Məhkəmə qərarları › İş №2(060)-1204/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1204/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1204/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair ilkin, iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5500 manat əsas, 659.92 manat faiz borcu, 23.31 manat cərimə borcu olmaqla, cəmi 6182.23 manat borcun və həmçinin 82.24 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İlkin iddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, Cavabdeh xx.xx.2023-ci il tarixli ərizə anketi imzalamaqla Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. X2 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə illik 27,60% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 234.01 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" KB ASC-yə 5500 manat əsas, 659.92 manat faiz borcu, 23.31 manat cərimə borcu olmaqla, cəmi 6182.23 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.İddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə aralarında olan müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus olan "xxxx" ASC tərəfindən verilmiş **********321467 nömrəli kredit kartından kredit və öz vəsaiti də daxil olmaqla ümumilikdə 4683.41 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 03:02:26 radələrində mobil tətbiq vasitəsi ilə naməlum şəraitdə silinərək ələ keçirilmişdir. Bu barədə Cavabdeh Sumqayıt ŞPİ-nin 3-cü PB-nə şikayət etmişdir. Faktla əlaqədar olaraq Sumqayıt ŞPİ-nln 3cü PB-də ilkin yoxlama aparılıb toplanmış material 28 mart 2024-cü ildə istintaq aldiyyatı üzrə Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir, xx.xx.2024-cü ildə Sumqayıt şəhər Polis İdarəsində cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Yəni bankın tələb etdiyi pul vəsaitini Cavabdeh götürməyib. Ona görə də həmin pulun ondan tələb olunması əsassızdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. Hesab edirlər ki, tərəflər arasında olan müqavilə ləğv olunmalıdır. 5.İlkin iddiaçı "xxxx" KB ASC məhkəməyə qarşılıqlı iddia tələbinə dair etiraz təqdimat edərək bildirmişdir ki, cavabdeh Rəsulov Aybəniz Şirxan qızı ilkin iddialarına qarşı olaraq müqavilənin ləğv edilməsi tələbinə dair xx.xx.2025-ci il tarixli qarışlıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Bildirirlər ki, müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddia ərizəsinə etiraz edirlər, əsassızdır və 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki: 1. Müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi verilərkən pretenziya proseduruna riayət edilməyib. Tərəf Mülki Məcəllənin tələbinə uyğun olaraq ilk növbədə müqavilənin ləğv edilməsi ilə bağlı Unibank KB ASC-yə pretenziya məktubu göndərməli və MM-nin 423.2-ci maddəsinə uyğun olaraq Unibank KB ASC-nin imtina cavabını (pretenziya məktubda müddət göstərilmədiyi halda bankdan cavab məktubu almasa 30 gün keçdikdən sonra) aldıqdan sonra müqavilənin ləğv edilməsi ilə məhkəməyə müraciət etməlidir. 2. Tərəf öz qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, vəsaitin kibercinayətkarlar tərəfindən oğurlanması ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bir halda ki, tərəf bunu öz qarşlııqlı iddia ərizəsində qeyd etmişdirsə, Bankla cavabdeh arasında bağlanmış sözügedən kredit müqaviləsinin ləğvi üçün heç bir mötəbər əsas yoxdur. Həmin əməlin (vəsaitin oğurlanması) araşdırılması və hüquqi qiymət hazırki iş üzrə mülki işə baxan məhkəmə tərəfindən yox, məhz hüquq mühafizə orqanları tərəfindən həyata keçirilməlidir. Odur ki, qarşılıqıli iddia ərizəsi tam olaraq əsassız olduğundan həmin ərizəyə etiraz edirlər, o cümlədən MPM-nin 259.0.1-ci maddəsinin tələblərinə riayət olunmadan verildiyinə görə qarşılıqlı iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş edirlər.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələblərinə dair izahat verərək bildirdi ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddia tələbini müdafiə edir. Cavabdeh məxsus olan "xxxx" ASC tərəfindən verilmiş kredit kartında olan vəsait onun xəbəri olmadan gecə saatlarında naməlum şəraitdə silinərək ələ keçirilmişdir. Bu barədə Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə şikayət etmişdir. Hesab edir ki, qeyd edilən hal fors majordur. Tərəfinin iradəsindən asılı olmayaraq ona məxsus kartdan pul silinib. İddiaçı tərəfindən tələb edilən pul Aybəniz tərəfindən götürülməyib və istifadə edilməyib. Hesab edir ki, qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Nümayəndə ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə qarşılıqlı iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsindən, sms bildirişdən və ərizədən görünür ki, Cavabdeh "xxxx" KB ASC tərəfindən 35 ay müddətinə illik 27,60% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 234.01 manat kredit xətti açılmışdır.

10. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə 5500 manat əsas, 659.92 manat faiz borcu, 23.31 AZN cərimə borcu olmaqla, cəmi 6183.23 AZN borcu vardır.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.

12. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar ilə HK-1/496 nömrəli araşdırma materialı üzrə cinayət işi başlanmış və icraata qəbul edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İlkin iddiaçı bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Qarşılıqlı iddiaçı ilkin iddia tələbini qəbul etmir və tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

15. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

16. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

17. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2).

19. Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

20. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).

21. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh ilkin iddiaçı "xxxx" KB ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 5500 manat əsas, 659.92 manat faiz borcunun tutulması hissəsində ilkin iddia tələbi təmin edilməlidir.

22. Məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddiaçı ilkin iddiaçı tərəfindən tutulması tələb edilən borcun məbləğini mübahisələndirməmiş, yalnız onun kartından başqa şəxslər tərəfindən cinayət hadisəsi nəticəsində pul çıxarılmasına istinad edərək, ümumilikdə müqavilə üzrə hər hansı məsuliyyət daşımalı olmadığını bildirmişdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Məhkəmə hesab edir ki, ilkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçı müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış, 23.31 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən ilkin iddia həmin hissədə də təmin edilməlidir.

25. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. 26.Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 27.Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. 28.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 29.Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 30.Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini "xxxx" KB ASC tərəfindən verilmiş və ona məxsus kredit kartından çıxarılan pulun onun tərəfindən əldə edilmədiyi, həmin məbləğin naməlum şəraitdə silindiyi, bununla əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü PB-nə verdiyi şikayət ərizəsi əsasında cinayət işinin başlanması və icraata qəbul edilməsi ilə əsaslandırır. 31.Məhkəmə hesab edir ki, qarşlıqlı iddiaçının qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdehin kart hesabına üçüncü şəxslər tərəfindən müdaxilə edilməsi, onun hesabından pul oğurlanması mübahisələndirilən müqavilənin ləğvi üçün əsas ola bilməz.

32. Belə ki, məhkəmə hesab edir ki, kredit kartı və ona dair hesab cavabdehin istifadəsində olduğu müddətdə kartın, o cümlədən hesabda olan pul məbləğinin oğurlanması, itirilməsi və s. riskləri borcalan daşıyır.

33. Bununla bağlı tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.9.2.12-ci bəndində qeyd edilmişdir ki, kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üzrə bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə bu müqavilənin 3.1.13-cü maddəsində göstərilmiş qaydada Bankı, yaxud Banka xidmət göstərən X1 dərhal məlumatlandırmalıdır. Borcalan tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır.

34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. 35.Məhkəmə onu da qeyd edir ki, cinayət hadisəsi məhkəmə hökmü ilə təsdiqini tapdığı və qarşılıqlı iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığı halda, qarşılıqlı iddiaçı Cavabdeh banka ödədiyi məbləği ona vurulmuş ziyan qismində təqsirləndirilən şəxsdən tələb etmək hüququ olacaqdır.

36. Məhkəmə ilkin iddiaçının qarşılıqlı iddianın pretenziya tələbinə riayət edilməməsi səbəbi ilə baxılmamış saxlanılmalı olması barədə dəlilləri ilə razılaşmır.

37. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur.Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Qarşılıqlı iddianın ümumi qaydalar əsasında verilməsi tələbi ilə əlaqədar qeyd olunmalıdır ki, qarşılıqlı iddia ərizəsinin verildiyi zaman ilkin iddia ilə bağlı Mülki Prosessual Məcəllənin 149.2.4, 149.2.4-1, 152.1.6 və 152.1.6-1-ci maddələrində müəyyən edilmiş şərtlərə (pretenziya, mediasiya prosesində iştirak və s.) riayət edilməsinin tələb olunması məhkəməyə qədər nizamlama institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir.

38. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.

39. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ilkin iddia təmin edildiyindən ilkin iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 82.24 manat da qarşılıqlı iddiaçıdan alınmalı və ilkin iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi isə təmin edilmədiyindən qarşılıqlı iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

43. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İlkin iddia ərizəsi təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5500 (beş min beş yüz) manat əsas, 659,92 (altı yüz əlli doqquz manat doxsan iki qəpik) manat faiz borcu, 23,31 (iyirmi üç manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 6182,23 (altı min yüz səksən iki manat iyirmi üç qəpik) manat borc və həmçinin 82,24 (səksən iki manat iyirmi dörd qəpik) manat dövlət rüsumu tutulsun. İddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar