Məhkəmə qərarları › İş №2(060)-1203/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1203/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1203/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı «X2» ASC-nin xeyrinə 5000 manat əsas, 676,49 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5676,49 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 77,17 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq sms vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 27,60% olmaqla 5000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 09 dekabr 2024-cü il, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 5000 manat əsas, 676,49 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5676,49 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, borcun cavabdeh tərəfindən götürülməsi ilə bağlı iki sübutları vardır. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən 700 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda cavabdehin borcun götürülməsi ilə bağlı məlumatı olması barədə disk vardır. Onlayn şəkildə limit ayrılması barədə cavabdehin yaxınlarından kimin müraciət etməsi barədə bank məsuliyyət daşımır. Müraciət edilən əlaqə nömrəsi cavabdehə məxsusdur. Bununla bağlı sms bildiriş məhkəməyə təqdim edilmişdir. “Leobank” proqramı şəxsin onlayn fərdi bank hesabıdır. Səs yazısı təsdiq edir ki, fərdi bank hesabı şəxsin istifadəsində olmuşdur. Şəxsin onlayn bank tətbiqi onun birbaşa istifadəsində sayılır və baş vermiş istənilən oğurluğa görə məsuliyyəti özü daşıyır. Cavabdeh bununla bağlı məsuliyyəti özü daşımalıdır. “Leobank” tətbiqində ilk dəfə olunan onlayn müraciətlərdə video-görüntü qeydə alınır. Digər müraciətlərdə videogörüntüyə ehtiyac yoxdur.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, səs yazısı məhkəmə iclasından bir neçə gün əvvəl olmuşdur. Krediti götürən şəxs ödəniş edəcəyini bildirmişdir. Onda kart nömrəsi olmadığı üçün banka kart nömrəsinin əldə edilməsi ilə bağlı müraciət etmişdir. Səs yazıları məhkəməyə müraciət edilməmişdən əvvəlki dövrə aiddir. Borcu öz üzərinə götürməmişdir. Krediti götürən şəxs ödənişləri ona etməli, o isə banka ödəməli idi. Sadəcə kartı əldə edən zaman müqaviləni imzalamışdır. Kredit götürən zaman müqavilə imzalamamışdır. Hətta kartının üçüncü şəxsin əlinə çatması ilə bağlı banka şikayət də ünvanlamışdır. Krediti həyat yoldaşı götürmüşdür. Həyat yoldaşı ilə birlikdə yaşamır. Bankın əməkdaşı ilə əlaqə saxlayan zaman əməkdaş kart hesabını blokladığını, tətbiq üzərindən bloklamalı olduğunu və kartı yararsız vəziyyətə salmağını bildirmişdir. O isə bankın əməkdaşının dediklərini yerinə yetirmişdir. Kredit fevral ayında götürülmüş, bu barədə iyun ayında məlumatı olmuşdur.

5. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirdi ki, kredit verilən zaman “Leobank”ın əməkdaşı əlaqə saxlayaraq kredit müraciəti olduğunu, təsdiqləyib-təsdiqləmədiyimi dəqiqləşdirmişlər. Müraciəti təsdiqləmiş və kredit verilmişdir. Kredit götürmək üçün kart hesabına daxil olduqda şifrəni yazdıqdan sonra hesaba daxil olur. Öz telefonunda yüklənən bank tətbiqinə cavabdehin əlaqə nömrəsin yazdıqda müraciət etmiş və kredit məbləğini götürmüşdür. Bununla bağlı heç bir güvənlilik tədbiri olmamışdır. Tətbiqə cavabdehin nömrəsi ilə daxil olmuşdur. Tətbiqə daxil olduqdan sonra isə nömrəni, gmail adresini, ad soyadı dəyişmişdir. Məhkəmədə bankın iddiasının əsaslı olub-olmaması məsələsinə baxılır. Şəxsin hansı yollarla kredit götürməsi məhkəmənin səlahiyyətində deyildir.

Tədqiq olunan sübutlar:

6. xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən və xx.xx.2024-cü il tarixli sms bildirişdən görünür ki, Cavabdeh «X2» ASC-nin “leobank.az” internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlər və xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə kreditin verilməsinə dair standart şərtlərlə tanış olmuş, elektron formada analoq imza ilə təsdiq etmiş və kredit limiti 5000 manata qədər artırılmışdır.

7. 16.11.2024-cü il tarixli elektron çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli ərizə və xx.xx.2023-cü il tarixli ümumi oferta müqaviləsinə əsasən Cavabdeh AGİD**********1 nömrəli kredit xətti açılmış, ona xx.xx.2027-ci il tarixədək illik 27,6% ödəmək şərti ilə 5000 manat məbləğində kredit xətti açılmışdır.

8. 07.10.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı «X2» ASC tərəfindən cavabdehə müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv olunması təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı «X2» ASC tərəfindən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh AGİD**********1 saylı kredit müqaviləsi üzrə 5000 manat əsas borc, 676,49 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 5676,49 manat borcu vardır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:

- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

13. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

14. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh «X2» ASC-nin “leobank.az” internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlər və xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə kreditin verilməsinə dair standart şərtlərlə tanış olmuş, elektron formada analoq imza ilə təsdiq etmiş və kredit limiti 5000 manata qədər artırılmışdır.

15. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

16. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

17. Məhkəmə iclasında cavabdeh həmin borcun özü tərəfindən deyil, əri tərəfindən götürüldüyünü bildirsə də, kart hesabına dair məlumatlara daxil olmaq üçün zəruri olan şifrəni üçüncü şəxsə, yəni ərinə verməsi və ərinin həmin tətbiqdən istifadə edərək kredit götürməsi onun kredit müqaviləsi üzrə öhdəliyinin icrasından yayınması üçün əsas ola bilməz. Belə ki, qeyd olunan məlumatların gizliliyinin qorunması, başqa şəxsə verilməməsi borcalanın məsuliyyətidir. Borcalanın kart hesabına məxsus məlumatları başqa şəxsə verməsi səbəbindən ona məxsus məlumatlar əsasında başqa şəxs tərəfindən kreditin götürülməsinə görə bank məsuliyyət daşımır.

18. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bank 27,6%-lə cavabdehə kreditə verdiyi pul vəsaitinin ödənilməsini tələb edir. Ödənilməli olan əsas borca münasibətdə faiz məbləği tərəflərin razılaşması ilə müqavilə əsasında müəyyənləşdirilmişdir.

20. 09 dekabr 2024-cü il tarixli maliyyə arayışında cavabdehin 676,49 manat faiz borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş 07 oktyabr 2024-cü il tarixli bildirişdə cavabdehdən 635,69 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir.

21. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.

22. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 635,69 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.

23. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

24. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5000 manat əsas borc, 635,69 manat faiz borcu olmaqla, cəmi 5635 (beş min altı yüz otuz beş) manat, 69 (altmış doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 (yetmiş altı) manat, 35 (otuz beş) qəpik pul vəsaiti tutularaq «X2» ASC-yə ödənilməlidir.

Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 manat əsas borc, 635,69 manat faiz borcu olmaqla, cəmi 5635 (beş min altı yüz otuz beş) manat, 69 (altmış doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 (yetmiş altı) manat, 35 (otuz beş) qəpik pul vəsaiti tutularaq «X2» ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar