Məhkəmə qərarları › İş №2(060)-1190/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1190/2023

02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1190/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 5145 manatın və iddia qaldırılması üçün ödənilmiş 81 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, 12 dekabr 2021-ci il tarixdə iddiaçı Cavabdeh ilə “Xazar” markalı 2021-ci il buraxılışlı nəqliyyat vasitəsini gündəlik 23 manat ödənilmə istifadə etməsi barədə “ xidmət müqaviləsi” bağlamışdır. Müqaviləyə əsasən cavabdeh 12 dekabr 2021-ci il tarixdən etibarən hər gün 23 manat ödəməlidir. Cavabdeh qeyd olunmuş avtomobildən 9 ay istifadə etmişdir. Cavabdeh 9 ayın 3 ayı gündəlik 23 manatdan hesablanaraq avtomobildən istifadə etməli, 6 ayı isə gündəlik 25 manatdan hesablanaraq avtomobildən istifadə etməlidir. İddiaçı avtomobili müqavilənin xitam verilməsindən 6 gün öncə yəni sentyabr ayının 6-sı cavabdehdən geri almışdır. Yuxarıda qeyd olunmuş müddəti hesabladıqda ( 90X23=2070., 174X25=4350., 4350+2070=6420 manat) təşkil edir. Cavabdeh əlavə olaraq 1850 manat dəyərində maşının qaz balonu və qurğusunu, CPS qurğusunu 250 manat dəyərində sataraq pulu mənimsəmişdir. Cavabdeh eyni zamanda 2 dəfə içkili vəziyyətdə avtomobili idarə etdiyinə görə saxlanılmışdır. Buna görə cavabdehə 1600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh isə bu borcdan ilkin olaraq hər ay 3375 manat ( yəni 9 X 375= 3375 manat) ödəniş etmişdir. Yuxarıda qeyd olunmuş məbləğləri hesabladıqda cavabdeh iddaçıya 5145 manat ziyan vurmuşdur. İddiaçı dəfələrlə Cavabdeh iddiaçının avtomobilinə dəymiş ziyanın ödənilməsini xahiş etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə iddiaçıya dəymiş ziyanı ödəməkdən yayınmışdır. İddiaçı fərdi sahibkar kimi taksi fəaliyyəti ilə məşğul olur. Əsas fəaliyyəti həmin sahədə xidmət göstərməkdən ibarətdir. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Həmçinin ərizə təqdim edəərk mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, cinayət işinin başlanması rədd edilməsi, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - xx.xx.2021-ci il tarixli, 05 №-li Xidmət müqavilədən görünür ki, İddiaçı “XAZAR” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh gündəlik 23 -25 manat ödəniş etməklə istifadə etmək üçün vermişdir. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “KHAZAR LX” markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh təhvil verilmişdir. - MAS-3830 №-li, xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən KHAZAR LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşını muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilməsini, lizinq alan isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin lizinq müqaviləsinin 4.1.5-ci bəndinə müvafiq olaraq lizinq obyektini sublizinqə və ya kirayəyə vermək lizinq alanın hüququdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı KHAZAR LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2021-ci il tarixində lizinq müqaviləsinə əsasən əldə etmişdir. Həmin müqavilədə lizinq obyektini sublizinqə və ya kirayəyə vermək lizinq alanın hüququ olduğu göstərilmişdir. Bundan sonra İddiaçı lizinq obyektini xx.xx.2021-ci il tarixli, 05 №-li müqaviləyə əsasən Cavabdeh gündəlik 23 -25 manat ödəniş etməklə istifadə etmək üçün vermişdir. Cavabdeh müqavilə ilə üzrəinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmış, həmçinin İddiaçı 5145 manat maddi zərər vurmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh 5145 manat dəymiş zərərin əvəzi və iddia qaldırılması üçün ödənilmiş 81 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hisssini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində olmalıdır. Hazırda iddianın təmin edilən hissəsi 5145 manat olduğundan Cavabdeh 81 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5145 manat dəymiş zərərin əvəzi və iddia qaldırılması üçün ödənilmiş 81 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar