Məhkəmə qərarları › İş №2(060)-1186/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1186/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1186/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 43.855 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun oğlu 01.05.1970-ci il təvəllüdlü Hacıyev xxxx 1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Fizuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. O, özü 25 il zavodda çalışmışdır. İş yeri yaratmaq və şəhid oğlunun adını əbədiləşdirmək məqsədi ilə 1993-cü ildə öz şəxsi vəsaiti hesabına “xxxx” firmasını təsis etmək qərarına gəlmişdir. Bundan sonra şəhid ailələrinə edilən güzəştlərdən yararlanaraq Sumqayıt Şəhər Xalq Deputatları Sovetinə müraciət edərək şəhid atası kimi təsis etdiyi firmaya şəhər ətrafında torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bir neçə dəfə müraciət etdikdən sonra 11-ci mikrorayon ərazisində 0,1 ha torpaq sahəsinin ayrılmasına nail olmuşdur. Belə ki, şəxsi qazancı ilə torpağı hasarlamış və istehsalat binası tikdirmişdir. İstehsalatda qazandığı təcrübə və şəxsi vəsaiti hesabına müxtəlif zavodlardan dəzgahlar almışdır. Təsis etdiyi firmanı tək idarə və istifadə etmişdir. Hazırki iş üzrə cavabdeh xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh 1992-ci ilin may ayında əsgərlikdən tərxis olunmuşdur. O, “xxxx” firmasını təsisçi kimi formal olaraq onun adına qeyd etdirmişdir. Firmanın yaradılmasında və işlədilməsində cavabdehin heç bir rolu olmamışdır. Daha sonra şəhid oğlu X4 adına bələdiyyədən aldığı 9 sot torpaq sahəsini bir ata kimi oğlu Hafizə vermişdir. Hətta həmin torpaq sahəsinin içərisində tikilən evin tikintisinə 7000 ABŞ dollarını da, həmçinin şəhid oğlu xxxxin adına aldığı 41 a məhəlləsində yerləşən 1 otaqlı mənzili və şəhid ailəsi kimi yaşadığı binanın həyətində mağaza tikilməsi üçün aldığı 32 kv.m torpaq sahəsini də Cavabdeh adına keçirmişdir. Cavabdeh onu bir ata kimi saymadığına və ona qarşı olan ləyaqətsiz hərəkətlərinə görə o, 2016-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək formal olaraq onun adına keçirtdiyi “xxxx” firmasının tərkibində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 0,1 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş tikililərin alınaraq ona geri verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsin 2(060)-5976/2016 saylı, 30 iyun 2016-cı il tarixli qətnaməsi iddianı təmin etsə də, cavabdeh ona olan etibardan sui-istifadə etmiş və formal olaraq onun adına qeyd edilən “xxxx” firmasına aid min bir əziyyətlə çalışıb aldığı dəzgahları və bununla yanaşı digər ona bağışlanan evlərdən birini satmış digərini isə dostuna pay vermişdir. Dəfələrlə ona aid satılan əşyaların pul dəyərini tələb etməsinə baxmayaraq, cavabdeh satılan əşyaların vəsaitini qaytarmaqdan imtina edir. Qeyd olunanlara əsasən iddiaçı, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi 1993-cü ildə “xxxx” firmasının Sumqayıt şəhər İH-nin qərarı ilə təsis olunduğunu bildirdi. “xxxx” firmasına 0,11 ha torpaq sahəsi ayrılmışdır. “xxxx” firmasının müstəqil təsisatçısı Cavabdehdur. İddiaçı direktor kimi həmin vəzifəni yerinə yetirmişdir. Firmanın direktoru olmaq firmanın sədri olmaq deyidlir. O, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, iddiaçının vəkilini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 31 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 115333 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01.04.1992-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunda ölmüşdür. - Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının 10.12.1992-ci il tarixli, 1565 saylı sərəncamından görünür ki, vətəndaş Cavabdeh “xxxx” firmasını təsis etmişdir. - “xxxx” firmasının 02.09.1994-cü il tarixli nizamnaməsindən görünür ki, “xxxx” firması Azərbaycan Respublikası vətəndaşı Cavabdeh tərəfindən təsis edilmişdir. - Sumqayıt Şəhər Xalq X2 Heyətinin 26.02.1993-cü il tarixli (protokol nömrəsi 26) qərarından görünür ki, “xxxx” firmasına istehsalat sahəsi yaratmaq məqsədi ilə dəmir yolu vağzalı rayonun şimal qərbində 0,1 ha torpaq sahəsi ayrılmışdır. - 27 aprel 1993-cü il tarixli aktdan görünür ki, “xxxx” firmasına istehsalat bazası tikmək üçün 11A mikrorayon, Zabrat-Sumqayıt d/yolu yaxınlığında 0,1 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamentinin 10.06.2016-cı il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara əsasən “xxxx” firmasının hal-hazırda qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçıdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 27.04.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı “xxxx” firmasının (VÖEN **********) direktorudur. - Sumqayıt Şəhər Məhkəməsin 2(060)-5976/2016 saylı, 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh təsisçisi olduğu “xxxx” firmasının tərkibində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanında yerləşən 0,1 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş tikililərin İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3598/2017 saylı, 15.11.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 30.06.2016-cı il tarixli, 2(060)-5976/2016 saylı qətnaməsi ləğv edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1921/18 saylı, 30.03.2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 22(105)-3598/2017 saylı, 15.11.2017ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - 11.08.1994-cü il tarixli, 30 nömrəli “xxxx” firmasının adına verilmiş qaimədən görünür ki, 224.000 köhnə azərbaycan manatı məbləğində tikinti materialları verilmişdir. - 11.05.1994-cü il tarixli, 52 nömrəli İddiaçı adına verilmiş qaimədən görünür ki, 375.000 köhnə azərbaycan manatı məbləğində dəzgahlar verilmişdir. - 11.05.1994-cü il tarixli, 51 nömrəli “xxxx” firması İddiaçı adına verilmiş qaimədən görünür ki, 805 500 00 köhnə azərbaycan manatı məbləğində materiallar verilmişdir. - 02.09.1994-cü il tarixli, 30 nömrəli “xxxx” firması adına verilmiş qaimədən görünür ki, ******* köhnə azərbaycan manatı məbləğində materiallar verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Xalq X2 Heyətinin 26.02.1993-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 0,1 ha torpaq sahəsi“xxxx” firmasına ayrılmış, həmin firmanın təsisçisi də Cavabdeh, direktoru isə iddiaçı İddiaçıdur. Müəssiə üçün ayrı-ayrı vaxtlarda müxtəlif dəzgahlar alınmışdır. Hazırda müəssisə (sex) və dəzgahlar mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2- ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən pulu tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh 43.855 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar