Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-12/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması tələbinə» dair mülki işə 31 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1828.23 manat əsas borc, 316.77 manat faiz borcu olmaqla, ümumilikdə 2145 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2019-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26 oktyabr 2020-dək Cavabdeh1 banka xx.xx.2019-cü il tarixli kredit müqaviləsi üzrə 1828.23 manat əsas borc, 316.77 manat faiz borcu və manat cərimə borcu olmaqla, ümumilikdə 2145 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, Cavabdeh1 rəhmətə gedib. Onun hüquqi varisi müəyyən edilənədək işin icraatı dayandırılmışdı. Mərhumun iki uşağı və həyat yoldaşı var. Mərhum onun bacısının yoldaşıdır. Hazırda onun tələb olunan məbləği ödəməyə onun maddi gücü çatmır. Belə ki, onun başqa banka da borcu var. Access Bankda olan müqavilə üzrə də zamin olmuşdur və həmin müqavilə üzrə hər ay ondan 100 manat tutulur. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 banka 1828.23 manat əsas borc, 316.77 manat faiz borcu olmaqla, ümumilikdə 2145 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 4-MZ-1-0-296-19 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit vermişdir. İşdə xx.xx.2019-cu il tarixli, 4-MZ-1-0-296-19 zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli 4-MZ-1-0-296-19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 3000 manat məbləğində pulu "xxxx" ASC-dən qəbul etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq ünvanlanmışdır. Elektron sistemdən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 4- MZ-1-0-296-19 kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci maddəsinə əsasən, hakim işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.1-ci mаddəsinə əsаsən, iş üzə icrааt həmin Məcəllənin 254.1.1-ci mаddəsində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquqi varisi müəyyən edilənədək dayandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür (58.1). Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir (58.2). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə əsas borclu – Cavabdeh1 ölmüşdür. Hazırda mübahisə edilən hüquq münasibəti, yəni kredit müqaviləsi üzrə borc tələbi isə hüquq varisliyinə yol verir. Bununla əlaqədar Cavabdeh1 adına vərəsəlik işi açılıb-açılmaması, açılıbsa həmin şəxsin vərəsələri haqqında məlumatın məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh1 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 hüquq varisi müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə təmin edilməməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4-MZ-1-0-296-19 kredit müqaviləsi üzrə yaranmış 1828.23 manat əsas borc, 316.77 manat faiz borcu olmaqla, ümumilikdə 2145 manat borc iş üzrə digər cavabdeh zamin Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1828,23 (bir min səkkiz yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manat əsas borc, 316,77 (üç yüz on altı manat yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2145 (iki min yüz qırx beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-12/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-12/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver