Məhkəmə qərarları › İş №2(060)-1185/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1185/2021

16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1185/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh ilə 2007-cı il tarixdə el adəti ilə toy edərək faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə fakiki nikahlarından xx xxxxxxxx 2008-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. İlk vaxtlardan ailə münasibətləri normal olmamış, sonralar isə daha pisləşmiş, Cavabdeh onunla maraqlanmamış, heç bir maddi köməklik etməmişdir. Bu səbəbdən də Sumqayıt şəhər Məhkəməsinə “atalığın müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2008-ci il tarixdə Xaçmaz rayonunda ondan doğulmuş X3 atası Cavabdeh hesab edilmiş və X2 xx.xx.2017-ci il tarixdən başayaraq hər ay 80 manat aliment tutulması qət edilmişdir. O, hal-hazırda heç bir yerdə işləmir, maddi durumu ağırdır. Cavabdeh isə uşaqla maraqlanmır, davamlı olaraq aliment ödəmir. Digər tərəfdən də hesab edir ki, bazar qiymətlərin artması, uşağın böyüməsi ilə əlaqədar olaraq onun xərclərinin artması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla alimentin məbləği dəyişdirilməli, 170 manat həddində müəyyən edilməlidir. Belə ki, 80 manat məbləğində pul bir uşağın saxlanması üçün kifayət deyil. Onu da, məhkəmənin diqqətinə çatdırır ki, aliment məbləği 80 manat müəyyən edilməsinə baxmayaraq, bu müddət ərzində cavabdeh ona 170 manat ödəmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh 170 manat aliment ödəmək iqtidarındadır. Cavabdeh gözdən əlil olmasını bəhanə edərək, aliment ödəməkdən yayınmağa çalışır. Halbuki, cavabdeh fərdi işlərlə məşğul olur və o, bunu bir neçə dəfə şəxsən görmüşdür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, gözdən əlildir və xəstəliyinin müalicəsi yoxdur. O, ikinci dəfə ailə həyatı qurmuş və həmin ailəsindən iki övladı vardır. Bundan başqa o, görmədiyinə görə onu, həyat yoldaşı idarə edir. O, hal-hazırda Saray qəsəbəsində kirayədə yaşayır və maddi durumu yaxşı deyil. Onun əmək qabiliyyəti yoxdur və əlilliyə görə 240 manat pensiya alır. Ona görə də o, iddia tələbinə qəti olaraq etiraz edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-342/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, xx xxxxxxxx 2008-ci il tarixdə Xaçmaz rayonunda İddiaçı doğulmuş X3 atası Cavabdeh hesab edilmiş və Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2017-ci il tarixdən başayaraq hər ay 80 manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından olmuş xx.xx.2008-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşağın mənafeyini, eləcə də, yaşını, böyüdükcə tələbatlarının artmasını, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-342/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-342/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar