” Sevda Rəfıyevanm yoldaşının bu məsələdən xəbəri olmamışdır. X33 Rəfıyevanı iltizamı imzalamayacağı təqdirdə guya ona 80.000 manat borcunun olması barədə yoldaşına, qaynına bildirəcəyi, qonşular arasında onun barəsində xoşagəlməz şayiələr yayacağı, onu həbs etdirəcəyi ilə hədələmiş və iltizamı yazmağa məcbur etmişdir. Cavabdeh sonradan yoldaşı bu məsələlərdən xəbər tutduqdan sonra onların münasibəti pozulmuş, faktiki olaraq ailəsi dağılmışdır. Bütün qeyd edilənlər təsdiq edir ki, 03 mart 2021-ci il tarixli iltizam etibarsızdır. Hazırki iş üzrə 03 mart 2021-ci il tarixdə Sevda Rəfıyevaya 80.000 manatlıq qızıl-zinət əşyalarının verilməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Lakin İddiaçı bu tələbini sübuta yetirə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. İddiaçı xalası X23 Rəfıyevanı hədələyərək iltizamı imzalamağına nail olmuş, daha sonra isə hüquqdan suiistifadə edərək hazırki iddia ilə Sevda Rəfıyevadan məhkəmə qaydasında pul almağa çalışır. Göründüyü kimi, 03 mart 2021-ci il tarixli “İltizam” uydurmadır. Zaidə Xəlilovanın hədə-qorxuları nəticəsində və ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yazıldığı üçün etibarsızdır. Mövcud olmayan əqd iltizamla etiraf edilə bilməz, etiraf üçün əvvəlcə mövcudluq tələb olunur. Tərəflər arasında qızıl-zinət əşyalarının satılıb 84000 manat məbləğində pulun 10 gün ərzində ödənilməsi barədə müqavilə bağlanmadığı üçün belə bir əqdin mövcud olmadığı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı nümayəndəsi Vəkil1 ilkin iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, eskpert rəyi ilə razıdır. Rəydə birmənalı olaraq yazının Cavabdeh tərəfindən icra olunduğu bildirilmişdir. Rəy tam əsaslı və ədalətlidir. Bundan əlavə Cavabdeh anlaqlı şəxsdir. Onun özü də qəbz yazdığını və imzaladığını polisdə etiraf etmiş, sadəcə olaraq ona təsir olduğunu bildirmişdir. Bunları nəzərə alaraq, ilkin iddiaçının nümayəndəsi ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iltizamda şahid kimi Tamella Məmmədovanın adı qeyd edilib, lakin onun iltizamda imzası yoxdur. Digər tərəfdən, Sevda Rəfıyeva, Zaidə Xəlilovanın iltizamda ona qeyd aparmaq üçün yer saxlatdığını bildirir, lakin iltizamda hər hansı qeyd aparmaq üçün yer olduğu görsənmir. Eyni zamanda, iltizama diqqət yetirilsə onda olan yazılarda qələmi əlində tutan şəxsin hər hansı həyəcan yaşadığı, əlinin əsdiyi və digər bu kimi məqamlar görünmür. Hətta iltizamın mətninin böyük olmasına baxmayaraq, bir hərf belə olsun texniki səhvə yol verilməmiş, qaralama aparılmamışdır. X25 dəftərə Zaidə Xəlilovanın diktəsi ilə qeyd apararkən çox həyəcanlı olmuş, əlləri əsmiş, özünü narahat hiss etmiş, bir neçə dəfə texniki səhvə yol verərək sözləri qaralamış və üstündən xətt çəkmişdir. X10 hədə-qorxuları səbəbindən Sevda Rəfıyeva bir neçə dəfə müxtəlif tarixlərdə qeydlər aparmışdır. Hər dəfə, Zaidə Xəlilova borcunun faizinin şişdiyini bildirmiş, onu narahat etmiş, gəlib qeyd aparmağa məcbur etmişdir. Həmin qeydlərin bəzilərini Sevda Rəfıyeva imzalamış, bəzisini isə yarımçıq qoymuş, yaxud tamamlasa da imzalamamışdır. Nümayəndə ekspert tərəfindən verilmiş rəy ilə razı olmadığını bildirdi. Tərəflərindən məsələnin tam şəkildə aydınlaşdırılması üçün alternativ ekspertizaya müraciət olunmuşdur, lakin rəy hələ hazır deyil. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X20 iddia tələbi ilə bağlı bildirdi ki, İddiaçı ilə Cavabdeh o, tanış etmişdir. Cavabdeh ilə ilk ünsiyyət telefon vasitəsilə olmuş və nəticədə münasibət yaranmışdır. Cavabdeh özünə məxsus evi satmaq istəmiş, o da həmin evi alıb salon etmək istəmişdir. Lakin əvvəl Cavabdeh heç nə deməmiş və fikirləşəcəyini bildirmişdir. Daha sonra Sevda atası ilə gəlmiş, atası evi satacaqlarını, bacı-qardaşının şərik olduğunu və onlara da pul verilməli olduğunu demişdir. O, yenə fikirləşəcəyini bildirmiş, amma onu aldadaraq razı salıb 39 min manat məbləğində pulu ondan götürmüşdür, ev sahibinin xəstəxanada olduğunu demişlər. O sağaldıqdan sonra alqı-satqı müqaviləsi əsasında evi notariusda rəsmiləşdirərək ona verəcəklərini bildirmişlər. Lakin bir müddət sonra Sevdanın atası 24 min manatı 16 nömrəli məktəbin yanında ağ rəngli maşında ona qaytarmışdır. 15 min manat isə qalmışdır. Daha sonra ondan 8 min manat istəmiş və bu barədə qəbz yazmışlar. Beləliklə, məbləğ 23 min manat olmuşdur. Fevralın biri o, min manat pul gətirmişdir. Cavabdeh baldızı Sahibə ilə birlikdə Suraxanıda qızıl alveri etmişdir. O, Ruhiyə xanımın qızıllarını sataraq pulunu verəcəyini və ona kömək edəcəyini bildirmişdir. O da inanmış və martın 1-i qızılları vermişdir. Sahibə qızılları satdıqdan sonra ayda min manat ödəyəcəklərini bildirmişdir. Bu səbəbdən onlar martın 3-ü yenidən qəbz yazmışlar. Üçüncü şəxs əlavə olaraq bildirdi ki, iltizamı Cavabdeh şəxsən özü imzalamışdır. Çünki onun özü də həmin vaxt orada olmuşdur. Şahid qismində dindirilən X9 bildirmişdir ki, Zaidə Xəlilovanın salonu var. O vaxtdan onunla tanış olmuşdurlar, heç bir qohumluq əlaqələri mövcud deyil. 2017-ci ilin yay ayında Zaidə onu evinə çağırmışdır. Cavabdeh isə Zaidənin qonşusu idi. O, qızılların götürülməsi ilə bağlı əlyazma ilə qəbz yazmışdır. Pulu verəndə Sevdanın atası da gəlmişdi. Sevda 24 min manatı qaytaran zamanı o da orada idi. Bundan sonra Sevdanın 15 min manat borcu qalmışdır. Qarşı tərəf maşın alveri etdiyini və pulu qaytaracağını bildirmişdir. Sevdanın atası yenidən zəng eləmiş və pul lazım olduğunu bildirmişdir. Onun iştirakı ilə yenidən pul götürülmüşdür. Dekabr ayında 33 min manat məbləğində pul götürmüşdürlər. 56 min manatdan cəmi min manat qaytarılmışdır. 01 mart tarixində İddiaçı qızılları Cavabdeh verdikdə də o orada iştirak etmişdir. Qeyd edir ki, verilən qızıl 800 qram idi. Verilən qızılların siyahısını o yazmışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 28 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X2 müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 03.03.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Rufulla qızı İddiaçı alver etmək məqsədi ilə 2021-ci ilin mart ayından başlayaraq 2028-ci ilin mart ayınadək hər ay min manat qaytarmaq şərti ilə 80.000 manat məbləğində qızıl götürüb satdığını qeyd etmiş və imzalamışdır. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilkin İddiaçı özünə məxsus qızılları satmaq üçün cavabdeh - qarşılıqlı iddiaçı Cavabdeh verdiyini, lakin onun qızılları satsa da, onların pulunu qaytarmadığını iddia etmiş və bunları təsdiq etmək üçün məhkəməyə Cavabdeh tərəfindən imzalanmış iltizam təqdim etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh isə həmin iltizamı imzalasa da, iltizamda qeyd edilənlərin həqiqətə uyğun olmadığını, uydurma olduğunu, məcbur edildiyi üçün həmin iltizamı imzaladığını bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh tərəfindən İddiaçı hər hansı qızılzinət əşyalarının bu və ya digər məqsədlə götürüldüyünü sübut etmək yükü ilkin iddiaçının üzərinə düşür. Sözügedən iltizamın uydurma olmaqla etibarsız olduğunu sübut etmək yükü isə qarşılıqlı iddiaçı Cavabdeh üzərinə düşür. Məhkəmə təqdim edilən sübutlara əsasən hesab edir ki, pul tələbinə dair ilkin iddia əsaslı olmasa da, əqdin mövcud olmadığının müəyyən edilməsi və iltizamın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddənin mənasına görə, əqdin uydurma əqd hesab edilməsi üçün aşağıdakı şərtlərin hamısının eyni vaxtda mövcud olması zəruridir: birincisi, əqdi bağlayanlar ona uyğun hüquqi nəticələr, yəni əqd üzrə hüquq və vəzifələr yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olurlar. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar; ikincisi, uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olur. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı barədə iddialara baxılarkən məhkəmə ilk növbədə tərəflərin əsl niyyətinin hansısa hüquqi nəticə əldə etməyə yönəlib-yönəlmədiyini aydınlaşdırmalı, müqavilədəki iradə ifadələrinin həqiqi məzmununu müəyyən etməli, bu zaman tərəflərin müqavilədən öncəki və sonrakı davranışları nəzərə alınmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, ilkin iddia ərizəsinin məzmununda qızıllar verilərkən onların hər birinin ayrılıqda qeyd edilərək Cavabdeh verildiyi qeyd edilmiş, lakin iddia ərizəsinə bununla bağlı hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi tərəfindən qarşılıqlı iddiaçıya verilən qızılların siyahısı adı ilə məhkəməyə sənəd (iş vər. 64) təqdim edilmişdir. Həmin sənəd nə Cavabdeh, nə İddiaçı, nə də başqa hər hansı şəxs tərəfindən imzalanmamışdır. Bundan başqa sözügedən sənədə baxış keçirdikdə xüsusi bilik tələb olunmadan həmin sənədin tarixinə görə mübahisələndirilən iltizamdan daha sonra tərtib olunduğu (daha təzə, uzun müddət hər hansı şəxsdə qalıb əzilməmiş, hər hansı zədələnməyə məruz qalmamış formada), o cümlədən mübahisələndirilən iltizamın tərtib olunduğu dəftərə deyil, başqa bir dəftərə (dəftərə aid riyazi damaların başqa rəngdə olması ilə) aid vərəq olduğu aydın görünür. Bu səbəbdən məhkəmə həmin sənədi ilkin iddiaçı tərəfindən cavabdehə 80000 manat dəyərində qızıl zinət əşyalarının verildiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təcrübəsində qızıl-zinət əşyaları ilə bağlı yaranmış oxşar məhkəmə mübahisələrində qızıl-zinət əşyaları və ya onun dəyəri verildiyi şəxsdən tələb edilən zaman mübahisəli qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq etmək üçün ilk növbədə həmin əşyaların foto və ya video görüntüləri (toy və ya digər el şənliklərində ilkin iddiaçının istifadəsində olmasına dair şəkillər, görüntülər və s.) məhkəməyə təqdim edilir. Hazırki halda isə ilkin iddiaçı ümumiyyətlə mübahisələndirilən qızılların həqiqətən mövcud olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa ilkin iddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarını 03 mart 2021-ci il tarixdə qarşılıqlı iddiaçıya verdiyini bildirsə də, məhkəmə iclasında izahat verən və qızıllar verilərkən orada olduğunu iddia edən üçüncü şəxs Z.Xəlilova qızılların əslində 01 mart 2021-ci il tarixdə verildiyini, qarşılıqlı iddiaçı Cavabdeh qızılların pulunu gətirmədiyi üçün yenidən başqa qaydada aybaay ödəniş edilməsi barədə 03 mart 2021-ci il tarixli iltizam tərtib edildiyini bildirmişdir. Göründüyü kimi iddia ərizəsi ilə mübahisəli qızıl-zinət əşyaları verilərkən orada olduğunu iddia edən üçüncü şəxs Z.Xəlilovanın izahatları arasında ziddiyyətlər var. Qarşılıqlı iddiaçı tərəfindən etibarlılığı mübahisələndirilən iltizamın giriş hissəsində Cavabdeh adından “İddiaçı 80 min manat 750 (prob) qızıl götürüb satmışam alver etmişəm, hər ay 1000 manat qaytarmaq şərtilə.” qeydi edilsə də, iltizamın sonunda yenə Sevda Rəfıyevanın adından “Təsdiq edirəm 80 min manatlıq qızıl götürmüşəm qaytarmaq şərtilə” qeydi edilmişdir. Göründüyü kimi iltizamın məzmununda Sevda Rəfıyevanın bir halda İddiaçı 80 min manatlıq qızıl götürüb satdığı və dəyərini ayda 1000 manat olmaqla ödəyəciyi qeyd edilsə də, daha sonra həmin dəyərdə qızılın özünü qaytarmaq şərtilə götürdüyü qeydi edilmişdir. Bundan başqa iltizamda yalnız 80 min manatlıq qızıl-zinət əşyaları barədə qeyd edilsə də, ilkin iddiaçı ərizəsində qarşılıqlı iddiaçıya 84 min manatlıq qızıl-zinət əşyaları verildiyini qeyd etmiş, bu ziddiyyətlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə iş üzrə üçüncü şəxs X13 izahatına hüquqi qiymət verərək qeyd edir ki, Z.Xəlilova qardaşı qızı - ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh ilə özünün tanış etdiyini, ilkin iddiaçının onun iştirakı ilə qızılları Cavabdeh verdiyini bildirmişdir. Məhkəmə X13 izahatını inandırıcı hesab etməyərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı X13 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin surətindən görünür ki, Z.Xəlilova Cavabdeh qarşı, ona 2016, 2017-ci illərdə 55000 manat məbləğində borc verməsi və borcun qaytarılmamasına istinad edərək, həmin borcun Cavabdeh tutulması barədə iddia qaldırmışdır. İşin bu halını nəzərə alan məhkəmə X13 4 ildən çox müddətə 55000 manat borcu olduğunu iddia etdiyi şəxsə 2021-ci ildə yenidən əlavə olaraq 80000 manatlıq qızıl-zinət əşyası verilməsinə vasitəçilik etməsini inandırıcı, ağlabatan və məntiqli hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Məhkəmə şahid X11 ifadələrinə də tənqidi yanaşır. Belə ki, şahid həm ilkin iddiaçı ilə qarşılıqlı iddiaçı, həm də qarşılıqlı iddiaçı ilə üçüncü şəxs arasında olan (pul tələbinə dair üçüncü şəxsin qarşılıqlı iddiaçıya qarşı başqa məhkəmə mübahisəsi ilə əlaqədar) bütün proseslərdə, yəni qızılların verilməsi, bununla bağlı iltizamın yazılması, qarşılıqlı iddiaçı tərəfindən pulun ödənilməsi ilə bağlı bütün hallarda tərəflərin yanında olduğunu bildirmişdir. Halbuki, qarşılıqlı iddiaçının vəkilinin məhkəmə iclasında şahidə təqdim etdiyi şəkillər arasında qarşılıqlı iddiaçı Cavabdeh şəklinin olmadığını bilməmiş, başqa bir şəxsin şəklini göstərərək onun Cavabdeh olduğunu bildirmişdir. Bütün proseslərdə yanında olduğu halda Cavabdeh şəkillərdən tanımayan şahidin ifadəsini də məhkəmə inandırıcı hesab etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.01.2022-ci il tarixli ekspert rəyinə əsasən tədqiq olunan imza, ekspertizaya təqdim edilmiş mülki işin 69-cu vərəqində Cavabdeh adından olan 03.03.2021-ci il tarixli iltizamda “İmza: Cavabdeh” ad və soyadı qarşısındakı imza – eyni şəxs - Cavabdeh tərəfindən icra olunmuşdur. AR MPM-nin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Həmin Məcəllənin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə ekspert rəyi ilə razılaşır. Belə ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 28 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh polis orqanında verdiyi izahatında bildirmişdir ki, X13 X1 80000 manat dəyərində qızıl-zinət əşyalarını alver məqsədi ilə götürərərək satdığı, onun pulunu da aylıq olaraq 1000 manat ödəyəcəyi barəsində qeyd etməsini istəmiş, o, ilk əvvəl razılaşmasa da, sonradan Zaidə onu polislə hədələdiyi üçün və həyat yoldaşına, qaynına baş verənləri deyəcəyi ilə hədələdiyi üçün razılaşmış, lakin həqiqətdə ona həmin gün heç kim qızıl verməmiş, o, həmin yazını vərəqə yazmış, həmin vərəqə imza etmişdir. Göründüyü kimi Cavabdeh mübahisələndirilən iltizamı imzaladığını etiraf etmiş, lakin bunu başqa məqsədlərlə, üçüncü şəxs X13 ona faizə verdiyi borc məbləği ilə əlaqədar etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, əqddə iştirak edən tərəfin müqaviləni şəxsən, həm də könüllü olaraq imzalaması həmin əqdin etibarlı olması üçün yetərli və yeganə əsas deyildir. Əqdin etibarlı olması üçün həm də və mütləq qaydada tərəflərin onun nəticələrinə yönələn həqiqi iradəsinin mövcud olması vacibdir. Məhkəmə isə hesab edir ki, hazırda mübahisələndirilən əqd (iltizam) tərəflərin həqiqi iradəsini əks etdirmir, hər hansısa hüquqi nəticə əldə etməyə yönəlməmişdir və yalnız görünüş üçün bağlanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, sözügedən iltizamın həqiqətə uyğun olmayan uydurma əqd olması barədə qarşılıqlı iddiaçının dəlilləri isə öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin olunmamalı, qarşılıqlı iddia qismən təmin edilməklə, tərəflər arasında qızıl-zinət əşyalarının satılıb 80000 manat məbləğində pulun ödənilməsi barədə əqdin mövcud olmadığı müəyyən edilməli, bununla əlaqədar tərtib edilmiş 03.03.2021-ci il tarixli iltizam etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia tələbində 84000 manat məbləğində pulun 10 gün ərzində ödənilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi xahiş edilsə də, sözügedən iltizam 80000 manat məbləğində pulun ödənilməsi barədədir və orada məbləğin 10 gün ərzində ödənilməsi barədə şərt yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən ilkin iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu onun özünə aid edilməlidir, qarşılıqlı iddia tələbi əsas hissədə təmin edildiyindən qarşılıqlı iddiaçı tərəfindən ödənilən 10 manat dövlət rüsumu isə ilkin iddiaçıdan tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərci də ilkin iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 125 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs X15 qarşı əqdin mövcud olmadığının müəyyən edilməsi və iltizamın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının satılıb 80000 manat məbləğində pulun ödənilməsi barədə əqdin mövcud olmadığı müəyyən edilsin və bu barədə tərtib edilmiş 03.03.2021-ci il tarixli iltizam etibarsız hesab edilsin. İlkin İddiaçı 10 (on) manat ödənilmiş dövlət rüsumu tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq İddiaçı 125 (bir yüz iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar