Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1160/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh, vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8800 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cəbrayıl rayonundan məcburi köçkün və şəhid anasıdır. O, torpaq sahəsi almaq istəmiş, bu məqsədlə elanlara baxmış, cavabdehin telefon nömrəsini ev elanları yazılan yerdən götürüb onunla əlaqə saxlamışdır. Cavabdeh ona torpaq sahəsi göstərmiş və bildirmişdir ki, həmin torpaq sahəsi bacısının ərinindir, torpaq sahəsini satmağı ona həvalə edib. Bildirmişdir ki, torpaq sahəsi 4 sotdur. Torpaq sahəsinin sotunu 6500 manata satdığını demişdir. O, torpaq sahəsinə baxmış və bəyənmişdir. İlkin olaraq ona 500 manat beh vermişdir. Daha sonra isə ona 500, 6500, 5600 və 10 000 manat pul vermişdir. O, cavabdehə ümumilikdə 23100 manat məbləğində pul ödəmişdir. Cavabdeh ondan 23.100 manat məbləğində pul almasını öz xətti ilə qəbz yazaraq ona vermişdir. Torpaq sahəsini sənədləşdirdikdən sonra ona məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü 0.022 ha-dır. 0.022 ha torpaq sahəsi üçün o, sotu 6500 manat olmaqla cavabdehə 14300 manat pul ödəməliydi. Lakin Elxan onu aldatmış guya ona 4 sot torpaq sahəsi adı ilə 0.022 ha torpaq sahəsi satmış və ondan 23.100 manat məbləğində pul almışdır. Cavabdeh onu aldadaraq 8800 manat məbləğində artıq pul almışdır. Ona görə də o, həmin pulu cavabdehdən tələb edir. Hesab edir ki, 8800 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. 18 fevral 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o, işlədiyi dükana torpaq sahəsinin satılması ilə bağlı elan vurmuş, həmin torpaq sahəsi yeznəsinin olmuş, yeznəsi ona həmin torpaqların satılması ilə bağlı etibarnamə vermişdir. İddiaçı əlaqə saxlayıb, torpaq sahələrinə baxdıqdan sonra sahəsi 2,2 sot torpaq sahəsini bəyəndiyini bildirmişdir. 500 manat məbləğində beh verərək 1 sotu üçün 6500 manat ödəməsi şərtilə razılaşmışlar. İddiaçı Masazır qəsəbəsində yerləşən evini satıb qalan məbləği ödəyəcəyini demişdir. İddiaçı ilə aralarında bu söhbət 2018-ci ildə olmuşdur. Aralarında olan danışıqdan təxminən 2 ay sonra Nubar ona zəng edərək pulu gəlib götürməsini demiş, iddiaçı Bakı şəhərnində, qızının iş yerində ona 5600 manat vermiş və qalan məbləği ödəməsi üçün ona yenə də vaxt verməsini xahiş etmişdir. Təxminən 4-5 ay keçdikdən sonra Nubarla əlaqə saxlamış və Nubar ona pulun hazır olduğunu bildirmişdir. Gətirdiyi məbləğin 400 manat olduğunu görüb razılaşmadıqda, iddiaçı səs-küy salmış və o, çarəsiz qalıb razılaşmışdır. Həmin vaxt Nubar ona ödənilən cəmi pul məbləğlərinin qəbzdə qeyd olunmasını demişdir, halbu ki, hər dəfə Nubar ona pul ödəyərkən o, qəbz yazıb vermişdir. Nubarın təklifi ilə ona 6500 manat verilməsinə dair qəbz yazmışdır, həmin məbləğ ona ödənilən məbləğlərin cəmi idi. Bundan sonra iddiaçı yenə 500 manat vermiş və o, Nubarın gətirdiyi məbləği 6500+500 manat formasında qəbzdə göstərmişdir. Onların arasında pul ödənişi təxminən 2 ilə yaxın müddət çəkmiş, Nubar evini satmış və qalan 8500 manat pulu ona ödəmişdir. Pul ödədikdən sonra səhərisi gün alqı-satqı müqaviləsi bağlanması üçün notariat kontoruna getmişlər. Bundan sonra iddiaçı alınan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsini almaq niyyətini bildirmiş, bu məqsədlə ona 1000 manat beh vermiş, lakin sonradan pulu geri almışdır. Torpaq sahəsini aldıqdan sonra iddiaçı ora hasar çəkmiş, ağac əkmiş, əgər tərəfin iddia etdiyinə görə torpağın sahəsini az hesab edirdisə, bu tədbirlərin görülməsinın səbəbi nə idi. Həmçinin göstərdi ki, yanlış xatırlamırsa 500 manat məbləğində behi öz evində almış, ikinci dəfə 5600 manat pulu isə iddiaçının qızının iş yerində, üçüncü dəfə Nubar 400 manat pulu ona evində arvadının yanında vermiş, dördüncü dəfə də 500 manat onun evində arvadının yanında vermiş və sonuncu dəfə 8500 manat məbləğində ödənişi isə nəvəsi Eminin təkidi ilə Eminin evində vermişdir. Qəbzlərdən birində 10.000 manat göstərilməsinin səbəbi isə odur ki, Nubar ağlayaraq onun iş yerinə gəlib xahiş etmişdir ki, gəlninə göstərməsi üçün ondan nə qədər pul aldığını qeyd etsin, o da tələsik qəbz tərtib edərək 10.000 manat yazmışdır. Eləcə də göstərdi ki, qəbzlərin hər birini özü tərtib edib, imzalar ona məxsusdur və tərtib olunma tarixləri 10.000 manatlıq qəbz istisna olmaqla 2018-ci ilə təsadüf edir. Belə ki, 10.000 manatlıq qəbz 5-6 ay öncə tərtib edilib. Nubar ondan 2,2 sot torpaq sahəsi almağa razılaşmış və bunun müqabilində 1 sota görə 6500 manat olmaqla, ona cəmi 15500 manat ödəmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahatında göstərdi ki, cavabdehin göstərdiklərini müdafiə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, cavabdehin arvadıdır. Nubar Elxana torpaq alınması üçün müraciət etmiş, bu məqsədlə birinci dəfə Nubarın özü, qızı Arzu və nəvəsi onlara gəlib 500 manat beh vermişlər. İkinci və üçüncü dəfə də pul verdi. Üçüncü pul dediyinə görə satdığı çənin pulu olmuşdu. Elxan 400 manatlıq qəbzi tərtib edəndə əvvəlki məbləğləri cəmləyərək 6500 manat yazdığını bildirmişdir. Sonradan 500 manat verdikdə Nubar kağızı itirdiyini bildirərək qəbzə 6500+500 manat olaraq qeyd etdirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, cavabdeh Elxanın dükanında işləyir. Nubar təxminən 2020-ci ilin oktyabr ayında dükana gələrək Elxana kağız təqdim edərək imza etməsini demiş və bildirmişdir ki, gəlini ona inanmır, Elxan da kağıza qol çəkmişdir. Həmin vaxt mal təhvil alınması ilə bağlı başları işə qarışıq olduğundan Elxanın imza etdiyi kağızın nə olduğunu dəqiq bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Nubar torpaq almaq üçün müraciət etmiş, Elxan və Nubar 4 sota razılaşmışlar, lakin sonra Nubar pulu çatmadığını bildirmiş və 2 sot torpaq almağa razı olmuşdur. Məhkəmə tərəflərin izahatını, şahidin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 06 avqust tarixli qəbzlərdən görünür ki, Cavabdeh torpağın alqı-satqısı üçün X2 500 manat beh almışdır. Digər qəbzdən görünür ki, Cavabdeh torpağın alqı-satqısı üçün X3 qalıq borcu 10.000 manat pul almışdır. Digər qəbzdən görünür ki, Cavabdeh torpağın alqı-satqısı üçün X3 5600 manat pul almışdır. Digər qəbzdən görünür ki, Cavabdeh torpağın alqı-satqısı üçün X3 6500+500 manat pul almışdır. AN-İ seriyalı ******* saylı 02 may 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 adınadan etibarnamə əsasında çıxış edən səlahiyyətli nümayəndəsi Cavabdeh ünvan 1 ünvanda yerləşən 0,022 ha torpaq sahəsini alıcı İddiaçı 9000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ev 0,022 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 29.03.2020-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında torpaq sahəsinin satışı ilə bağlı razılaşma olmuş, cavabdeh etibarnamə əsasında səlahiyyətli nümayəndə kimi iddiaçıya torpaq sahəsi satmış, tərəflər torpaq sahəsinin bir sotunun satış qiymətini 6500 manata razılaşmılar. Bu göstərilənlər hər iki tərəfin təsdiqi etdiyi işin mübahisəsiz hallarıdır. İşin mübahisə doğuran halları razılaşdırılmış torpaq sahəsinin ölçüsü və ödənilmiş məbləğlə bağlıdır. Hazırda iddiaçı cavabdehlə 4 sot torpaq sahəsi alınması üçün aralarında razılaşma olduğunu və bunun müqabilində bir sota görə 6500 manat olmaqla, 23100 manat ödədiyini, lakin adına 2,2 sot torpaq sahəsinin qeyd olunduğunu, cavabdehin ondan əsassız olaraq 8800 manat artıq pul aldığını göstərərək iddiasının təmin edilməsini xahiş edir və iddianın əsası olaraq iddia ərizəsinə əlavə edilmiş pul ödənişlərinə dair qəbzlərə istinad edir. Həmin qəbzlərdən göründüyü kimi iddiaçı torpaq alqı-satqısına görə cavabdehə 23100 manat ödəmişdir. Məhkəmə iclasında cavabdeh verdiyi izahatında qeyd olunan qəbzlərin onun tərəfindən icra olunduğunu etiraf etdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə predmeti olan pul müqavilədən irəli gələn öhdəliyin predmeti deyildir. Odur ki, tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Mülki Məcəllənin: 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin hallarından göründüyü kimi, torpaq sahəsinin qiyməti bir sotuna görə 6500 manata razılaşdırılmışdır və iddiaçının adına 2,2 sot torpaq sahəsi qeyd olunmuşdur. Belə olduğu təqdirdə torpaq sahəsinin alınması üçün ödəniş 14.300 manat məbləğində olmalı idi. Lakin iddiaçı tərəfindən iddiasının əsası kimi təqdim etdiyi qəbzlərdə görünür ki, cavabdehə torpaq sahəsinin alınması üçün 23.100 (500+500+6500+5600+10.000) manat pul ödəmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 8800 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Cavabdeh tərəfin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında qəbzlərin hər birinə ayrı-ayrılıqda imza etdiyini bildirsə də, qəbzlərdəki məbləğlərlə razılaşmamışdır. Etirazını isə 6500 manatlıq qəbzi əvvəlki məbləğlərin cəmi formasında göstərilməsi, 10.000 manatlıq qəbzi isə qalıq borcun iddiaçının təkidi ilə qeyd olunması ilə əsaslandırır. Qalan məbləğlərin iddiaçıdan torpağın alqı-satqısı üçün aldığını isə etiraf edir. Məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Belə ki, cavabdehin göstərdikləri şifahi göstərdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Məhkəmə cavabdehin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə gəlincə hesab edir ki, həmin şahidlər cavabdehin yaxınları olmaqla işin nəticəsində maraqlı şəxslərdir və onların verdiyi məlumatlar konkret əsaslara söykənməməklə, cavabdehin etirazında göstərdiyi halların təsdiqi olaraq əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən qiymətləndirib bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 8800 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məcburi köçkün olmaqla qanunla nəzərdə tutulmuş imtiyazlara malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1160/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1160/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver