Məhkəmə qərarları › İş №2(060)-1191/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1191/2023

10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1191/2023 10.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 10 mart 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277.40 manat məbləğində pulun ondan alınaraq (m/h:AZ41NABZ********************, VÖEN: **********, KOD:210005, SWİFT: CTREAZ22 Bakı şəhəri, Maliyyə İdarəsi H/H: AZ66CTRE********************, VÖEN **********, Büdcə səviyyəsinin kodu: 1, büdcə təsnifatının kodu: 142330 saylı) hesaba köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-304/2022 saylı, xx.xx.2022-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə üzərinə saat 22:00-dan növbəti gün 07:00-dək yaşadığı ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji adaptoru təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacagı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə probasiya şöbəsinə gələrək mobil nəzarət qurğusunun itirdiyini bildirmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun itirdiyi üçün maddi ziyan vurmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada (SS814952520 saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-304/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə İddiaçınə tapşırılması, Cavabdeh Ərazi Narkoloji Dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşdə olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin gəlib qeydiyyatdan keçməsi barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əsasən qeydiyyatdan keçmək üçün üç gün müddətində İddiaçınə gəlməsi, üzrsüz səbəbdən həmin müddətdə gəlmədiyi təqdirdə barəsində məcburi gətirilmə tətbiq ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İşdə olan “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, müvafiq hökmün icrası ilə əlaqədar böyük icra məmuru Ruslan Axundov Cavabdeh yaşadığı ünvanında olmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra elektron nəzarət vasitəsi məhkumun üzərinə tətbiq olunmuşdur. Məhkuma bir daha elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra məhkuma ATTENTİ Markalı 1 ədəd elektron qolbağ, 1 ədəd mobil qurğu, və 1 ədəd enerji adaptoru təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquai nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslə ilkin fərdi söhbət”dən görünür ki, həmin gün məhkum Cavabdeh İddiaçındə olmuş məhkumun fərdi xüsusiyyətlərini, xarakterini, davranışını, maddi və sağlamlı vəziyyətini, həmçinin məhkəmə hökmünün icra edilməsi üçün əhəmiyyət kəs edən digər məlumatları öyrənmək və bununla məhkəmə tərəfindən məhkumun üzərinə qoyulmuş vəzifələrin onun tərəfındən yerinə yetirilməsini düzgün təşkil etmək, habelə məhkumun islah edilməsinə və sosial adaptasiya ilə bağlı məlumatlar verilmişdir. İşdə olan Cavabdeh xx.xx.2022-ci il tarixli izahat ərizəsindən görünür ki, o izahatında həkimə gedəndə xx.xx.2022-ci il tarixdə saat 17.00-da 512 saylı marşrut ilə gedib düşəndən 10 dəqiqə sonra qurğunun olmadığını gördüyünü qeyd etmişdir. İşdə olan EURODESİGN QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ED-M-N 96-21 saylı məktubdan görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilən mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri, yəni 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik aparatı, 1 ədəd proqram lisenziyası üçün 1930 AZN və 347,40 AZN ƏDV olmaqla ümumilikdə 2277.40 AZN-dir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ehtiyatsızlıqdan ona təhkim edilmiş mobil nəzarət qurğusunun zədələnməsinə və yararsız vəziyyətə düşməsinə səbəb olan hərəkətlərə yol vermiş, nəticədə dövlət büdcəsinə 2277.40 manat məbləğində maddi ziyan dəymişdir. Bu hal iş materiallarında olan sənədlər, o cümlədən cavabdehin xx.xx.2022-ci il tarixli izahat ərizəsi ilə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi QAYDALARİ”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 manat məbləğində zərər tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (M/H:AZ41NABZ********************, VÖEN: **********, KOD:210005, SWİFT: CTREAZ22 Bakı şəhəri, Maliyyə İdarəsi H/H: AZ66CTRE********************, VÖEN **********, Büdcə səviyyəsinin kodu: 1, büdcə təsnifatının kodu: 142330 saylı hesaba) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar