Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1174/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 onun xeyrinə 19.000 (on doqquz min) manat borc pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2015-ci il tarixdə noyabr ayında yaxın dostu X4 ondan evini təmir eləmək istədiyini, qohum əqraba gələndə evin vəziyyətindən, təmirsiz olmasından utandığını, qışda uşaqların xəstələndiyini deyərək ondan borc pul istəmişdir. O, özü inşaat materiallarının ticarəti ilə məşğuldur. Satış qiyməti ilə evin təmiri üçün bütün lazımı materialları hesablayaraq Vüqara nisyə şəkildə vermişdir. Əlavə olaraq da usta haqqı və onda satışda olmayan digər materialların alması üçün də 8000 (səkkiz min) manat da nağd şəkildə borc pul istəmişdir. Vüqarın ona ümumi borcu 23380 manat olmuşdur. Vüqar həmin vaxt əslində həmin məbləğə dair notariusda sənəd imzalamağı təklif etmiş, lakin o, qohum olduqlarına görə utanmış və buna ehtiyac olmadığını demişdir. Vüqarın istəyi ilə hər ehtimala qarşı aralarında əlyazma ilə sənəd imzalamışlar. Vüqar borcunu 2 il ərzində hissə-hissə tam bağlayacağını bildirmişdi. Bir müddət ona heç bir ödəniş etməmişdir. Daha sonra pandemiya vəziyyətindən sahibkar kimi əziyyət çəkdiyinə görə Vüqardan pulu istəmişdir. O isə bugünkü günədək ona cəmi 4 mindən bir qədər çox pul qaytarıb. Pulu qaytarmamağının bəhanəsi isə o olmuşdur ki, vəziyyəti ağırdı, iş yoxdu və s. Hazırkı günə Vüqarın ona təxminən 19000 manatdan bir qədər artıq borcu qalıb. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. İddiaçıya 19.000 manat borcum olduğunu etiraf edir. Bununla bağlı ərizəni də məhkəməyə təqdim edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər aralarında borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməklə iddiaçıya borclu olduğu 19000 manat borcu qaytarmamışdır. Cavabdeh iddianı etirafa dair məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, 19.000 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 19000 (on doqquz min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 (bir yüz qırx yeddi) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1174/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1174/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver