Məhkəmə qərarları › İş №2(060)-1209/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1209/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1209/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi iştirakı. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 8582,70 manat əsas, 5,98 manat faiz borcu olmaqla, cəmi 8588,68 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, NSMK-1021_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% olmaqla, 60 ay müddətinə 8583,10 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin tarixdə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, borcu qəbul edir. Hazırda maddi problemləri olduğundan kreditin ödənilməsini həyata keçirə bilmir. Lakin, əlavə ödəniş cədvəli tərtib edilərsə borcu hissə-hissə ödəyə bilər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 izahatına oxşar izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi Cavabdeh2 xx.xx.1969-cu ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1972-ci ildə anadan olmuş, hazırda Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, SKZ, Yataqxana 2 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NSMK-1021_KMP saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, illik 1%-lə, 8583,10 manat kredit vermişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NSMK- 1021_KMP saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin ödəniş cədvəlinə əsasən cavabdeh 60 ay müddətində ilk 11 ay 7,20 manat, 12-ci aydan etibarən 182,47 manat. sonuncu ay isə 184,61 manat ödəniş etməli idi. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə olan borcu - əsas borc üzrə 8582,70 manat, faiz borcu üzrə 5,98 manat olmaqla, cəmi 8588,68 manat təşkil edir. İşdə olan hesabdan çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh1 hesabına 8583,1 manat köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə xx xxxxxxx 2020-ci il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Eyni zamanda kredit müqaviləsinin 4.1.1.2-ci bəndində göstərilmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməməsi halında bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2020-ci il tarixinə onun banka əsas borc üzrə 8582,70 manat, faiz borcu üzrə 5,98 manat borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımıca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 8582,70 manat, faiz borcu üzrə 5,98 manat olmaqla, cəmi 8588 (səkkiz min beş yüz səksən səkkiz) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar