Məhkəmə qərarları › İş №2(060)-118/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-118/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-118/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2500 manat əsas borc və 375,52 manat faiz olmaqla, cəmi 2875,52 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2019-cu il tarixli, 200804-579823/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank ilə digər Cavabdeh2 arasında xx xxxxxxxx 2019-cu il tarixli, 200804-579823/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan öhdəliyini lazımı qaydada icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, onlar banka olan borclarını ödəməmişlər. xx xxxxxx 2020-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 2500 manat əsas borc və 375,52 manat faiz borcu olmaqla, ümumilkdə 2875,52 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o işləyərkən ödənişləri vaxtlı-vaxtında edirdi. X1 Parkında işləyirdi. İşdən çıxarıldığı üçün ödənişləri etməkdə çətinlik çəkir. Hazırda günəmuzd işləyir və bir günə 15 manat əmək haqqı alır. Borc tələbinə etiraz etmir və az miqdarda ödəniş etməyə maddi imkanı çatır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Digər Cavabdeh2 məhkəmə iclasında izahat verərək borcu etiraf etmiş, ödənilməli olan borcun aylara bölünməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi Cavabdeh1 xx.xx.1995-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 isə xx.xx.1990-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan istehlak kreditinin alınması barədə ərizəyə əsasən Cavabdeh1 ona 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 2500 manat kredit verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 200804-579823/2 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 2500 manat kredit verilmişdir. İddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 200804-579823/2 nömrəli zaminlik müqaviləsinə əsasən o, borcalan - Cavabdeh1 ilə eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə dair öhdəlik götürmüşdür. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 24 ay müddətinə hər ay 140,02 manat, sonuncu ay isə 138,59 manat ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehlərə xx xxxxxx 2019-cu il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə banka əsas borc üzrə 2500 manat əsas borc, 375,52 manat faiz borcu olmaqla, cəmi 2875,52 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 110 gün təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi cavabdehlə iddiaçı Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Eyni zamanda kredit müqaviləsinin 6.1.5-ci bəndində göstərilmişdir ki, ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borc alan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödənilməməsi halında bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx xxxxxx 2020-ci il tarixinə onun banka əsas borc üzrə 2500 manat əsas borcu, 375,52 manat faiz borcu qalmışdır. Həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1nin iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 2500 manat, faiz borcu üzrə 375,52 manat olmaqla, cəmi 2875 (iki min səkkiz yüz yetmiş beş) manat 52 (əlli iki) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar