Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1189/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X1, cavabdehin nümayəndəsi, anası X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4377/2019 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin məbləğini dəyişərək cavabdehdən hər ay uşaqların hər biri üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahlarından iki övladları olmuşdur: xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4377/2019 saylı qətnaməsi ilə onların nikahlarına xitam verilmiş, birgə nikahdan olan uşaqların iddiaçının yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay xx.xx.2019cu il tarixdən başlayaraq qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq 130 manat alimentin tutulması qət edilmişdir. Lakin, həmin məbləğ uşaqların saxlanması üçün kifayət deyildir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdehdən hər ay hər uşağa görə 175 manat məbləğində alimentin tutulmasını xahiş etdi və iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, cavabdeh onun oğludur. Oğlu “xxxx” MMC-də 4 nömrəli marşrut avtobusunun sürücüsü vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 250 manat təşkil edir. Cavabdehə o özü də maddi köməklik göstərir. Cavabdehin iddia ərizəsində göstərilən məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1980-ci ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli, 350388 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikahın pozulması barədə xx.xx.2020-ci il tarixində qeyd aparılmışdır. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən X5 xx.xx.2008-ci ildə, X6 xx.xx.2010-cu il tarixdə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4377/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan olan uşaqların iddiaçının yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay xx.xx.2019-cu il tarixdən başlayaraq qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq 130 manat alimentin tutulması qət edilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışında cavabdehin xx.xx.2018-ci il tarixdən avtobus sürücüsü vəzifəsində çalışdığı və 250 manat əmək haqqı aldığı göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Ailə Məcəlləsində həmçinin qeyd olunur ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı (76.1.). xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışında cavabdehin əmək haqqının 250 manat olduğu göstərilsə də həmin məbləğin 1/3 hissədi təxminən 83 manat təşkil edir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində cavabdehdən əlavə olaraq 130 manat aliment tutulması qət edilmişdir. Yəni, ümumi aliment məbləği təxminən hər uşaq üçün hər ay 106-107 manat təşçkil edir ki, bu da uşaqların saxlanması üçün kifayət deyildir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulmasını məqsədə uyğun hesab edir. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırda iddiaçı alimentin cavabdehin qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarından və əlavə olaraq 130 manatdan 340 manata qədər artırılmasını (210 manat) tələb etdiyi üçün tələb üzrə 1 illik ödəmələrin məcmusu 500 manatdan çoxdur. Buna görə iddiaçı 30 manat dövlət rüsumu ödəməli idi. MPM-in 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən cavabdehdən ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun 15 manatı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4377/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 15 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1189/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1189/2021
02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver