Məhkəmə qərarları › İş №2(060)-1201/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1201/2025

06.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1201/2025 06.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-ni (ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) cəlb etməklə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-ci il tarixdə iddiaçıya məxsus **-XR-*** qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilini əzmişdir. Həmin şəxs barəsində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin şəxs iddiaçının avtomobilinə xəsarət yetirsə də, dəymiş zərəri bu günədək ödəməmişdir. Dəymiş zərər barədə iddiaçı qiymətləndirmə şirkətindən rəy almışdır. Cavabdeh şəxs dəymiş zərəri könüllü olaraq ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçıya dəymiş maddi zərər 5430 manat məbləğində pulun, qiymətləndirməyə ödənilən 300 manat və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, lakin tərəflərindən məhkəməyə ərizə təqdim edilərək, bildirimişdir ki, "Nissan Tiida” markalı, 08BH428 dövlət qeydiyyat nişanlı avtomobil yol-hərəkəti qaydalarını pozaraq iddiaçının idarə etdiyi “Mercedes” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ona maddi zərər vurmuşdur. İddiaçı bildirir ki, "Nissan Tiida” markalı, 08BH428 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Bu hal xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolda da öz əksini tapır. İddiaçı özü qeyd etdiyi hallardan məlum olur ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. İddiaçının idarə etdiyi “Mercedes” markalı, 10XR960 dövlət qeydiyyat nişanlı avtomobil Şirkət tərəfindən “avtonəqliyyat vasitələrinin sürücülərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmışdır. Qeyd olunan sığorta növündə sığortaçı sığortaladığı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında yaranma ehtimalı olan mülki məsuliyyətini qanunla müəyyən edilmiş sığorta məbləği miqdarında sığortalayır. Qeyd olunan hadisədə isə iddiaçı zərərvuran yox, zərərçəkən qismində çıxış edir. Yəni, üçüncü bir şəxs qarşısında mülki məsuliyyəti yaranmamışdır. Həmçinin, “İcbari sığortalar haqqında” Qanuna əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə və yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Qanunda nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. İcbari Sığorta Bürsounun məlumat portalı (İSB.AZ) vasitəsilə əldə edilən məlumata əsasən xx.xx.2024-cü il tarixində "Nissan Tiida” markalı, 08BH428 dövlət qeydiyyat nişanlı avtomobilin qüvvədə olan icbari sığorta müqaviləsi olmamışdır. (Məhz bu səbəbdən cavabdeh həm də İXM-in 469.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.) Qanunverici tərəfindən müəyyən edilmiş iki şərtdən biri mövcud olmadığı üçün iddiaçı ona dəymiş zərəri idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan – Şirkətdən tələb edə bilməz. Yuxarıda qeyd edilən hallardan aşkar olur ki, hazırki mübahisə üzrə Şirkətin heç bir öhdəliyi yoxdur.

8. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İşin materiallarında olan Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş № İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun və xx.xx.2024-cü il tarixli, № TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, ** BH *** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” markalı avtonəqliyyat vasitəsini idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3cü maddələri ilə təqsirli bilinmişdir.

10. İş materiallarında olan AD seriyalı 799318 saylı, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** XR *** dövlət qeydiyyat nişanlı, “Mercedes-BENZ C220” markalı avtomobil X1 məxsusdur.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 özünə məxsus olan ** XR *** dövlət qeydiyyat nişanlı, “Mercedes-BENZ C220” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixədək İddiaçı istifadəsinə (idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək) vermişdir.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 özünə məxsus olan ** XR *** dövlət qeydiyyat nişanlı, “Mercedes-BENZ C220” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2026-cı il tarixədək İddiaçı istifadəsinə (idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək) vermişdir.

13. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, NV 10-002/24 saylı hesabatdan görünür ki, kapot-1 ədəd 250 manat, radiator barmaqlığı- 1 ədə 40 manat, kapot açarı-1 ədəd 10 manat, qabaq sağ qanad-1 ədəd 130 manat, qabaq sağ yanlıq-bokovin (yarısı) -1 ədəd 100 manat, qabaq bufer (şarlotta)-1 ədəd 400 manat, qabaq fara (şarlotta)-2 ədəd 170 manat, qabaq lanjeron- 1 ədəd 60 manat, su radiatoru- 1 ədəd 140 manat, kondisioner radiatoruu- 1 ədəd 40 manat, lopus 2 pərli- 1 dəst 70 manat, hidravlik mufta (pərlə birlikdə)-1 dəst 70 manat, hava filterinin qabı-1 dəst 30 manat, su baçoku-1 ədəd 40 manat, lanjeron- 1 ədəd 70 manat, sağ yan güzgü- 1 ədəd 50 manat, qabaq şüşə- 1 ədəd 120 manat, arxa sağ işıq- 1 ədəd 110 manat, arxa bufer- 1 ədəd 180 manat, arxa təkər-1 ədəd 50 manat, arxa ehtiyyat təkərinin yerinin dəmiri-1 ədəd 350 manat, arxa sağ qol- 1 ədəd 120 manat, arxa sağ çaşka-1 ədəd 25 manat, arxa balka-1 ədəd 100 manat, görüləcək təmir-bərpa işləri: dəmirçi işi-1200 manat, rəngsaz işi-150 manat, elektrik işi-80 manat, çilingər işi-100 manat olmaqla, cəmi 5175 manat, nəzərə alınmayan digər xərclər 258,75 manat olmaqla, ümumilikdə 5430 manatdır. Mülki işə əlavə edilmiş qüsur aktı nəzərə alınmaqla yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes” markalı, “C220” modelli avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 5430 manat təşkil edir.

14. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən “Mercedes” markalı, “C220” modelli avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün 300 manat ödənilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən 2(060)- 1201/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardad icra edilmədən geri qaytarılmışdır.

16. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AE 07-016/25 saylı hesabatdan görünür ki, kapot-1 ədəd 300 manat, radiator barmaqlığı- 1 ədəd 50 manat, kapot açarı-1 ədəd 15 manat, qabaq sağ qanad-1 ədəd 150 manat, qabaq sağ yanlıq-bokovin (yarısı) -1 ədəd 100 manat, qabaq bufer (şarlotta)-1 ədəd 450 manat, qabaq fara (şarlotta)-2 ədəd 340 manat, qabaq lanjeron- 1 ədəd 75 manat, su radiatoru- 1 ədəd 150 manat, kondisioner radiatoru- 1 ədəd 50 manat, lopus 2 pərli- 1 dəst 70 manat, hidravlik mufta (pərlə birlikdə)-1 dəst 70 manat, hava filterinin qabı-1 dəst 35 manat, su baçoku-1 ədəd 45 manat, lanjeron- 1 ədəd 85 manat, sağ yan güzgü- 1 ədəd 50 manat, qabaq şüşə- 1 ədəd 120 manat, arxa sağ işıq- 1 ədəd 120 manat, arxa bufer- 1 ədəd 230 manat, arxa təkər-1 ədəd 80 manat, arxa ehtiyyat təkərinin yerinin dəmiri-1 ədəd 400 manat, arxa sağ qol- 1 ədəd 120 manat, arxa sağ çaşka-1 ədəd 35 manat, arxa balka- 1 ədəd 120 manat, görüləcək təmir-bərpa işləri: dəmirçi işi-1200 manat, rəngsaz işi-900 manat, elektrik işi-80 manat, çilingər işi-100 manat olmaqla, cəmi 5540 manat, nəzərə alınmayan digər xərclər 277 manat olmaqla, ümumilikdə 5817 manatdır. Mülki işə əlavə edilmiş qüsur aktı nəzərə alınmaqla yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes” markalı, “C220” modelli, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 5817 manat təşkil edir. Ekspertiza dəyəri 300 manat təşkil edir.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi (icbari sığorta müqaviləsi olmadan) ** BH *** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” markalı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçıya məxsus “Mercedes-Benz” markalı, C220 model, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzini tələb edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

23. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir.

26. Məhkəmə, həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını cavabdeh mübahisələndirdiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmışdır.

27. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, “Mercedes” markalı, “C220” modelli, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 5817 manat müəyyən edilir.

28. İş materiallarından göründüyü kimi ekspert rəyində “Mercedes” markalı, “C220” modelli, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 5817 manat qeyd olunduğu halda, iddia ərizəsində 5430 manat tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, iddia ərizəsində göstərilən məbləğdə, yəni 5430 manat məbləğində pul tutulmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

30. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5430 (beş min dörd yüz otuz) manat məbləğində pul, ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun və qiymətləndirməyə ödənilən 300 (üç yüz) manat məbləğində pulun əvəzi alınaraq İddiaçı verilməlidir.

32. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 5430 (beş min dörd yüz otuz) manat məbləğində pul, ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun və qiymətləndirməyə ödənilən 300 (üç yüz) manat məbləğində pulun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar